www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Xameneyi

Təqlidin şərtləri

Sual: 9 Mərceiyyəti öhdəsinə almayan və əməliyyə risaləsi olmayan müctehidə təqlid etmək olarmı?

Cavab: Mükəlləfin təqlid etmək istədiyi müctehidin cameüş-şərait bir müctehid olması (mükəlləf üçün) sübut olunsa, eybi yoxdur.

Sual: 10. Bir fiqhi babda, məsələn; namaz, oruc bablarında ictihad dərəcəsinə çatmış bir şəxsə həmin bablarda təqlid etmək olarmı?

Cavab: Bəzi bablarda ictihada yetişən müctehidlərin fitvaları onların özləri üçün dəlil, höccət ola bilər, amma (həmin bablarda) başqalarının ona təqlid etməsi işkallıdır, hərçənd ki, caiz olması mümkündür.

Sual: 11. Başqa ölkələrin alimlərinə - onların yanına getmək mümkün olmasa da belə - təqlid etmək caizdirmi?

Cavab: Cameüş-şərait müctehidə şəriət məsələlərində təqlid etməkdə müctehidin, mükəlləfin öz vətənindən, yaxud vətənin sakinlərindən olub-olmaması şərt deyildir.

Sual: 12. Müctehiddə və mərceyi-təqliddə şərt hesab olunan ədalət, zəif və şiddətli olmaq cəhətindən imam-camaatlarda şərt hesab olunan ədalətdən fərqlənirmi?

Cavab: Mərceiyyət məqamının həssaslığına, əhəmiyyətinə diqqət yetirməklə mərceyi-təqliddə vacib ehtiyat fitvaya əsasən ədalətdən əlavə, öz tüğyan edən nəfsinə hakim olmaq, dünyaya həris olmamaq da şərt hesab olunmuşdur.

Sual: 13. Zaman və məkanın vəziyyətindən agah olmaq da ictihadın şərtlərindəndirmi?

Cavab: Bunların bəzi məsələlərə dəxalət etməsi mümkündür.

Sual: 14. Həzrəti imam Xomeyninin (r.ə) rəyinə əsasən mərceyi-təqlidin ibadət və müamilə (al-ver) hökmlərinə agah olmasından əlavə, siyasi, iqtisadi, hərbi, ictimai məsələlərin hamısına agah olmasına əsaslanıb o həzrətə təqlid etdikdən sonra, özümüzə (bəzi fazil alimlərin bizə yol göstərməsi, həmçinin özümüzün fikrimizə əsasən) vacib gördük ki, təqlid məsələsində Sizə müraciət edək. Buna əsasən, bu halda biz Mərceiyyəti və rəhbərliyi bir yerə yığmalı oluruq. Bu barədə Sizin rəyiniz nədir?

Cavab: Müctehid olmayan, eləcə də ehtiyata əməl edən şəxslərin təqlid etməli olduğu məsələlərdə mərceyi-təqlidin səlahiyyət şərtləri “Təhrirül-vəsilə” və qeyri kitablarda tam genişliyi ilə qeyd olunmuşdur. Amma şərtlərin aşkar olunması, həmçinin fəqihlər içərisində təqlid üçün səlahiyyətli şəxsin seçilməsi mükəlləfin şəxsən özünə həvalə olunur.

Sual: 15. Təqliddə mərcenin ələm olması şərtdirmi? Həmçinin, ələmiyyətə bais olan səbəblər və meyarlar nədir?

Cavab: Ələm müctehidlə qeyri-ələm müctehidin hər hansı bir məsələdə ixtilafları olsa, ehtiyat o məsələdə ələm müctehidə təqlid etməkdir. Ələmliyin meyarı budur ki, o müctehid Allah-Təalanın hökmlərindən agah olmaqda və ilahi hökmlərin dəlillər əsasında istinbat olunmasında, həmçinin ictihada dəxaləti olan öz zəmanə vəziyyətindən şəri hökmlərin mövzularını müəyyənləşdirməkdə dəxli olan qədər məlumatlı olmaqda və eləcə də şəri vəzifələrin bəyan edilməsi üçün lazım olan fiqhi rəylərin yaradılmasında qalan müctehidlərdən qüdrətli olsun.

Sual: 16. Ələm müctehiddə təqlid üçün lazım olan şərtlərin tam olmaması ehtimalı ilə qeyri-ələm müctehidə təqlid edən şəxsin təqlidinin batil olmasına dair hökm olunurmu?

Cavab: Ehtiyata görə, təkcə ələm müctehiddə mötəbər sayılan şərtlərin cəm olmaması ehtimalı ilə qeyri-ələmə (ixtilaflı məsələdə) təqlid etmək caiz deyildir.

Sual: 17. Əgər bir neçə alimin müəyyən məsələlərdə ələm olmaqları müəyyənləşsə (belə ki, onların hər biri müəyyən bir məsələdə ələmdirlər), bu halda onlara müraciət etmək caizdir, yoxsa yox?

Cavab: Eyni zamanda müxtəlif məsələlərdə bir neçə müctehidə təqlid etmək olar. Hətta əgər onların hər birinin təqlid olunduğu müəyyən məsələdə ələm olması fərz olunsa və həmin məsələdə fitvaları da müxtəlif olsa, onda bu iş ehtiyata görə vacib olar.

Sual: 18. Ələm müctehid ola-ola qeyri-ələmə təqlid etmək olarmı?

Cavab: Fitvası ələm müctehidin fitvası ilə müxalif olmayan məsələlərdə qeyri-ələm müctehidə müraciət etməyin heç bir eybi yoxdur.

Sual: 19. Təqlid olunan şəxsin ələm olması barədə rəyiniz və dəliliniz nədir?

Cavab: Fitva vermək üçün cameüş-şərait fəqihlərin sayı çoxalsa və bir fitvada da müxtəlif rəyi olsa da, onda ehtiyata görə mükəlləflərə vacibdir ki, ələmə təqlid etsinlər. Amma (ələmin) fitvası ehtiyatla müxalif olsa, həmçinin qeyri-ələmin fitvası (ehtiyatla) müvafiq olsa, bu halda qeyri-ələmə təqlid etmək olar. Bunun dəlili “binayi-üqəladır”. Üstəlik, bu halda ağıl bu işin “təyin və təxyir” arasında dövr etməsinə hökm edir.

Sual: 20. Kimə təqlid etməyimiz vacibdir?

Cavab: Mərceiyyət və fitva verməkdə cameüş-şərait olan, həmçinin ehtiyata görə ələm olan müctehidə təqlid etmək vacibdir.

Sual: 21. Mərhum olan müctehidə təqlid etməyə başlamaq olarmı?

Cavab: İbtidai təqliddə ələm və diri müctehidə təqlid etmək ehtiyatı tərk olunmamalıdır.

Sual: 22. İbtidai təqliddə mərhum olan müctehidə təqlid etmək diri müctehidə təqlid etməyə bağlıdır, yoxsa yox?

Cavab: İlk dəfə olaraq mərhum olan müctehidə təqlid etməyin caiz olması, yaxud ölü müctehidə təqlid etməkdə qalmaq diri və ələm müctehidin rəyindən asılıdır.

İCTİHAD VƏ ƏLƏM OLMAĞI İSBAT ETMƏ VƏ FİTVANI ƏLDƏ ETMƏYİN YOLLARI

Sual: 23. Mənə vacibdirmi ki, müəyyən bir müctehidə təqlid etməyin məsləhət olduğunu iki adil şəxsdən öyrəndikdən sonra başqa şəxslərdən də soruşum?

Cavab: Xibrə əhlindən olan iki adil şəxs təqlid üçün müəyyən və cameüş-şərait olan bir müctehidə təqlid etməyin məsləhətli olması barədə şəhadət versə, onda buna etimad etmək olar və bundan sonra başqalarından soruşmaq vacib deyildir.

Sual: 24. Mərceyi-təqlid seçmək, onun fitvalarını əldə etməyin yolları nədir?

Cavab: Mərceyi-təqlidin ictihad dərəcəsinə çatmasını, yaxud ələm olmasını bilmək üçün mövcud olan yollar bunlardır: 1-İmtahan edilməsi yolu ilə; 2-Elm (yəqinlik) hasil olması yolu ilə; 3-Arxayınlıq əldə edilməsi yolu ilə; 4-Bu sahədə mütəxəssis olan iki adil şəxsin verdiyi şəhadət yolu ilə. Mərceyi-təqlidin fitvasını əldə etmək üçün mövcud olan yollar aşağıdakılardır: 1-Onun özündən eşitmək; 2-İki adil şəxsin söyləməsi və hətta əgər bir nəfər adil şəxsin söyləməsi yolu ilə də olsa belə; 3-Sözünə etimad olunacaq bir şəxsin (siqənin) söyləməsi; 4-O müctehidin əməl risaləsinə müraciət etməklə; bu şərtlə ki, o risalə səhv yazılmasın.

Sual: 25. Mərceyi-təqlid seçməkdə vəkil tutmaq düzgündürmü? Məsələn, oğul atası və ya şagird öz müəllimini mərceyi-təqlid seçmək üçün vəkil tuta bilərmi?

Cavab: Əgər vəkil tutmaqda məqsəd cameüş-şərait müctehidin axtarışını ataya, müəllimə, tərbiyəçiyə, yaxud qeyrilərinə tapşırmaq olsa, onda heç bir eybi yoxdur. Bəli, əgər onların bu barədəki nəzərləri elm və xatircəmlik gətirsə və ya şəhadət şərtlərinə malik olsa, onda onlar höccət və mötəbər sayılar.

Sual: 26. Müctehid olan bir neçə alimdən ələm barəsində soruşdum, mənə cavab verdilər ki, filankəs (Allah onun məqamını yüksəltsin) müraciət etmək üçün “mübriüz-zimmə”-dir; yəni, ona müraciət etməklə öz vəzifənizə əməl etmiş olarsınız. Bu halda onların sözlərinə etimad edə bilərəmmi? halbuki onun ələm olmasını bilmirəm, yaxud ələmliyinə ehtimal verirəm, yaxud da başqalarının da əlində ona oxşar aydın dəlillər olduğuna görə, həmin müctehidin ələmliyinə dair xatircəmliyim yoxdur.

Cavab: Əgər cameüş-şərait bir müctehidin ələmliyinə dair şəri dəlil olsa, onda əgər həmin dəlilin ziddinə olan başqa bir dəlil olmasa, şəri cəhətdən höccət sayılır və ona etimad olunmalıdır. Bu halda elm və arxayınçılığın hasil olması və həmçinin bir-biri ilə zidd olan şəhadətlərin axtarılması şərt hesab olunmur.

Sual: 27. İcazəsi olmayan, bəzi vaxtlarda səhvə düçar olan, hökmləri xəta əsasında nəql edən bir şəxsin şəriət hökmlərinə cavab verməyi öhdəsinə alması caizdirmi? O şəxs əməliyyə risaləsindən oxumaqla hökmləri nəql etsə, ona əməl etmək olarmı?

Cavab: Müctehidin fitvasını nəql etməyi və şəriət hökmlərini bəyan etməyi öhdəyə almaqda icazə lazım deyildir; amma bu işdə xətaya və səhvə yol versə, onda bu öhdəçilik caiz deyildir. O kəs məsələni nəql etdikdən sonra səhv etdiyini başa düşsə, onda vacibdir ki, eşidənlərə elan edib, öz səhvini desin. Hər halda eşidən üçün nəql edənin sözlərinə xatircəmlik hasil olmayınca, ona əməl etməyə icazə verilmir.

ÜDUL (TƏQLİDİ DƏYİŞMƏK)

Sual: 28. Meyyitə təqlid etməkdə qalmaq barədə qeyri-ələmdən icazə istəmişdik. Əgər bu barədə ələmin icazəsi şərtdirsə, ələmə üdul edib, həmçinin meyyitə təqliddə qalmaqda ondan icazə almaq vacibdirmi?

Cavab: Əgər bu məsələdə qeyri-ələmin fitvası ələmin fitvası ilə müvafiq olsa, onun sözünü qəbul etməyin eybi yoxdur və bununla belə, ələmə üdul etməyə ehtiyac yoxdur.

Sual: 29. Qarşıya çıxan məsələlərdə ələm müctehidin həmin məsələyə dair dəlillər əsasında düzgün hökm çıxara bilmədiyi təqdirdə ələm müctehiddən başqasına keçmək caizdirmi?

Cavab: Əgər mükəlləf hər hansı məsələdə ehtiyat etmək istəsə, yaxud ehtiyat etmək ona mümkün olmasa, bu halda qeyd olunan məsələ barəsində fitvası olan başqa bir ələm müctehid tapsa, ona üdul edib o məsələdə həmin müctehidə təqlid etməsi vacibdir.

Sual: 30. İmam Xomeyninin (r.ə) fitvalarından birində üdul etməkdə meyyitə təqlid etmək üçün icazə istədiyim müctehidin fitvasına müraciət etməyim vacibdirmi? Yoxsa, başqa müctehidlərə də müraciət edə bilərəm?

Cavab: Üdulda icazə istəməyə ehtiyac yoxdur. Belə isə, təqlidin düzgün olma şərtlərinə malik olan müctehidə üdul etmək olar.

Sual: 31. Ələmdən qeyri-ələmə üdul etmək caizdirmi?

Cavab: Üdul ehtiyatın əksinədir. Üstəlik, ehtiyata əsasən bir məsələdə ələm müctehidin sözü həmin məsələdəki qeyri-ələmin sözü ilə müxalif olsa da belə, üdul caiz deyildir.

Sual: 32. Böyük müctehidlərdən birinin fitvasına əsasən İmama (r.ə) təqlid etməkdə qalmışdım. Sizin istiftaatdakı cavablarınızdan agah olandan, həmçinin (orada) mərhum İmama təqlid etməkdə qala bilməyə dair rəyinizi biləndən sonra ondan üdul etdim, əməllərimdə Sizin fitvalarınıza və İmamın fitvalarına müvafiq olaraq təsərrüf etdim. Mənim bu üdul etməyimdə işkal varmı?

Cavab: Bir diri müctehidə təqlid etməkdən başqa bir diri müctehidə təqlid etməyə üdul etmək caizdir. Əgər mükəlləfin nəzərində ikinci müctehid birincidən ələm olsa, ehtiyata əsasən ikinciyə üdul etməsi - onun fitvası həmin məsələdə birincinin fitvası ilə müxalif olarsa- vacibdir.

Sual: 33. İmam Xomeyninin müqəllidləri olan və onun öz təqlidində qalan şəxs bəzi hallarda (məsələn, Tehran şəhərinin biladi-kəbirə sayılmaması kimi) başqa təqlid mərcələrinə müraciət edə bilər, yoxsa edə bilməz?

Cavab: Bu caizdir, hərçənd İmam rəhmətullahı diri müctehidlərdən ələm bildiyi halda müstəhəb ehtiyat budur ki, İmama təqliddə baqi qalsın. (Başqasına müraciət olunmasın).

Sual: 34. Mən bir cavanam. İmama mükəlləf olmazdan (həddi-büluğa çatmazdan) əvvəl təqlid edirdim. Amma təqlidim aydın şəri dəlil üzündən yox, İmama təqlid etməyin bəriüz-zimmə olduğuna görə idi. Bir müddətdən sonra başqa bir mərceyə təqlid etdim. Amma bu üdul düzgün deyildi. Onun da vəfatından sonra Sizə təqlid etməyə başladım. O mərceyə təqlid etməyimin hökmü nədir? Əməllərimin hökmü, xüsusilə də o müddətdə necədir? Hal-hazırdakı vəzifəm nədir?

Cavab: İmama təqlid etdiyin dövrdəki əməllər həm onun mübarək həyatı dövründə, həm də vəfatından sonra (ona təqlid etməkdə qalmaq şərti ilə) düzdür. Amma başqa müctehidə təqlid əsasında olan əməllərinə gəldikdə isə, əgər əməllərin hal-hazırda sənin təqlid etməyinin vacib olduğu, yaxud əvvəllər vacib olan müctehidin fitvaları ilə müvafiq olsa, bu halda düz və kifayətdir. Əks halda (yəni müvafiq olmasa), o əməlləri yenidən yerinə yetirməyin vacibdir. Hal-hazırda isə sən vəfat etmiş mərceyə təqlid etməkdə qalmaqda, yaxud şəri qayda-qanunlara uyğun olaraq təqlid məsələsində müraciət etməyə səlahiyyətli olan bir müctehidə üdul etməkdə ixtiyar sahibisən.

MEYYİTƏ TƏQLİD ETMƏKDƏ QALMAQ

Sual: 35. Bir nəfər İmam Xomeyninin vəfatından sonra müəyyən bir mərceyə təqlid etmiş, indi isə yenidən İmama təqlid etmək istəyir. Bu caizdirmi?

Cavab: Ehtiyata görə diri, təqlid üçün bütün şərtlərə malik olan bir müctehiddən ölü müctehidə qayıtmaq caiz deyildir. Amma diri müctehid (təqlid üçün) lazım olan şərtlərə malik olmazsa, ona üdul etmək batildir və o hələ də meyyitə təqlid etməkdə qalır. Bu kəs öz təqlidində (meyyitə təqliddə) qalmaqda, yaxud təqlid etmək caiz olan diri bir müctehidə üdul etməkdə ixtiyar sahibidir.

Sual: 36. Mərhum İmamın sağlığında həddi-büluğa çatmış, bəzi höklərdə ona təqlid etmişəm, lakin təqlid məsələsi mənim üçün aydın olmamışdır. İndi mənim vəzifəm nədir?

Cavab: Əgər İmamın sağlığında öz ibadi və qeyri-ibadi əməllərini o həzrətin fitvalarına müvafiq olaraq yerinə yetirmiş və ona təqlid etmisənsə, -hərçənd bəzi məsələlərdə- bütün məsələlərdə ona təqlid etməkdə qalmağın caizdir.

Sual: 37. Ölmüş müctehid ələm olan halda ona təqlid etməkdə qalmağın hökmü nədir?

Cavab: Ölmüş müctehidin təqlidində qalmaq hər bir halda caizdir, vacib deyil. Amma ehtiyat müstəhəb ölmüş ələm müctehidə təqliddə baqi qalmaqdır.

Sual: 38. Ölmüş müctehidə təqlid etməkdə qalmaqda diri ələmdən icazə almaq şərtdir, yoxsa hər hansı müctehidin icazəsi mümkündür?

Cavab: Ölmüş müctehidin təqlidində qalmağın caizlik məsələsində ələmə təqlid etmək vacib deyil və bu da fəqihlərin bu barədə rəy birliyi olan haldadır.

Sual: 39. Bir nəfər mərhum İmama təqlid etmiş, onun vəfatından sonra bəzi məsələlərdə başqa bir müctehidə təqlid etmişdir. Sonra o müctehid də vəfat etmişdir. Bu şəxsin vəzifəsi nədir?

Cavab: O şəxs əvvəldə olduğu kimi həm birinci təqlid etdiyi şəxsin təqlidində qala bilər, həm də ikinci müctehidə üdul etdiyi məsələlərdə öz təqlidində (yəni ikinci müctehidin təqlidində) qalmaq, yaxud diri müctehidə üdul etməkdə ixtiyar sahibidir.

Sual: 40. İmamın vəfatindan sonra onun öz fitvasına əsasən ölü müctehidə təqlid etməkdə qalmağın caiz olmadığını güman etdim. Buna görə də təqlid üçün diri bir müctehid seçdim. Bir daha İmamın təqlidinə qayıda bilərəmmi?

Cavab: Bütün fiqhi məsələlərində diri bir müctehidə üdul etdikdən sonra İmama təqlid etməyə qayıtmağın caiz deyildir. Amma (təqlid etdiyin) diri müctehid ələm meyyitə təqlid etməkdə qalmağın vacib olması barədə fitva vermiş olsa və sən də İmamın diri müctehidlərdən ələm olmasına etiqad bəsləsən, bu halda İmama (r.ə) təqlid etməkdə qalmağın vacibdir.

Sual: 41. Mən bir məsələdə bir dəfə ölü müctehidin, başqa bir dəfə isə diri və ələm müctehidin fitvasına müraciət edə bilərəmmi? Halbuki, bu iki müctehidin bu məsələ barəsində ixtilafları vardır.

Cavab: Meyyitə təqlid etməkdə baqi qalmaq caizdir, amma ölü müctehiddən diriyə üdul etdikdən sonra yenidən ölü müctehidin fitvasına müraciət etmək caiz deyil.

Sual: 42. Mərhum İmamın müqəllidləri, həmçinin onun təqlidində qalmaq istəyənlər üçün diri mərcələrin birindən icazə almaq vacibdirmi, yoxsa bu barədə alimlərin və mərcələrin əksəriyyətinin ölü müctehidin təqlidində qalmağın caiz olmasına dair rəy birlikləri kifayətdir?

Cavab: Müasir alimlərin ölü müctehidin təqlidində qalmağın caiz olması barədəki rəy birliklərinə istinad edərək İmamın təqlidində qalmaq caizdir və bu barədə müəyyən bir müctehidə müraciət etməyə ehtiyac yoxdur.

Sual: 43. Mükəlləfin (müctehidin sağlığında) əməl etdiyi, yaxud etmədiyi məsələdə müctehid öləndən sonra təqlid etməkdə qalmaq barədə Sizin mübarək rəyiniz nədir?

Cavab: Ölmüş müctehidə təqlid etməkdə -bütün məsələlərdə, hətta əməl etmədiyi məsələlərdə- qalmaq caiz və kifayətdir.

Sual: 44. Ölü müctehidə təqlid etməkdə qalmağın caiz olmasına əsasən bu hökm həmin müctehidin sağlığında mükəlləf olmayan (həddi-büluğa çatmayan), amma onun fitvalarına əməl edən şəxslərə də aiddirmi?

Cavab: Onlar müctehidin sağlığında ona təqlid etmişlərsə, (hərçənd həddi-büluğa çatmazdan əvvəl) ölü müctehidin təqlidində qalmalarının eybi yoxdur.

Sual: 45. Bir mərcenin müqəllidlərinin vəzifəsi -başqa bir mərcenin ələm olması aşkar olduqda- nədir?

Cavab: Ehtiyata əsasən, hal-hazırda təqlid olunan mərcenin fitvası ələm mərcə ilə müxalif olan məsələlərdə ələmiyyəti aşkar olan müctehidə təqlid etməlidirlər.

Sual: 46. Hansı hallarda müqəllid öz mərcəsindən dönüb başqasına təqlid edə bilər?

Cavab: Başqa müctehid hal-hazırdakı müctehiddən ələm, yaxud ona bərabər səviyyədə olan surətdə ona üdul etmək olar.

Sual: 47. Ələm mərcenin fitvaları o fitvaların verildiyi dövr ilə uyğun olmasa, yaxud o fitvalara əməl etmək çətin olsa, bu halda qeyri-ələmə üdul etmək olarmı?

Cavab: Təqlid olunması vacib olan ələm müctehidin fitvalarının sırf şəkildə zamanla uyğun gəlməməsi gümanı ilə, yaxud sırf şəkildə onun fitvalarına əməl etməyin çətin olması gümanı ilə başqa müctehidə üdul etmək caiz deyildir.

MÜXTƏLİF MƏSƏLƏLƏR

Sual: 48. “Müqəssir cahil” dedikdə nə nəzərdə tutulur?

Cavab: Müqəssir cahil, öz cəhlini bilən və həmçinin, bu cəhli aradan qaldırmaqda mümkün olan yolları bilən, amma o yolları getməyən adama deyilir.

Sual: 49. “Qasir cahil” kimdir?

Cavab: Qasir cahil ümumiyyətlə öz cəhlindən xəbərdar olmayan, yaxud xəbərdar olub onun aradan qaldırılması yolunu bilməyən şəxsə deyilir.

Sual: 50. Vacib ehtiyat nə deməkdir?

Cavab: Vacib ehtiyat bir işin yerinə yetirilməsi, yaxud tərk olunması ehtiyat üzündən vacib olan əmələ deyilir.

Sual: 51. Fitvalarda gələn “bunda işkal var” kimi ibarələr o işin haram olmasına dəlalət edirmi?

Cavab: Bu ifadə, yəni “işkallı məsələdir” müxtəlif yerlərdə müxtəlif mənalar verir. Məsələn, əgər işkal bir şeyin caiz olub-olmamasındadırsa, əməl mərhələsində nəticə etibarı ilə harama gətirib çıxarır.

Sual: 52 “Bunda işkal var”, “işkal gətirəndir”, “işkaldan kənar deyil”, “bunda işkal yoxdur” kimi ibarələr fitvadır, yoxsa ehtiyat?

Cavab: “İşkalı yoxdur” ibarəsi fitva, yerdə qalanlar isə ehtiyatdır.

Sual: 53. “Caiz olmamaq”-la “haram”-ın arasında nə kimi fərq var?

Cavab: Əməl məqamında heç bir fərqləri yoxdur.


Oxunub: 7859

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı