Şəri sual göndər
Ümumi sual göndər
Sual: Mərcəyi-təqlid seçməyin yolları hansılardır?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Bir müctəhidin ictihad dərəcəsinə çatdığı və ən elmli olduğu imtahan etmək, yaxud yəqinliyin hasil olması, hətta bilgiyə və ya yəqinliyə faydalı olan “məşhurluq” vasitəsilə olsa belə, yaxud da iki ədalətli mütəxəssisin şəhadət vermələri yolları ilə dəqiqləşir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Əgər namaz əsnasında mədə yeli (ağız nahiyəsindən) baş verərsə növbəti namaz üçün dəstəmaz almalıyammı?
Cavab: Salam. Ayətullah Vəhid-dəftərxana: Xeyr. Ağız nahiyəsindən çıxan mədə yeli dəstəmazın batil olmasına səbəb olmur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Kişidə sidiyin məxrəcini sudan başqa nə ilə paklamaq olar?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Sidiyin məxrəci sudan başqa bir şeylə paklanmaz.
Allahdan uğurlar diləyirik!
Sual: Səlam Aləykum. Atam məni övladlıqdan çıxatdıqdan sonra atama aid olan şəri hökmlər öz qüvvəsində qalır , yoxsa yox?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli, öz qüvvəsində qalır. Bu problemin həlli üçün əlinizdən gələni etməlisiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən ayağıma məsh çəkəndən sonra qıraqdan kimsə "heç hiss olunmur" desə yenidən almalıyam dəstəmazı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Buna ehtiyac yoxdr. Əsas odur ki, siz özünüz düzgün məsh etdiyinizə əmin olasınız.
Allahdan uğurlar diləyirik!
Sual: Salam.Mənim sag dizim qatlanmır,namaz qılıram amma sag dizim yerə dəymir.Namazım düzgündürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bacardığınız qədər namazı düzgün şəkildə qılırsınızsa maneəsi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mənə "satın alıma toyuqun əti günahdı" deyiblər yeməməyə tövbə etmişəm. Tövbəmi pozmağım icazəlidir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bu cür şeyə tövbə etməyin mənası yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam əleykum. Rükuda və səcdədə belin müəyyən qədər açığ olması namazı batil edirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, lakin çalışın bu halın qarşısını alasınız.
Allahdan uğurlar diləyirik!
Sual: Cənabət qusulundan qabaq dəstnamaz almaq lazımdır və ya vacibdir ?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, buna ehtiyac yoxdur. Bundan əlavə cənabət qüsulu həm də dəstəmazı əvəz edir. Yəni bu qüsuldan sonra dəstəmaz almağa ehtiyac yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Xumsu ehtiyacı olana verə bilərəmmi?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xums vəliyyi-fəqihə (Ali Dini Liderə) çatmalıdır. Lakin öz təqlid etdiyiniz müctehidə də çatdırsanız vəzifənizə əməl etmiş hesab olunursunuz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Tövriya hansı halda halaldı? Zəruri səbəb olmadan tövriya etmək olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Tövriyə yalan hesab olunmadığından zərurət halı olmasa belə icazəlidir. Lakin bu kimi şeylərdə diqqətli olun ki, nə özünüzə, nə də islama qarşı mənfi hisslər yaratmayasınız.
Allahdan uğurlar diləyirik!
Sual: Salam Aleykum. Hansı halda kişi əqdi poza bilər?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Əgər kişi əqddən sonra aşağıda deyiləcək altı eybdən birinin əqd halında qadında olduğunu başa düşsə, o eybə görə əqdi poza bilər.
1. Dəlilik, ara-bir olsa belə.
2. Xora xəstəliyi;
3.Bərəs (alaca) xəstəliyi;
4. Korluq.
5. İflic olmaq, yerdə qalacaq şəkildə olmasa belə.
6. Onun bətnində ət, ya sümüyün olması ki, istər yaxınlıq etməyə və ya hamiləliyə mane olsun, istər olmasın. Əgər əqddən sonra kişi, qadının əqd vaxtı ifza, yəni bövl və heyz, ya heyz və ğait, ya da hər üçünün yolunun bir olduğunu başa düşərsə, əqdi poza bilməsi işkallıdır. Bu halda əqdi pozsalar, ehtiyat-lazıma əsasən gərək təlaq da versin.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Boynumda qəza Namazlarım var gecə Namazi qila bilərəm ya gecə namazı vaxtı qəzalarmı qılmalıyam?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Qıla bilərsiniz, lakin yaxşı olar ki, ilk öncə qəzalarınızı yerinə yetirəsiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Cümə Namazı vacibdirmi?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Cümə namazı "təxyiri" oan vaciblərdəndir. Yəni mükəlləf cümə namazının şərtləri olarsa zöhr namazı ilə cümə namazı arasında seçim etməkdə ixtiyar sahibidir. Cümə namazı zöhra namazını da əvəz edir.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Mən müsəlman ölkəsində yaşayıram. Müsəlmanın evinə qonaq getdiyim zaman ət və ət məhsullarını araşdırmalıyammı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Şəri olaraq buna ehtiyac yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Sevmək məqsədi ilə naməhrəmə baxmaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Şəri çərçivəni qorumaq şərtiylə (naməhrəmin haram üzvlərinə baxmadan və günaha, şəhvətə düşmək qoruxusu olmadan) sevmək və evlənmək qəsdi ilə naməhrəmə baxmağın eybi yoxdur.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Adi günlrdə təharətli olmaq niyyəti ile müstəhəb qusul almaq olar və bu qusulla namaz qılmaq olar?
Cavab: Salam. Ayətullah Makarim-dəftərxana: Qüsul almağın eybi yoxdur, lakin bu növ qüsullardan sonra namaz üçün dəstəmaz alınmalıdır.
Allahdan uğurlar diləyirik!
Sual: Salam. Boynumda cənabət qüsulu var, cümə günü cənabat qüsulu verib sonra cumə qüslu verməliyəm və ya ikisinidə niyyət edib bir qüsul alsam kifayətdir?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: İkisinin niyyətinə 1 qüsul almağınız kifayət edir.
Allahdan uğurlar diləyirik!
Sual: Hansısa bir naməhrəm qadınla sevgili olduqda və evlənəcəyi təqdirdə ələlə tutuşmaq olarmı?
Cavab: Salam. Ayətullah Xamenei-dəftərxana: Xeyr, icazəli deyil. Bu işi yalnız aranızda əqd (kəbin) olduqdan sonra edə bilərsiniz.
Allahdan uğurlar diləyirik!
Sual: Cunub olan şəxs Quranı 7 ayədən artıq oxuya bilməz deyirlər. Bu düzgündürmü?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, yanlışdır. Yalnız vacib səcdəsi olan surələrin (Fussilət, nəcm, ələq, səcdə surələri) vacib səcdə ayələrini oxumaq haram hesab olunur.
Allahdan uğurlar diləyirik!