www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır! Cavab E-maila da göndərilir!

Risalələr
Ayətullah Xameneyi

Təharətin hökmləri

SULARIN HÖKMLƏRİ

Sual:73. Əgər üzü aşağıya təzyiqsiz gələn qəlil suyun aşağı hissəsi nəcasətlə qarışsa, onda onun yuxarı hissəsi pak qalır, ya yox?

Cavab: Əgər qəlil suyun axmasında “su yuxarıdan aşağıya axır” deyilməsi düzgün olarsa, onda onun (aşağısı nəcislə qarışsa) yuxarı hissəsi pakdır.

Sual:74. Nəcis olmuş parçanın axar , yaxud kür suda yuduqdan sonra pak olsun deyə onu sudan çıxarıb sıxmaq vacibdirmi, yoxsa elə suyun içində sıxmaqla da pak olur?

Cavab: Parça və onun kimi şeylərin kür, yaxud axar suda pak edən zaman sıxılması şərt deyildir. Bu işdə (paklamada) parçanın daxilindəki suyun çıxmasına səbəb ola biləcək hər bir əməl, iş kifayətdir, hətta onu şiddətlə hərəkət etdirsə də belə.

Sual:75. Öz-özlüyündə bulaşıq olan su ilə (məsələn, təbii duzluluğunun çoxluğu suyunu bulaşıq edən dənizlər, göllər (məsələn, Urmiyə gölü) kimi, yaxud ondan da çirkli olan sular) qüsl, dəstəmaz almağın hökmü nədir?

Cavab: Təkcə duzların suda olması səbəbi ilə bulaşıqlı olmaq “mütləq su”-yun ona aid edilməsinə mane olmur. Mütləq su üçün şəri meyar bu ünvanın (mütləq su ünvanının) camaat (ürf) arasında ona deyilməsidir.

Sual:76. Suyun kür olmasında onun kür olmasını yəqin etmək vacibdirmi, yoxsa məqsədimizi elə onun kür olmasına qoymaq kifayətdir? (Məsələn, qatarda və s. mövcud olan paltaryuyan yerlərin suyu kimi.)

Cavab: Əgər suyun əvvəlcə kür olması məlum olsa, elə onu kür hesab etmək olar.

Sual:77. Mərhum İmamın (r.ə) risaləsində, 147-ci məsələdə deyilir ki, “müməyyiz uşağın həddi-büluğa çatana kimi pak və nəcis barədə dediyi sözə etina etmək vacib deyildir”. Bu fitvaya əməl etmək çox çətindir. Məsələn, belə çıxır ki, valideyn öz uşağını 15 yaşına çatana kimi ayaq yoluna gedəndən sonra pak etməlidir. Burada şəri vəzifə nədir?

Cavab: Həddi-büluğa yaxınlaşan uşağın sözü etibarlıdır.

Sual:78. Bəzi vaxtlar suya bir maddə qatırlar ki, onu süd rəngli edir. Bu su müzaf sudurmu? Bu su ilə olan dəstəmazın, təharətin hökmü nədir?

Cavab: (Siz dediyiniz su) müzaf su hökmündə deyil.

Sual:79. Kür və axar su ilə olan təharətin (paklamanın) fərqi nədir?

Cavab: Bu barədə onların heç bir fərqi yoxdur.

Sual:80. Əgər duzlu su qaynadılsa, onun buxarından (distillədən) əldə edilən su ilə dəstəmaz almaq səhihdirmi?

Cavab: Buxarlanmış duzlu suyun damcılarından (yığılan) suya mütləq su adı deyilsə, (mütləq suyun hökmü də) ona aid olar.

Sual:81. Nəcis olmuş paltarı çox su ilə yuyanda onu sıxmaq lazımdırmı, yoxsa nəcasət aradan gedəndən sonra suyun nəcis olan yerin üstündən axması kifayətdir?

Cavab: Kəsir suyun daxilində suyun nəcis olan yerin üstündən axması, sonradan isə ondan çıxması (hətta suda hərəkət etdirməklə də olsa) kifayətdir. Sıxmaq isə lazım deyildir.

Sual:82. Nəcis xalça-palazı və s. borulara birləşmiş su krantından gələn su ilə yumaq istədikdə krantın suyu nəcis olan yerə çatan kimi pak olurmu, yoxsa (paltarın) yuyulduğu suyun (ondan) ayrılması vacibdir?

Cavab: Krant suyu ilə paklamada (paltar) yuyulan suyun ondan ayrılması şərt deyildir. Elə nəcasətin eyni (özü) aradan getdikdən sonra və həmçinin nəcasət dəymiş yerin suyu öz yerindən nəql olunduqdan sonra suyun nəcis dəyən yerə çatması ilə (o paltar) pak olar.

Sual:83. Ayağın pak olmasında 15 addım yol getmək şərt sayılır? Bu (15 addım) eyni-nəcasətin təmizlənməsindən sonradırmı, yoxsa elə nəcasət olan halda? Və eyni-nəcasət aradan getdikdən sonra ayaq 15 addım (yol) getməklə pak olurmu?

Cavab: Şərt 15 addım getmək yox, eyni-nəcasətin aradan getməsi miqdarında yerimək kifayətdir. “Yeriməyin”-də ən aşağı həddi budur ki, həmin həddən qabaq nəcasətin aradan getməsi fərz olunsun.

Sual:84. Asfalt və s. döşənmiş küçələr pakedici sayılırmı, belə ki, onun (asfaltın) üstündə getdikdə ayağımızın altı pak olsun?

Cavab: Asfalt, qır kimi şeylərlə döşənmiş yer ayaqların altını, yaxud ayağı qoruyan şeyləri (ayaqqabı kimi) pak etmir.

Sual:85. Günəş (günün nuru, şüası) pakedicilər sırasındadırmı? Əgər pakedicilərdəndirsə, onda onun paketmə şərtləri hansılardır?

Cavab: Bəli yer, həmçinin bir yerdən başqa yerə nəql oluna bilməyən hər şey (bina və ona birləşən şeylər, onun üstündə olan şeylər, taxtalar, qapılar və s.) günəşin saçması (şüalarının birbaşa ona saçması) ilə, həm də nəcasətin eyninin aradan getməsindən sonra pak olur, bu şərtlə ki, günəş onlara saçanda rütubətli (nəm) olsun.

Sual:86. Paklama əsnasında nəcis olmuş paltarın rəngi suyun rəngini dəyişdirir. Bu halda o paltar necə paklanmalıdır?

Cavab: Paltarın rənginin suda yayılması suyun müzaf olmasına gətirib çıxarmazsa, onda o paltar üzərinə suyun tökülməsi ilə pak olar.

Sual:87. Bir nəfər cənabət qüslü almaq üçün suyu qaba tökür. Qüsl əsnasında bədənindən qabın içinə su tökülür. Bu halda qabdakı su paklığında qalırmı? Və o su ilə qüslü tamamlamaqda bir maneə varmı?

Cavab: Əgər bədənin pak yerindən qaba su düşsə, qabdakı su pakdır və bu su ilə qüslü tamamlamaqda heç bir maneə yoxdur.

Sual:88. Nəcis (dəymiş) su ilə hazırlanmış palçıqdan düzələn təndiri pak etmək mümkündürmü?

Cavab: Təndirin (divarlarının) üzü yuyulmaqla pak oluna bilər. Və çörək bişirmək üçün xəmirin yapıldığı təndirin divarının üzünü (zahirini) paklamaq kifayətdir.

Sual:89. Heyvanlardan çıxarılan nəcis piy kimyəvi parçalanmadan sonra (belə ki, bu parçalanmadan sonra yeni xassələrə malik olan maddəyə çevrilir) nəcis olmağında qalırmı, yoxsa onda istihalə hökmü vardır.

Cavab: Nəcis maddələrin, yaxud heyvanların haram şeylərdən alınan maddələrin pak və halal olması üçün, onlar üzərində təkcə onlara təzə xassələr verən kimyəvi əməliyyat aparmaq kifayət deyildir.

Sual:90. Bizim kənddə bir hamam var, tavanı müstəvi şəkildədir. Oradan hamama gedənlərin başlarına su damcıları düşür. Bu su da hamam suyunun buxarlarının soyumasından əmələ gəlir. (Başlara düşən) bu su damcıları pakdırmı? O damcılar düşəndən sonra edilən qüsl səhihdirmi?

Cavab: Hamamın buxarı pak hökmündədir, həmçinin o buxardan əmələ gələn su damcıları da pakdır. O damcıların bədənə düşməsi qüslün düzlüyünə zərər yetirməz, bədənin nəcis olmasına da gətirib çıxarmaz.

Sual:91. İçməli su mədən maddələri ilə, torpaqla və s. qarışdıqda su üçün 0,1 faiz ağırlıq gətirir. Bu, elmi tədqiqatlara əsaslanır. Sutəmizləyici komplekslər məsrəf olunan suların (tərkibini) dəyişir, ondan bu maddələri fiziki, kimyəvi, bioloji əməliyyatlar aparmaqla ayırır, təmizləyir. Belə ki, bu sular bir neçə cəhətdən: fiziki cəhətdən (rəngi, dadı, iyi), kimyəvi cəhətdən (mədən maddələri, duzlar, qarışıqlardan) və səhiyyə (bioloji) cəhətdən (zərərli maddələr, torpaqlar, mikroskopik canlıların yumurtalarından) saflaşdırıldıqdan sonra çaylarda, göllərdə olan suların çoxundan, xüsusilə də işlənmiş sulardan qat-qat yaxşı, təmiz olur. Əgər məsrəf olunan sular nəcis olsa, yuxarıda qeyd etdiyimiz əməliyyatlardan sonra pak olurmu və istihalənin hökmü ona şamil olurmu, yoxsa saflaşdırılmadan sonra da nəcis sayılır?

Cavab: İstihalə təkcə kimyəvi maddələrin, torpağın, duzların və s. (məsrəf olunan sudan) ayrılması (çökdürülməsi) ilə baş vermir; amma əgər saflaşdırma işi distillə yolu ilə (yəni əvvəlcə buxarlandırılıb sonra yenidən suya çevrilməsi ilə) olsa, onda (əvvəlcə nəcis olan su) pak olar. Məlumdur ki, bu hökm məsrəf olunan suyun nəcis olma hallarında cərəyan edir. Heç də məlum deyildir ki, o sular həmişə nəcis olsun.

Sual:92. Bizim məntəqəmizdə meyyiti taxta təxtin üzərində yuyub qüsl verirlər. Meyyitin bədəninin də zahirini nəcis olması ehtimalı var. Bu halda meyyit pak olanda buna uyğun olaraq təxt də pak olurmu? Halbuki, təxtin birinci dəfə tökülən suyun canına çəkməsini bilirik.

Cavab: Təxt meyyitin pak olması ilə pak olur və ayrıca pak etməyə də ehtiyac yoxdur.

Oxunub: 2478

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı