www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Xameneyi

Mərcəiyyət və vilayət(rəhbərlik)

Sual: 54. İctimai, siyasi, mədəni məsələlərdə müsəlmanların vəliyyi-əmrinin fitvası ilə başqa bir mərcenin fitvası bir-biri ilə düz gəlməzsə, hansı iş vacibdir və müsəlmanların şəri vəzifələri nədir? Belə olan halda, mərceyi-təqlidin çıxardığı hökmlərlə vəliyyi-fəqihin çıxardığı hökmlərin arasında fərq qoya biləcək bir hədd-hüdud varmı? Məsələn, musiqi məsələsində Mərceyi-təqlidin rəyi vəliyyi-fəqihin rəyi ilə müxalif olsa, hansının rəyinə tabe olmaq vacibdir və hansının rəyi kifayətdir? Ümumiyyətlə, vəliyyi-fəqihin hökmünün Mərceyi-təqlidin hökmündən üstün olduğu hökumət əhkamları hansılardır?

Cavab: İslam ölkəsinin idarə olunması və müsəlmanların ümumi işləri ilə əlaqədar olan məsələlərdə müsəlmanların vəliyyi-əmrinin rəyinə (hökmünə) itaət olunmalıdır. hər bir mükəlləf şəxs sırf şəkildə fərdi olan məsələlərdə öz mərcəi-təqlidinə tabe ola bilər.

Sual: 55. Bildiyiniz kimi, “Üsuli fiqh” elmində “Əl-ictihadül-mütəcəzzi” (fiqhin bir qismətində ictihada çatmaq) barədə bəhs olunur. Elə isə İmam Xomeyninin (r.ə) rəhbəriyyəti mərcəiyyətdən ayırması ictihadda təcəzzini sabit edirmi?

Cavab: Rəhbəriyyətin mərcəiyyətdən ayrılmasının ictihadda təcəzzi məsələsi ilə heç bir rabitəsi yoxdur.

Sual: 56. Mərcəi-təqlidlərdən birinin müqəllidi olan halda müsəlmanların vəliyyi-əmri zalım kafirlər əleyhinə müharibə, yaxud cihad elan etsə, mənim təqlid etdiyim mərcə də müharibəyə getmək icazəsi verməsə, bu halda onun rəyinə əməl edim, ya yox?

Cavab: Ümumi işlərdə, o cümlədən İslamı və müsəlmanları təcavüzkarlar, tüğyançılar və kafirlərin əleyhinə olaraq müdafiə etmək kimi işlərdə müsəlmanların vəliyyi-əmrinə itaət etmək vacibdir.

Sual: 57. Vəliyyi-fəqihin hökmü, yaxud fitvası hansı həddə tətbiq oluna bilər və (onun hökmünün) ələm mərcenin rəyi ilə müxalif olduğu halda üstünlük hansına verilir?

Cavab: Vəliyyi-fəqihin hökmünə itaət etmək hamı üçün vacibdir. Onun hökmü ilə müxalif olan Mərceyi-təqlidin hökmünün vəliyyi-əmrin hökmü ilə qarşılaşa bilməsi mümkün deyil.

Sual:58. Vilayəti-fəqihin əslinə və ya hazırkı vəliyyi-fəqihə etiqad bəsləmək əqlidir, yoxsa şəri?

Cavab:Həqiqətən vilayəti-fəqih (yəni adil, dinə arif olan bir fəqih şəxsin (alimin) hökuməti) şəri və təəbbüdi bir hökmdür. Bunu əql də təsdiq edir. Burada onun nümunəsini təyin edən bir əqli yol da var ki, İslam Respublikasının Əsas Qanununda bəyan olunmuşdur.

Sual:59. Vəliyyi-fəqih İslamın və müsəlmanların mənafeyi, məsləhəti tələb edən hallarda şəriət hökmlərinin xilafına hökm verə bilərmi, (və beləliklə də) şəriət hökmləri dəyişdirilə, yaxud icra olunmaya bilərmi?

Cavab:Əlbəttə, yerlər müxtəlifdir.

Sual:60. İnformasiya vasitələrinin İslam hökuməti sayəsində vəliyyi-fəqihin, yaxud dini hövzələrin nəzarəti altında, yaxud da başqa cəhətlərdə olması vacibdirmi?

Cavab:İnformasiya vasitələrinin müsəlmanların vəliyyi-əmrinin hökmü, nəzarəti altında olması vacibdir və bu vasitələr ilahi və fiqhi təlimlərin nəşr olunub yayılması işində müsəlmanlara, İslama xidmət etməyə borcludur, həmçinin islami cəmiyyətlərin ümumi müşküllərini həll etmək üçün istifadə olunur. Xalqın fikrinin inkişaf etdirilməsi və müsəlmanların arasında vəhdət və qardaşlıq ruhiyyəsinin canlandırılması və s. kimi işlərə xidmət edir.

Sual:61. Vəliyyi-fəqihin mütləq hakimiyyətinə etiqadı olmayan şəxs həqiqi müsəlman sayılırmı?

Cavab:Etiqad və ictihad nöqteyi-nəzərindən həzrəti Hüccət ibnil həsən (ərvahüna fidah) qaib olduğu dövrdə vəliyyi-fəqihin mütləq hakimiyyətinə (vilayətinə) etiqad bəsləməmək dindən çıxmağa, mürtəd olmağa səbəb olmaz.

Sual:62. Vəliyyi-fəqihin təkvini vilayəti (hakimiyyəti) vardırmı ki, onun əsasında hər hansı bir səbəb (ümumi mənafe kimi) olduqda din əhkamlarını nəsx (əvəz) edə bilsin?

Cavab:Rəsuli-əkrəmin (s) vəfatından sonra İslam şəriət əhkamlarının nəsx edilməsi (dəyişdirilməsi) mümkün deyil. Amma mövzunun əvəz edilməsi, zərurət və iztirar hallarının qarşıya çıxması, hökmün nüfuzunun vaxtını müəyyən edən bir maneənin irəli gəlməsi isə nəsx deyildir. Təkvini vilayət-buna etiqad bəsləyənlərin rəyinə əsasən- yalnız Məsumlara (ə) aiddir.

Sual:63. Adil vəliyyi-fəqihə həsbiyyə işlərdən qeyrisində etiqad bəsləməyən şəxslərə qarşı vəzifəmiz nədir? Halbuki, onların bəziləri belə bir şayiə yayırlar ki, vilayəti-fəqihin yalnız həsbiyyə işlərdə ixtiyarı vardır.

Cavab:Vilayəti-fəqih cəmiyyətdə ictimai məsələlərin idarə edilməsində hər bir əsrdə, zamanda haqq olan 12 imam məzhəbinin rüknlərindəndir. Vilayəti-fəqihin imamətin əslində əsaslı rolu var və hər kəs buna (vilayəti-fəqihə) etiqad bəsləməmək barədə sübut gətirsə üzrlüdür, amma ixtilaf, təfriqə salması mümkün deyildir.

Sual:64. Vəliyyi-fəqihin əmrlərinin icrası bütün müsəlmanlara vacibdir, yoxsa təkcə onun müqəllidlərinə aiddir? Həmçinin (vəliyyi-fəqihin) mütləq hakimiyyətinə etiqad bəsləməyən müctehidin müqəllidinə vəliyyi-fəqihə itaət etməsi vacibdirmi?

Cavab:Şiə fiqhinə əsasən, bütün müsəlmanların onların vəliyyi-əmri tərəfindən verilən, ona məxsus olan (vilayi) əmrlərə itaət etmələri, onun verdiyi əmrlər, nəhylər qarşısında təslim olmaq - hətta sair fəqihlərə də vacibdir. O ki, qala (o fəqihlərin) müqəllidlərinə!... Vilayəti-fəqihə tabe olmağı İslama, məsum imamların vilayətinə tabe olmaqdan ayrıla biləcəyinə etiqadımız yoxdur.

Sual:65. Rəsuli-əkrəmin (s) dövründə “vilayəti-mütləqə” kəlməsinin mənası bu idi ki: həqiqətən, Rəsuli-əkrəm(s) əgər bir şəxsə hər hansı bir işi əmr etsəydi, hətta ən çətin işlərdə də olsaydı belə, o işin yerinə yetirilməsi həmin şəxsə vacib olardı. Məsələn, əgər Peyğəmbər (s) bir şəxsə, o şəxsin özünü öldürməsini əmr etsəydi, bu işin icrası o şəxsə vacib olardı. Sual budur ki, mütləq vilayət (vilayəti-mütləqə) də elə bu mənanı daşıyırmı? (Nəzərə alaq ki, Peyğəmbər (s) məsum (günahsız) idi, lakin hazırkı əsrdə camaat arasında günahsız adam tapılmaz.)

Cavab:Cameüş-şərait bir fəqih üçün mütləq vilayət dedikdə məqsəd budur ki, səmavi dinlərin sonuncusu olan, qiyamət gününə kimi qalarlı olan hənif İslam dini hökm dinidir, cəmiyyətin işlərini idarəetmə dinidir. Bu halda İslam cəmiyyəti üçün (bu cəmiyyətin bütün təbəqələri ilə belə) hökmən vəliyyi-əmr, hakimi-şər (şəriət hakimi) lazımdır. Həmçinin, ümməti və müsəlmanları düşmənlərdən qorumaq üçün, onların dövlətini qorumaq, onların arasında ədaləti bərqərar etmək, güclünün zəiflərə təcəvüz etməsinin qarşısını almaq üçün, onların mədəni təkamülü, siyasi, ictimai inkişafları, rifahları üçün lazım olan vəsaitləri təmin etmək üçün bir nəfər rəhbər lazımdır. Bu işlər də əməli olaraq nüfuzetmə məqamında bəzi şəxslərin istəkləri, tamahları, mənafeləri, azadlıqları ilə düz gəlmir. Müsəlmanların hakiminə İslam fiqhi əsasında rəhbəriyyətin mühüm işlərini icra edən vaxt vacibdir ki, ehtiyac duyulan vaxt lazım olan icariyyə əməllərini tətbiq etsin. Bu halda onun istəyi, səlahiyyəti (İslamın və müsəlmanların ümumi mənafeyi məsələsi qarşıya çıxanda) ümumxalq istəklərinə hakim olmalıdır. Bu da mütləq vilayətin kiçik işlərindəndir.

Sual:66. Fəqihlərin verdikləri fitvaya əsasən, ölü müctehidə təqlid etməkdə qalmaq diri müctehidin fitvasından asılıdır. Bu halda, vəfat etmiş vəliyyi-fəqihin verdiyi şəri-vilayi hökmlərin və əmrlərin də (nüfuzlu qalsın deyə) diri vəliyyi-fəqihin icazəsinə ehtiyacı varmı? Yoxsa, o əməllər elə-belə öz halına qalır?

Cavab:Müsəlmanların vəliyyi-əmri nahiyəsindən çıxarılan vilayi hökmlər, təyinatlar müəyyən, məhdud zamanla hüdudlanmazsa, öz nüfuzunda qalır. Amma əgər təzə vəliyyi-əmr bu hökmləri pozmaqda bir məsləhət görsə, həmin hökmləri poza bilər.

Sual:67. İran İslam Respublikasında yaşayan bir fəqih mütləq vilayəti fəqihə etiqad bəsləməsə, ona vacibdirmi ki, vəliyyi-fəqihin əmrlərinə itaət etsin? Və əgər o, vəliyyi-fəqihlə müxalifət etsə, fasiq sayılırmı? Və əgər bir fəqih vəliyyi-fəqihin mütləq vilayətinə etiqad bəsləyirsə, lakin özünü bu məqama daha layiq görürsə, bu halda əgər o, vilayət məqamında olan fəqihin əmrləri ilə müxalifət etsə fasiq sayılarmı?

Cavab:Hər bir mükəlləf şəxsə - hətta fəqihə belə- vacibdir ki, vəliyyi-fəqihin hökumətə aid olan əmrlərinə itaət etsin. Heç kəs özünün vilayət məqamına ləyaqətli olduğunu iddia edərək, vilayət işlərində o işlərin öhdədarı olan şəxslə müxalifət etməyə haqqı yoxdur. Bu deyilənlər o haldadır ki, hal-hazırda vilayəti-fəqih kürsüsündə olan şəxs bu məqam üçün nəzərdə tutulan qanuni yolla rəhbəriyyətə seçilmiş olsun. Amma bundan qeyri surətdə iş tamamilə fərqlənir.

Sual:68. İmam Zaman (ə) qaib olan hazırkı əsrdə cameüş-şərait müctehid üçün hüdudların icra olunmasında vilayət (haqqı) varmı?

Cavab:İmamın (ə) qaib olduğu əsrdə də hüdudların icrası vacibdir, bu işə rəhbərlik də yalnız müsəlmanların vəliyyi-əmrinin əli ilədir.

Sual:69. Vilayəti-fəqih məsələsi təqlid olunası bir məsələdir, yoxsa etiqadla əlaqədar olan məsələdir? Və (əgər etiqadi məsələdirsə, onda) ona iman gətirməyən şəxsin hökmü nədir?

Cavab:Vilayəti-fəqih məzhəbin əsillərindən biri olan imamət və vilayət məsələlərindəndir. Amma bu barədə olan hökmlər sair fiqhi hökmlər kimi şəri dəlillərə əsasən çıxarılır. Hər kəsin bu barədə, bu məsələni qəbul etməməyə dair dəlili olsa üzürlüdür.

Sual:70. Bəzi vaxtlar bəzi məsuliyyətli şəxslər tərəfindən “idarə vilayəti” (yəni yüksək məsuliyyətli şəxslərə etiraz etmədən itaət etmək) kimi məsələlər eşidirik. Bu barədə Sizin rəyiniz nədir? Və bizim (bu barədə) şəri vəzifəmiz nədir?

Cavab:İdarə qayda-qanunları əsasında çıxarılan (idari) hökmlərlə (əmrlərlə) müxalifət etmək, onlardan boyun qaçırmaq caiz deyildir. Lakin İslam məfhumları içərisində “idarə vilayəti” adlı bir şey mövcud deyildir.

Sual:71. Hərbi hissələrin məsuliyyətli işçiləri üçün caizdirmi ki, qoşun bölmələrini bəzi özlərinə aid işlərə əmr etsinlər? Belə ki, əgər onların (məsulların) özləri bu işi görmək istəsələr, vaxtları hədərə gedəcək.

Cavab:Bu məsullar üçün və yaxud hər hansı başqa bir şəxs üçün qoşun bölmələrini özlərinin xüsusi işlərini görmək üçün işlətmələri caiz deyildir. Əgər işlətmiş olsalar, onların zəhmət haqlarını verməlidirlər.

Sual:72. Vəliyyi-fəqihin nümayəndələri tərəfindən çıxarılan qərarlara (onun nümayəndəlik çərçivəsində olsa) itaət etmək vacibdirmi?

Cavab:Əgər onun ilzami qərarları vəliyyi-fəqihin tərəfindən olan səlahiyyəti çərçivəsində olarsa, bu halda o qərarlarla müxalifət etmək caiz deyildir.


Oxunub: 4611

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı