Məsələ 448: Haiz olan qadına aşağıda sayılan bir neçə şey haramdır:
1. Namaz kimi dəstəmaz, qüsl və ya təyəmmümlə yerinə yetirilməsi lazım olan ibadətlər; Əgər haiz qadın bu kimi əməlləri səhih əməl qəsdi ilə yerinə yetirsə, caiz deyil. Lakin meyyit namazı kimi dəstəmaz, qüsl və ya təyəmmüm tələb etməyən ibadətləri yerinə yetirsə, eybi yoxdur.
2. Cənabət hökmlərində izah olunan və cünub şəxsə haram olan şeylərin hamısı;
3. Sünnət yerinə qədər daxil olsa məni gəlməsə də belə, qa-baqdan cima etmək həm qadına, həm də kişiyə haramdır. Hətta vacib ehtiyata əsasən sünnət yerindən azını da daxil etməməlidir. Bu hökm arxadan edilən yaxınlığa şamil deyil. Amma kişi ehtiyata əsasən istər arvadı haiz olsun, istərsə olmasın, qadın razı olmadıqda onunla arxadan əlaqədə olmamalıdır.
Məsələ 449: Qadının heyz olduğu qəti olaraq mə`lum olmadığı, amma şər`ən özünü heyzli hesab etməsi lazım olan günlərdə də, onunla cima etmək haramdır. O halda on gündən çox qan görən və sonradan açıqlanacaq göstərişlərə əməl edən qadın gərək öz qohumlarının adət günlərini özünə heyz qərar versin. Əri o günlərdə onunla yaxınlıq edə bilməz.
Məsələ 450: Əgər kişi öz qadını ilə heyz halında yaxınlıq etsə, istiğfar etməsi lazımdır. Yaxşı olmasına baxmayaraq kəffarə vacib deyil.
Məsələ 451: Haiz qadınla yaxınlıqdan başqa, öpüşmək və oynaşmaq kimi sair ləzzətlər almağın eybi yoxdur.
Məsələ 452: Heyz halında ikən qadına təlaq vermək təlaq hökmlərində izah olunacağı kimi, batildir.
Məsələ 453: Qadın heyzli olduğunu və ya heyzdən pak olduğunu söyləyərsə, yalan danışmaqla ittiham edilmirsə, sözü qəbul edilməlidir. Əks təqdirdə, sözünün qəbul edilməsi məhəlli-işkaldır.
Məsələ 454: Əgər qadın namaz əsnasında haiz olsa, namazı batildir. Hətta əgər heyz, axırıncı səcdədən sonra və salamın axırıncı hərfindən qabaq olsa, vacib ehtiyata görə batil olur.
Məsələ 455: Əgər qadın namaz əsnasında haiz olub-olmamasında şəkk edərsə, namazı səhihdir. Amma namazdan sonra, namaz əsnasında haiz olduğunu başa düşərsə, qıldığı namaz batildir.
Məsələ 456: Qadının, heyz qanından pak olduqdan sonra namaz, dəstəmaz və ya qüsllə, yaxud təyəmmüm ilə yerinə yetirilən digər ibadətlər üçün qüsl etməsi vacibdir. Heyz qüslü eynilə cənabət qüslü kimi yerinə yetirilir. Dəstəmaz əvəzinə də kifayət edir. Qüsldən qabaq dəstəmaz da alması daha yaxşıdır.
Məsələ 457: Qadına, heyz qanından pak olduqdan sonra qüsl etməyibsə də, təlaq vermək səhihdir və əri də onunla cima edə bilər. Amma cimanın fərcin yuyulmasından sonra edilməsi lazım-ehtiyata əsasəndir. Habelə qüsl etməzdən qabaq, onunla cima etməkdən çəkinməsi ehtiyat-müstəhəbbdir. Amma məsciddə dayanmaq və Qur`anın yazısına toxunmaq kimi heyzli olduğu zaman təharətin şərt olması səbəbindən ona haram olan şeylər, qüsl etməyincə halal olmaz. Həmçinin vacib ehtiyata görə, məsciddə dayanmaq kimi haramlığı təharətin şərt olduğuna görə haram olması sübuta yetməyən işlər də eyni hökmü daşıyır.
Məsələ 458: Əgər su, dəstəmaz və qüslə kifayət edəcək qədər olmasa, yalnız qüsl edəcək miqdarda olarsa, bu halda qüsl etməlidir. Dəstəmaz əvəzinə də təyəmmüm etməsi daha yaxşıdır, əgər su yalnız dəstəmaza yetəcək miqdarda olsa və qüslə yetəcək miqdarda olmasa, onunla dəstəmaz alması daha yaxşıdır, qüsl əvəzi olaraq, təyəmmüm etməlidir. Əgər onlardan heç birisi üçün suyu olmasa, bu zaman qüsl əvəzinə təyəmmüm etməlidir. Daha yaxşısı odur ki, dəstəmaz əvəzinə də təyəmmüm etsin.
Məsələ 459: Qadının heyzli olduğu zaman qılmadığı namazların qəzası yoxdur. Amma heyzli ikən tutmadığı Ramazan ayının oruclarını qəza etməlidir. Həmçinin lazım-ehtiyata əsasən, nəzir səbəbilə müəyyən vaxtda vacib olub, (amma həmin vaxtda) heyz halında olduğu üçün tutmadığı orucları da qəza etməlidir.
Məsələ 460: Əgər namaz vaxtı daxil olsa və qadın namazını tə`xirə salacağı təqdirdə, heyzli olacağını bilirsə, dərhal namazını qılmalıdır. Həmçinin lazım-ehtiyata əsasən, namazını tə`xirə salacağı təqdirdə, haiz olacağına ehtimal verərsə də, hökm eynidir.
Məsələ 461: Əgər qadın namazını tə`xirə salsa və vaxtın əvvəlindən bütün müqəddimələr ilə birlikdə, o cümlədən dəstəmaz (və ya qüsl) almaq pak libas tədarük görmək və s. ilə namaz qıla biləcəyi qədər vaxt keçdikdən sonra haiz olsa, həmin namazın qəzası ona vacibdir. Hətta əgər vaxt daxil olsa və dəstəmaz, qüsl və ya təyəmmümlə bir namaz qıla bildiyi halda qılmamış olsa, vacib ehtiyata görə, onun qəzasını qılmalıdır, hərçənd sair şəraitləri tədarük görməyə vaxt çatmayıbsa belə. Amma tələsik qılma, yavaş oxuma və digər şeylərdə öz vəziyyətini nəzərə almalıdır, məsələn, səfərdə olmayan bir qadın əgər günorta vaxtının əvvəlində namaz qılmazsa, onun qəzası ancaq günortanın əvvəlindən su ilə dəstəmaz və ya təyəmmüm alıb dörd rük`ət namaz qıla biləcək qədər bir müddət keçdikdən sonra haiz olursa, vacibdir. Müsafir olan qadın üçünsə təharət hasil etdikdən sonra iki rük`ət namaz qıla biləcək qədər müddətin keçməsi kifayətdir.
Məsələ 462: Əgər qadın namazın vaxtının axırında qandan pak olsa, qüsl edib bir rük`ət, yaxud bir rük`ətdən çox namaz qılmağa vaxtı olmuş olsa, o namazı qılmalıdır. Əks təqdirdə, onun qəzasını yerinə yetirməlidir.
Məsələ 463: Əgər haiz qadın paklandıqdan sonra qüsl edəcək qədər vaxtı olmasa, amma təyəmmüm ilə namazı vaxtında qıla bilərsə, vacib ehtiyat odur ki, o namazı təyəmmüm ilə qılsın. Əgər qılmasa qəza etməlidir. Amma əgər vaxtın darlığından başqa, ayrı bir səbəbə görə, vəzifəsi təyəmmüm etmək olsa, məsələn, suyun ona zərəri olsa, təyəmmüm edib, o namazı qılmalıdır. Əgər qılmasa, qəza etməlidir.
Məsələ 464: Heyzli qadın pak olduqdan sonra namaz üçün vaxt qalıb-qalmadığında şəkk edərsə, namazını qılmalıdır.
Məsələ 465: Əgər hədəsdən pak olub bir rük`ət qıla biləcək qədər vaxt qalmadığını zənn edib namaz qılmazsa və sonradan vaxt qalmış olduğunu anlayarsa, o namazın qəzasını qılmalıdır.
Məsələ 466: Heyzli qadının, namaz vaxtında özünü qandan pak edib, pambıq və dəsmalı dəyişdirərək, dəstəmaz alması və əgər dəstəmaz ala bilmirsə, təyəmmüm etməsi və namaz yerində üzü qibləyə oturaraq, zikr, dua və salavat deməyə məşğul olması müstəhəbbdir.
Məsələ 467: Qur`an oxumaq və onu yanında saxlamaq, bədənindən bir yeri Qur`anın yazılarının arasına toxundurmaq, həna qoymaq və bu kimi şeylər bir qrup fəqihin dediyinə əsasən, haiz üçün məkruhdur.
Haiz qadınların qismləri
Məsələ 468: Haiz qadınlar altı qismdir:
1. Adəti-vəqtiyyə və ədədiyyə sahibi olanlar. Belələri iki ay dalbadal müəyyən bir vaxtda heyz qanı görər və onların heyz günlərinin sayı hər iki ayda eyni olar. Məsələn, iki ay dalbadal hər ayın əvvəlindən yeddisinə kimi qan görərlər.
2. Adəti-vəqtiyyə sahibi olanlar. Bunlar iki ay dalbadal müəyyən vaxtda heyz qanı görər, amma onun heyz günlərinin sayı hər iki ayda bir olmaz, məsələn, iki ay dalbadal hər ayın əvvəlində qan görər, amma birinci ayın yeddinci günü və ikinci ayın səkkizinci günü qandan pak olarlar.
3. Adəti-ədədiyyə sahibi olanlar. Bu cür qadınların heyz günlərinin sayı iki ay dalbadal bir sayda olar, amma o iki qanı görməkdə vaxt bir olmaz, məsələn, birinci ayın beşindən onuna qədər və ikinci ayın on ikisindən on yeddisinə qədər qan görərlər.
4. Müztəribə olanlar. Belə qadınlar bir neçə ay qan görər, amma müəyyən bir adət tapmazlar. Onlar adəti pozulmuş və yeni adəti isə tapmamış qadınlardır.
5. Mübtədiə olanlar. Birinci dəfə qan görənlər bu qrupa aiddir.
6. Nasiyə olanlar. Onlar öz adətini yadından çıxaranlardır.
Bunların hər birinin müəyyən hökmü vardır ki, gələcək məsələlərdə deyiləcək.
1. Adəti-vəqtiyyə və ədədiyyə sahibi olanlar
Məsələ 469: Adəti-vəqtiyyə və ədədiyyə sahibi olan qadınlar iki qismdirlər:
1. İki ay dalbadal müəyyən vaxtda heyz qanı görüb, müəyyən vaxtda da qandan kəsilən qadın; məsələn, iki ay dalbadal ayın birinci günündən qan görməyə başlayıb, yeddinci günü də pak olur. Bu qadının heyz adəti ayın birindən yeddisinə qədərdir.
2. Qadın iki ay dalbadal öz müəyyən vaxtında heyz qanı görür və üç gün, yaxud daha çox qan gördükdən sonra bir gün və ya bir neçə gün pak olub yenidən qan görürsə və qan gördüyü günlərlə ortada pak olduğu günlər on gündən artıq olmasa və hər iki ayda qan gördüyü günlərlə ortada pak olduğu günlər eyni sayda olsa onun adəti qan gördüyü qədərdir, qan görüb və ortada pak olduğu günlərin toplusu qədər deyil. Beləliklə gərək qan gördüyü və pak olduğu günlərin sayı hər iki ayda eyni olsun. Məsələn, əgər birinci ayda və həmçinin ikinci ayda ayın birinci günündən üçüncü gününə kimi qan görsə və üç gün pak olsa və ikinci dəfə üç gün qan görsə bu qadının adəti (qan gördüyü) altı gündür. Arada pak olduğu 3 gündə isə, vacib ehtiyata görə, haizə haram olan işləri tərk etməli, müstəhazənin əməllərini də əmələ gətirməlidir. Əgər ikinci ayda qan gördüyü günlərin sayı az və ya çox olarsa, bu qadın ədədiyyə adətinin yox, vəqtiyyə adətinin sahibidir.
Məsələ 470: Adəti-vəqtiyyə sahibi olan qadın (istər adəti-ədədiyyəsi də olsun, istərsə olmasın) əgər adət vaxtında və ya «adətini qabaqlamışdır» deyiləcək şəkildə bir neçə gün vaxtından qabaq qan görərsə o qan heyz nişanələrini daşımasa belə, heyzli qadınlar üçün deyilən hökmlərə əsasən əməl etməlidir. Əgər sonradan heyzli olmadığını başa düşərsə, məsələn; üç gündən qabaq pak olarsa, yerinə yetirmədiyi ibadətlərin qəzasını yerinə yetirməlidir.
Məsələ 471: Vəqtiyyə və ədədiyyə adətinə sahib olan bir qadın, əgər adətindən bir neçə gün qabaq başlayıb, bütün adət günlərində və adət günlərindən bir neçə gün sonraya qədər qan görərsə, bu müddət üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, yalnız öz adət günlərində gördüyü qan heyzdir. Ondan qabaq və sonrakı günlərdə gördüyü qan isə istihazədir. Belə ki, adətindən qabaq və sonrakı günlərdə yerinə yetirmədiyi ibadətləri qəza etməlidir. Əgər bütün adət günləri ilə birlikdə bir neçə gün də adətindən qabaq qan görsə və hamısı üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, yalnız adət günləri heyz nişanələrini daşımasa belə heyzdir. Ondan qabaq gördüyü qanlar isə, heyz nişanələrini daşısa belə istihazədir. Belə ki, əgər o günlərdə ibadətlərini tərk etmişdirsə, onları qəza etməlidir. Əgər bütün adət günləri ilə birlikdə bir neçə gün adətindən sonra qan görsə və hamısı üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Amma əgər on gündən artıq olarsa, adət günləri heyz, qalanı isə istihazədir.
Məsələ 472: Vəqtiyyə və ədədiyyə adətinə sahib olan bir qadın, əgər bir miqdar adəti olan günlərlə birlikdə, bir neçə gün də adət günlərindən qabaq qan görsə və bu müddət üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, adət vaxtında gördüyü günlərlə, qabaqkı günlərdən adətinin sayını tamamlayacaq qədərin heyz, ondan qabaqkı günlərini isə istihazə hesab etməlidir. Əgər adət günlərinin bir miqdarı ilə birlikdə, bir neçə gün adətindən sonra qan görsə və üst-üstə on gündən artıq olmasa, hamısı heyzdir. Əgər on gündən artıq olarsa, adət vaxtında qan gördüyü günlərlə, sonrakı günlərdən adətinin sayını tamamlayacaq qədərini heyz, qalanını isə istihazə hesab etməlidir.
Məsələ 473: Haiz adəti olan bir qadın əgər üç gün və ya daha çox qan gördükdən sonra paklanarsa və yenidən qan görərsə, bu iki qangörmə arasındakı fasilənin on gündən az olmasına baxmayaraq, qan gördüyü günlərlə arada paklandığı günlər üst-üstə on gündən çox olarsa, məsələn, beş gün qan görüb, beş gün paklanarsa və yenidən beş gün qan görərsə, bunun bir neçə şəkli vardır:
1. Birinci dəfə gördüyü qanın hamısı və ya bir miqdarı heyz adət günlərində olsa və paklandıqdan sonra gördüyü ikinci qan adət günlərində olmasa, birinci qanı bütünlüklə heyz və ikinci qanı istihazə hesab etməlidir. Amma əgər ikinci qanda heyz əlamətləri olsa, onda birinci qan görmə günləri ilə ondan sonrakı pak olduğu günlərin məcmusu on gündən artıq olmasa heyzdir, yerdə qalanı isə istihazədir. Məsələn, əgər üç gün qan görüb paklandıqdan sonra beş gün heyz əlamətlərini daşıyan qan görsə, birinci üç gün və ikinci qangörmənin dörd günü heyzdir. Aradakı pakolmada isə vacib ehtiyata görə qeyri-haizin vaciblərini yerinə yetirməli, haizə haram olan şeyləri isə tərk etməlidir.
2. Birinci qanı heyz adəti günlərində olmazsa, amma ikinci qan bütünlüklə və ya bir miqdarı adət günlərində olarsa, bu surətdə ikinci qanın hamısını heyz, birinci qanı istihazə hesab etməlidir.
3. Birinci və ikinci qanın bir miqdarı adət günlərində olsa, bu halda birinci qanın adət günlərində olan miqdarı üç gündən az olmazsa, arada pak olduğu günlər və ikinci qanın adət günlərilə birlikdə on gündən çox olmazsa (adət günlərində olan) hər iki qan heyzdir. Arada pak olduğu günlərdə isə vacib ehtiyat olaraq, həm heyzdən pak olan qadının görməli olduğu işləri yerinə yetirməli, həm də heyzli qadına haram olan işlərdən çəkinməlidir.
İkinci qanın adət günlərindən sonra olan qismi isə istihazədir. Birinci qanının adət günlərindən əvvəl olan qisminə gəlincə, əgər ona «adətini qabaqlamışdır» – deyilirsə, o da heyz hökmünü daşıyır. Lakin bununla birlikdə onun heyzli olmasına hökm vermək, 2-ci qanın adət günlərində olan qisminin bir qədərinin və ya hamısının heyzin on gündən kənar düşməsinə səbəb olsa, bu təqdirdə o istihazə hökmünü daşıyır. Məsələn, qadının adəti ayın üçündən onuna qədər olur, amma bir ay ayın əvvəlindən altısına qədər qan görürsə və sonradan iki gün paklanıb, sonra yenidən on beşinə qədər qan görürsə, ayın əvvəlindən onuna qədər gördüyü qanlar heyz, on birindən on beşinə qədəri isə istihazədir.
4. Birinci və ikinci qandan bir miqdarı adət günlərində olsa amma birinci qanın adət günlərindəki miqdarı üç gündən azdırsa, belə halda ilk qanın adət günlərindəki 3 günü heyz hesab etsin, həmçinin ikinci qandan əvvəlki üç gün, aradakı paklıqla birgə on gündən çox olmayan hissəsini heyz, qalanını isə istihazə qərar verməlidir. Əgər pak olduğu günlər yeddi gün olsa, ikinci dəfə gördüyü qanın hamısı istihazədir.
Bu isə iki şərtlə mümkündür:
1) «O qan adətini qabaqlamışdır» – deyiləcək miqdarda adətdən əvvəl olmalı;
2) Onu heyz sayması ikinci qanın adət günlərində olan miqdarının bir qisminin, heyzin on günündən kənara çıxmasına yol açmamalıdır. Məsələn, qadının adəti ayın üçündən onuna qədərdirsə, amma o, ayın əvvəlindən dördüncü gününün sonuna qədər qan görüb iki gün pak olursa, sonra da ayın on beşinə qədər qan görürsə, ilk qanın hamısı və ikinci qanın onuncu gününün sonuna qədər olanı heyzdir.
Məsələ 474: Vəqtiyyə və ədədiyyə adəti olan qadın, əgər adət vaxtında qan görməsə və ondan başqa vaxtda heyz günlərinin sayında və heyzin nişanələri olan qan görsə, istər adət vaxtından qabaq olsun, istərsə ondan sonra olsun, gərək onu heyz qərar versin.
Məsələ 475: Vəqtiyyə və ədədiyyə adətli qadın, əgər adət vaxtında üç gün, yaxud daha çox qan görsə və onun günlərinin sayı adət günlərinin sayından az, yaxud çox olsa və pak olandan sonra yenidən öz adət günlərinin sayında qan görsə, burada bir neçə surət vardır:
1. O iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olmayır. Bu halda o iki qanın cəmi, birlikdə bir heyz sayılır.
2. O iki qan arasında olan paklıq on gün və ya daha çox olur. Bu zaman o qanların hər biri ayrıca bir heyz sayılar.
3. O iki qan arasındakı paklıq on gündən az olur, amma o iki qanın cəmi, aradakı paklıqla birlikdə on gündən çox olur. Bu halda birinci qan heyz, ikinci isə istihazə sayılır.
Məsələ 476: Vaxt və say cəhətindən adət sahibi olan bir qadın əgər on gündən çox qan görsə, adət günlərində gördüyü qanda heyz nişanələri olmasa belə, o, heyzdir. Adət günlərindən sonra gördüyü qan isə heyzin xüsusiyyətini daşısa belə, istihazədir. Məsələn; heyz adəti ayın əvvəlindən yeddisinə qədər olan qadın əgər ayın əvvəlindən on ikisinə qədər qan görsə, onun ilk yeddi günü heyz, sonrakı beş günü isə istihazədir.
2. Vaxt sarıdan adət sahibi olanlar
Məsələ 477: Vaxt sarıdan adət sahibi olub, adətlərinin başlanğıcı müəyyən olan qadınlar iki qismdir:
1. İki ay dalbadal müəyyən bir vaxtda heyz qanı görüb, bir neçə gün sonra təmizlənən, lakin hər iki ayda qan gördüyü günlərin sayı eyni olmayan qadın; məsələn, iki ay dalbadal ayın birində qan gördüyü halda, birinci ay yeddinci gün, ikinci ay səkkizinci gün qandan pak olarsa, bu qadın ayın birinci gününü, heyz adətinin ilk günü qəbul etməlidir.
2. İki ay dalbadal müəyyən bir vaxtda üç gün və ya daha çox heyz qanı görüb pak olan, sonra ikinci dəfə qan görən və qan gördüyü bütün günlər arada pak olduğu günlərlə birlikdə, on gündən çox olmaması ilə birlikdə, ikinci ayın qanı birinci aydan az və ya çox olan qadın, məsələn; birinci ay səkkiz gün, ikinci ay doqquz gün qan görən qadın, hər iki ayın əvvəlindən qan görsə ayın ilk gününü heyz adətinin birinci günü hesab etməlidir.
Məsələ 478: Vəqtiyyə adətli qadın, əgər öz adəti vaxtında və ya adətindən iki-üç gün qabaq qan görərsə, haiz qadınlar üçün söylənən hökmlərə əsasən əməl etməlidir. Bu məsələnin geniş izahı 470-ci məsələdə zikr edilmişdir. Amma bu iki surətdən başqa, məsələn; «adətini qabaqlamışdır» deyilməyib, «adətindən başqa vaxtda qan görmüşdür» deyiləcək qədər adətindən xeyli qabaq qan görürsə və ya adətinin vaxtı keçdikdən sonra qan görürsə, gördüyü qan heyz nişanələrini daşıyırsa, haiz qadınlar üçün söylənən hökmlərə əsasən əməl etməlidir. Həmçinin heyz nişanələrini daşımadığı halda, o qanın üç gün davam edəcəyini bilirsə də, hökm eynidir. Amma üç gün davam edib-etməyəcəyini bilməsə, vacib-ehtiyata əsasən, həm istihazəli qadına vacib olan əməlləri yerinə yetirməli, həm də heyzli qadına haram olan əməllərdən çəkinməlidir.
Məsələ 479: Adəti-vəqtiyyəsi olan qadın, əgər öz adət vaxtında qan görsə və o qanın miqdarı on gündən çox olsa, onların bə`zisində heyz nişanəsi olub bə`zisində olmasa, heyz əlamətləri olan günlərin sayı on gündən çox, üç gündən az olmasa, onu heyz, qalanını istihazə hesab etməlidir. Əgər bir qan həmin şərtlə yenidən təkrar olsa, məsələn dörd gün heyz nişanələri, dörd gündə də istihazə nişanələri olan qan gəlsə, yenidən dörd gün heyzin nişanəsi, dörd gün də istihazə nişanəsi olan qan gəlsə, fəqət ilk qanı heyz hesab etməlidir, qalanı isə istihazədir, Əgər heyz əlaməti olan qan üç gündən az olsa, onu heyz hesab etməli, onun sayını sonradan gələn iki yolla (qohumlarına müraciət etməklə ya da bir ədəd seçməklə) tə`yin etməlidir. Əgər on gündən artıq olsa, onun bir hissəsini o iki yoldan biri ilə heyz qərar verməlidir. Əgər heyzin miqdarını onun nişanələrinin vasitəsilə tə`yin edə bilməsə, yə`ni onun qanının hamısı bir növ nişanəyə malik olsa, yaxud heyz nişanələrinə malik olan qan on gündən artıq olsa, yaxud da üç gündən az olsa, gərək qohumlarından bə`zisinin adətini özü üçün heyz qərar versin. İstər ata tərəfi olsun, istərsə ana; istər diri olsun, istərsə ölü, amma iki şərtlə:
1. Adət miqdarının öz heyz miqdarı ilə zidd olduğunu bilməsin, məsələn, özü cavan, səhhəti qüvvətli olsa və adətini özü üçün heyz qərar verdiyi qadın isə yaisə yaşına yaxın olsun ki, adətən onun miqdarı az olur. Bu halın əksində də bu cürdür. Bunun mə`nası və hökmü 489-cu məsələdə gələcək.
2. Adət miqdarının birinci şərtdə olduğu kimi digər qohumlarının adət miqdarı ilə fərqi olduğunu bilməsin; Amma fərq hesab olunmayacaq dərəcədə az olsa, eybi yoxdur. Həmçinin adəti-vəqtiyyəsi olan qadın əgər adət vaxtında əsla qan görməsə və bu vaxtdan başqa on gündən artıq olan qan görərsə, heyzin miqdarını da nişanələrindən ayırd edə bilməsə, eyni hökmü daşıyır.
Məsələ 480: Adəti-vəqtiyyə sahibi olan qadın heyzi, öz adət vaxtından kənarda qərar verə bilməz. Demək, əgər onun adətinin başlama vaxtı mə`lum olsa, məsələn, hər ay birinci gündən qan görmüş olsa və gah beşinci gün, gah da altıncı gün pak olsa, belə ki, bir ay da on iki gün qan görsə və heyzin nişanələri ilə onun sayını müəyyən edə bilməsə, gərək ayın birinci günlərini heyz hesab etsin və onun sayında əvvəlki məsələdə deyilənə müraciət etsin. Əgər onun adətinin ortası və ya sonu mə`lum olarsa, on gündən artıq qan gördüyü təqdirdə, heyz sayını, onun ortası ilə sonu adət vaxtına müvafiq olan bir şəkildə qərar verməlidir.
Məsələ 481: Adəti-vəqtiyyəsi olan qadın on gündən artıq qan görərsə və 479-cu məsələdə açıqlanan hökmə əsasən onu müəyyən edə bilməsə, üç gündən on günə qədər heyz miqdarı ilə uyğun gördüyü hər hansı bir miqdarı heyz qəbul etmək xüsusunda ixtiyar sahibidir. Amma əgər özünə münasib görürsə, yeddi günü heyz qəbul etməsi daha yaxşıdır. Əlbəttə, əvvəlki məsələdə deyildiyi kimi, heyz qərar verdiyi günlərinin sayının adət vaxtı ilə uyğun olması labüddür.
3. Adəti-ədədiyyə sahibi olanlar
Məsələ 482: Adəti-ədədiyyəsi olan qadınlar iki qismdir:
1. İki ay dalbadal heyz günlərinin sayının eyni miqdarda olmasına baxmayaraq, qan görmə vaxtı eyni olmayan qadın. Bu qadının qan gördüyü günlər hər nə qədərdirsə, bu onun heyz adəti sayılır. Məsələn; birinci ay, birinci gündən beşinci günə qədər, ikinci ay isə on birinci gündən on beşinci günə qədər qan görürsə, onun adəti beş gün olar.
2. İki ay dalbadal üç gün və ya daha çox qan görüb, bir gün və ya daha çox paklandıqdan sonra, yenidən qan görən, lakin birinci və ikinci ayda qangörmə vaxtı fərqli olan qadın; bu xüsusda əgər qan gördüyü günlərin sayı ilə arada kəsildiyi günlərin sayı, birlikdə on gündən artıq olmasa və qan gördüyü günlərin sayı da eyni olarsa, bütün qan gördüyü günlər heyz adəti olar. Arada pak olduğu günlərdə də ehtiyata əsasən, pak olan qadına vacib olan işləri yerinə yetirməli, haiz olan qadına haram olan işlərdən də çəkinməlidir. Məsələn; birinci ay ayın birinci günündən üçüncü gününə qədər qan görüb iki gün pak olur və yenidən üç gün qan görürsə, ikinci ay da ayın on birindən on üçünə qədər qan görür və iki gün pak olur və yenidən üç gün qan görürsə, onun adəti altı gündür. Amma bir ayda məsələn; səkkiz gün qan görür və ikinci ayda dörd gün qan görüb paklanır, sonra yenidən qan görür və qan gördüyü bütün günlər, arada pak olduğu günlərlə birlikdə səkkiz gün olarsa, bu qadın adəti-ədədiyyə sahibi deyil, hökmü sonra açıqlanacaq müztəribə hesab olunur.
Məsələ 483: Adəti-ədədiyyəsi olan bir qadın, əgər öz adət sayından az və ya çox qan görürsə və müddəti on gündən artıq olmursa, bütün onları heyz qərar verməlidir. Amma əgər öz adətinin sayından çox qan görsə və bu müddət on gündən çox olarsa, gördüyü bütün qanlar eyni şəkildədirsə, qan gördüyü andan e`tibarən adət günlərinin sayını heyz, qalanını isə istihazə hesab etməlidir. Əgər gördüyü bütün qanlar eyni şəkildə olmasa və bir neçə günü heyz nişanələrini, qalanı isə istihazə nişanələrini daşıyırsa, əgər qanın heyz nişanəsi olan günləri adət günlərinin sayı ilə eyni ölçüdədirsə, o günləri heyz, qalanını istihazə hesab etməlidir. Əgər qanın heyz nişanəsi olan günləri onun adət günlərindən artıq olsa, yalnız adət günlərinin qədəri heyz, qalanı isə istihazədir. Əgər qanın heyz nişanəsi olan günləri onun adət günlərindən az olsa, o günləri, üst-üstə hesablandığı zaman adət günlərinin sayının miqdarında olan bir neçə günlə birlikdə heyz, qalanını isə istihazə hesab etməlidir.
4. Müztəribə
Məsələ 484: «Müztəribə» – yə`ni neçə ay qan görmüş, lakin nə vaxt cəhətindən, nə də sayı cəhətindən bir adət tapmamış qadındır. Belə bir qadın, əgər on gündən çox qan görsə və gördüyü bütün qanlar eyni şəkildə olarsa, yə`ni onların hamısı heyz nişanələrini, yaxud istihazə nişanələrini daşıyarsa, ehtiyata əsasən bu qadın öz adət vaxtından kənar qan görüb, nişanədən heyzi istihazədən ayırd edə bilməyən, adəti-vəqtiyyə sahibi olan qadının hökmünü daşıyır. Belə ki, bu qadın öz qohumlarının bə`zisinin adətini özü üçün heyz qərar verməlidir. Bu mümkün olmadığı təqdirdə isə, 479 və 481-ci məsələdə deyildiyi kimi, üç günlə on gün arasında bir neçə günü özü üçün heyz qərar verməlidir.
Məsələ 485: Əgər müztəribə bir neçə günü heyz və bir neçə günü də istihazə nişanələrini daşıyan halda on gündən çox qan görərsə, 479-cu məsələnin əvvəlində deyilən göstərişə əməl etməlidir.
5. Mübtədiə
Məsələ 486: İlk dəfə qan görən qadına «mübtədiə» deyilir. Əgər bu qadın on gündən çox qan görsə və gördüyü bütün qanlar eyni şəkildə olsa, 479-cu məsələdə deyilən iki şərtlə gərək qohumlarından birinin adətini özünə heyz, qalanını isə özü üçün istihazə qərar versin. Əgər bu mümkün olmasa, 481-ci məsələdə izah olunan göstərişə əsasən, üç ilə on gün arasında olan bir neçə günü özünə heyz qərar verməlidir.
Məsələ 487: Əgər mübtədiə olan bir qadın bir neçə günü heyz və digər bir neçə günü istihazə nişanələrini daşıyan on gündən çox qan görərsə, əgər heyz nişanələrini daşıyan qan üç gündən az və on gündən çox olmasa, onun hamısı heyzdir. Amma əgər heyz nişanələrini daşıyan qanın üzərindən on gün keçməmiş, yenidən heyz nişanələrini daşıyan bir qan görərsə, məsələn; beş gün qara qan və doqquz gün sarı qan və yenidən beş gün qara qan görərsə, müztəribədə deyildiyi kimi, birinci qanı heyz, qalan iki qanı da istihazə qərar verməlidir.
Məsələ 488: Mübtədiə, əgər on gündən artıq qan görsə, ondan bir neçə günü heyz nişanəsi və digər neçə günü istihazə nişanəsi olarsa, amma heyz nişanəsi olan qan üç gündən az, yaxud on gündən çox olarsa, gərək 479-cu məsələdə deyilmiş göstərişə əməl etsin.
6. Nasiyə
Məsələ 489: «Nasiyə» – öz adətinin zamanını, ya miqdarını, ya hər ikisini unudan qadına deyilir. Əgər üç gündən az on gündən çox olmayan bir qan görsə hamısı heyzdir. Əgər on gündən artıq olsa, o bir neçə qismdir:
1-Say baxımından, ya vaxt ya da hər ikisində adət sahibi olur və öz adətini bütünlüklə unudur; hətta icmalən olsa belə, vaxt və sayını yadına sala bilməsə, bu qadın yuxarıda deyilən mübtədiə hökmündədir.
2-Vəqtiyyə adəti olsun, istər ədədiyyə də olsun, istər olmasın, amma öz adətinin vaxtından icmal olaraq bir şey xatırlayır. Məsələn bilir ki, filan gün onun adətinin bir hissəsi idi, yaxud onun adət dövrü ayın birinci yarısında olurdu. Belə qadının hökmü mübtədiə kimidir. Amma heyzin elə bir vaxta qərar verməməlidir ki, dəqiq şəkildə adətinin əksinə olsun. Məsələn, ayın 17-si onun adətinin bir günü olduğunu, ya onun adəti ayın ikinci yarısında olduğunu bilsə, indi isə ayın əvvəlindən 20-ə qədər qan görsə öz adətini ayın ilk on günündə qərar verə bilməz. Hətta əgər heyzin nişanələrini, ikinci on günlük isə istihazənin nişanələrini daşısa belə.
3-Ədədiyyə adət sahibi olub adətinin miqdarını unutmuş olsun; bu qadın da mübtədiə hökmündədir, amma heyz qərar verdiyi miqdar, heyzin sayı ondan az olduğunu bildiyi bir miqdardan az qərar verə bilməz. Həmçinin adətinin sayının ondan artıq olmadığı miqdardan artıq da qərar verə bilməz.
Bu məsələyə naqis (əskik) ədədiyyə adətində də riayət etmək lazımdır. Yə`ni adət sayı üç gündən artıq və on gündən az olmaq arasında dəyişən bir qadın, habelə hər ay ya altı gün, ya yeddi gün qan görən bir qadın on gündən artıq qan gördüyü zaman, heyz xüsusiyyətlərini və ya qohumlarından bə`zisinin adətini əsas götürərək, ya da bir sayı seçərək, bu iki saydan az bir miqdarı və ya çox miqdarı heyz qəbul edə bilməz.
Heyzin müxtəlif məsələləri.
Məsələ 490: Mübtədiə, müztəribə, nasiyə və adəti-ədədiyyəsi olan qadınlar, əgər heyzin nişanələri olan bir qan görsələr, ya yəqin etsələr ki, üç gün çəkəcək, gərək ibadəti tərk etsinlər. əgər sonradan heyz olmadığını başa düşsələr, gərək yerinə yetirilməmiş ibadətləri qəza etsinlər.
Məsələ 491: Heyzdə adət sahibi olan qadın, istər bu adət heyzin vaxtında olsun, istərsə heyzin sayında və ya həm vaxt, həm də say baxımından adət sahibi olsun, əgər iki ay dalbadal öz adətinin əksinə olaraq, vaxt və ya günlərin sayı, ya da həm vaxtı, həm də sayı eyni olan bir qan görərsə, onun adəti bu iki ayda gördüyünə qayıdır. Məsələn; əgər ayın birindən yeddisinə qədər qan görüb paklanırdısa, əgər iki ayın onundan on yeddisinə qədər qan görür və paklanırsa, onun adəti ayın onundan on yeddisinə qədər olur.
Məsələ 492: Bir aydan məqsəd, adəti vəqtiyyənin tə`yin olunduğu haldan başqa qan görmənin əvvəlindən otuz gün keçməsidir, ayın əvvəlindən axırına qədərki müddət deyil. Amma vəqtiyyə adətin tə`yin olunduğu hal isə şəmsi deyil, qəməri, ayıdır.
Məsələ 493: Adətən ayda bir dəfə qan görən qadın, əgər bir ayda iki dəfə qan görərsə və onların biri heyz nişanələrini daşımasa da, arada pak olduğu günlərin sayı on gündən az olmasa, hər ikisini də heyz hesab etməlidir.
Məsələ 494: Əgər heyzi, qanın xüsusiyyətlərindəki fərqə görə ayırd edən qadın üç gün və daha artıq bir müddətdə, heyz xüsusiyyətlərini daşıyan qan görsə, bundan sonra on gün və ya daha çox istihazə xüsusiyyətlərini daşıyan qan görsə, ikinci dəfə üç gün heyz xüsusiyyətlərini daşıyan qan görsə, heyz xüsusiyyətlərini daşıyan əvvəlki və sonrakı qanı heyz saymalıdır. Əgər iki qandan biri adət günlərində olsa, aradakı on günün də hamısının istihazə olması, yaxud bir qisminin heyz olması mə`lum olmasa, bu halda adət günlərində gördüyü qan heyz, qalanları istihazədir.
Məsələ 495: Əgər qadın on gündən qabaq paklanıb və batində qan qalmadığını bilərsə, on gün tamamlanmazdan qabaq yenidən qan görəcəyini zənn etsə belə, ibadətləri üçün qüsl etməlidir. Əgər on gün tamamlanmazdan qabaq təkrar qan görəcəyinə əmin olsa, əvvəldə deyildiyi kimi, ehtiyata əsasən qüsl edib, ibadətlərini yerinə yetirməli, heyzliyə haram olan şeyləri də tərk etməlidir.
Məsələ 496: Əgər qadın on gün tamam olmamış paklanıb içəridə qan olduğuna ehtimal verərsə, ya ibadətlərin ehtiyatən əncam verməli, ya istibra etməlidir. İstibra etmədən ibadətləri tərk etməsi caiz deyil. İstibra bundan ibarətdir ki, fərcinə bir az pambıq daxil edib, bir müddət gözlədikdən sonra çıxarmalıdır (əlbəttə, qadınlar arasında adət sayılan heyz zamanı pak olduqları müxtəsər miqdardan çox gözləməlidir). Pambıq pakdırsa, qüsl etməli və ibadətlərini yerinə yetirməlidir. Əgər pak deyilsə, pambığa sarı rəngli su belə bulaşmış olsa, əgər heyz də adəti yoxdursa və ya adəti on gündürsə, ya da adət günləri hələ tamam olmamışdırsa, gözləməlidir. Əgər on gündən əvvəl paklanarsa qüsl etməlidir. Müddət on günə çatmış və ya qanı on gün həddini keçmişsə, onuncu günün tamamında qüsl etməlidir. Amma əgər adəti on gündən azdırsa, on gün tamamlanandan və ya onuncu günün başında paklanacağını bilirsə, qüsl etməməlidir.
Məsələ 497: Əgər qadın bir neçə günü heyz sayıb, ibadət etməzsə və sonradan o zaman heyz olmadığını başa düşərsə, o günlərdə yerinə yetirmədiyi namaz və orucları qəza etməlidir. Əgər bir neçə günü də «heyz deyil» – zənniylə ibadət edib sonradan o zaman heyz olduğunu başa düşərsə, o günlərdə vacib oruc da tutmuşdursa, onları qəza etməlidir.
NİFAS
Məsələ 498: Uşağın ilk cüz`ü (hissəsi) anasının qarnından çıxmağa başladığı andan e`tibarən qadının gördüyü qan on gündən qabaq və ya onuncu günün əvvəlində kəsilirsə, nifas qanıdır bu şərtlə ki, ona «doğuş» deyilə bilsin. Nifas halında olan qadınlara nüfəsa deyilir.
Məsələ 499: Uşağın birinci cüz`ü bayıra çıxmamışdan qabaq qadının gördüyü qan nifas deyil.
Məsələ 500: Uşağın xilqətinin tamamlanmış olması lazım deyildir. Natamam doğulan uşaq bağlı (laxta) qan surətində olan ələqə, ya ət parçası şəklində olan müzğə halətindən keçmiş olsa və düşsə, qadının on günə qədər gördüyü qan, nifas qanıdır.
Məsələ 501: Nifas qanının bir andan çox gəlməməsi mümkündür, amma 10 gündən çox olsa nifas hesab olunmur.
Məsələ 502: Əgər qadın özündən bir şey düşüb-düşmədiyində şəkk etsə, yaxud düşən şeyin uşaq olub-olmadığında şəkk etsə, araşdırmağı lazım deyil və ondan xaric olan qan şər`ən nifas qanı deyil.
Məsələ 503: Haizə vacib olan işlər nüfəsaya da vacibdir. Vacib ehtiyata görə, məsciddə dayanmaq, digər qapıdan çıxmaq olmadan daxil olmaq iki məsciddən (Məscidül-həram və Peyğəmbər (s) məscidindən) keçmək, vacib səcdəsi olan ayələri oxumaq, Qur`anın yazısına və Allahın adına toxunmaq nüfəsaya haramdır.
Məsələ 504: Nifas halında olan qadına təlaq vermək və onunla yaxınlıq etmək haramdır. Amma əgər əri onunla yaxınlıq etsə, kəffarəsi yoxdur.
Məsələ 505: Ədədiyyə adəti olmayan qadının qanı on gündən keçməsə, onun hamısı nifasdır. Əgər on gündən əvvəl pak olsa, gərək qüsl etsin və öz ibadətlərini yerinə yetirsin. Əgər sonra bir dəfə, yaxud çox qan görsə, belə ki, qan gördüyü günlərlə arada pak olduğu günlər üst-üstə on gün və ya on gündən az olsa, gördüyü qanların hamısı nifasdır və pak olduğu günlərdə gərək ehtiyatən pak qadına vacib olan işləri yerinə yetirsin, nüfəsaya haram olan işləri tərk etsin. Buna görə oruc tutmuşdursa, qəza etməsi gərəkdir. Əgər sonda gördüyü qan on günü keçərsə, o qanın on gün ərzində gördüyü qismini nifas, on gündən sonrasını da istihazə qəbul etməlidir.
Məsələ 506: Ədədiyyə adəti olan qadının (doğuşdan sonra) gördüyü qan, adət günlərindən artıq olsa, on gündən keçməsə də vacib ehtiyata görə, adət günlərindən sonrakı günlərdə nüfəsaya haram olan işləri, tərk edib müstəhazəyə vacib olanları əmələ gətirsin. Əgər bir dəfədən artıq qan görsə, və onların arasında pak olsa, adət günləri qədərini nifas qərar versin, ehtiyat olaraq aradakı pak olduğu günlərdə və adətindən artıq qan gördüyü günlərdə nüfəsaya haram olanları tərk edib vacib olanları əmələ gətirsin.
Məsələ 507: Nifas qanından pak olan qadın, əgər içəridə qan olduğuna ehtimal verərsə, ya ehtiyat olaraq qüsl etməli, və ibadətləri yerinə yetirməli, ya da istibra etməlidir. İbadətlərini istibra olmadan tərk etməsi caiz deyil. İstibranın qaydası 496-cı məsələdə qeyd olunub.
Məsələ 508: Əgər qadının nifas qanı on günü keçsə, heyzdə ədədiyyə adəti vardırsa, onun adət günləri qədəri nifas, qalanı istihazədir. Əgər adəti yoxdursa, on günə kimi nifas və qalanı istihazə olar. Əgər öz adətini unutmuş olsa, adətin ehtimal verdiyi ən yüksək ədədi fərz etməlidir. Müstəhəbb ehtiyat odur ki, adəti olan qadın adətindən sonrakı gündən və adəti olmayan qadın 10-cu gündən e`tibarən doğumun on səkkizinci gününə kimi istihazənin işlərini yerinə yetirsin və nüfəsaya haram olan işləri tərk etsin.
Məsələ 509: Heyzdə ədədiyyə adəti olan qadın, doğumdan sonra bir aya qədər və ya daha artıq dalbadal qan görərsə, onun adət günləri qədəri nifasdır. Nifasdan sonra gələn on gün boyunca gördüyü qan, adəti vəqtiyyə sahibi olsa belə və aylıq adət günlərində olsa belə, istihazədir. Məsələn; heyz adəti hər ayın iyirmisindən iyirmi yeddisinə qədər olan qadın, əgər ayın onunda doğarsa və bir ay və ya daha artıq dalbadal qan görərsə, ayın on yeddisinə qədər nifas və on yeddinci gündən e`tibarən on gün, hətta öz adət günləri olan ayın iyirmisindən iyirmi yeddisinə qədər gördüyü qan istihazədir. On gün keçdikdən sonra gördüyü qan isə, adəti vəqtiyyə sahibi olsa və gördüyü qan adət günlərində olmasa, gözləməsi bir ay ya daha çox belə çəksə və bu müdət ərzində qan heyz nişanələrini daşısa belə, adət günlərini gözləməlidir. Amma əgər qadın adəti-vəqtiyyə sahibi olmasa, mümkün olduğu təqdirdə, heyzini onun nişanələri ilə tə`yin etməlidir (bunun qaydası 479-cu məsələdə qeyd olundu). Əgər bu mümkün olmasa, məsələn; nifasdan on gün sonra gördüyü qanların hamısı eyni şəkildə olsa və bir ay və ya bir neçə ay eyni halda davam edərsə, hər ay öz qohumlarından bə`zisinin heyz adətini (479-cu məsələdə deyilən əsasda) özünə heyz qəbul etməlidir. Əgər bu mümkün deyilsə, özünə münasib bildiyi sayı heyz olaraq seçməlidir. Bu məsələlərin geniş açıqlanması 481-ci məsələdə izah olunmuşdur.
Məsələ 510: Heyzdə adəti-ədədiyyəsi olmayan bir qadın, əgər doğumdan sonra bir ay və ya daha çox dalbadal qan görərsə, onun ilk on günü nifas, ikinci on günü isə istihazədir. Ondan sonra gördüyü qana gəlincə, heyz olması mümkün olduğu kimi, istihazə də ola bilər. Heyzi tə`yin etmək üçün əvvəlki məsələdə açıqlanan göstərişə əsasən əməl edilməlidir.
Məssi meyyit qüslü
Məsələ 511: Bir şəxs ölmüş bir insanın soyumuş və qüsl edilməmiş bədəninə məss edərsə, yə`ni bədəninin bir yerini ona toxundurarsa, istər yuxuda olsun, istərsə ayıqlıqda, istər ixtiyari olsun, istərsə qeyri-ixtiyari, hətta əgər onun dırnaq və ya sümüyünün bir yeri meyyitin dırnaq və ya sümüyünə toxunarsa, məssi-meyyit (meyyitə toxunmaq) qüslü etməlidir. Amma ölmüş bir heyvana toxunarsa, qüsl etməsi vacib deyildir.
Məsələ 512: Bədəni tam soyumamış olan bir meyyitin soyumuş olan bir yerinə toxunularsa, qüsl vacib olmaz.
Məsələ 513: Əgər öz tükünü meyyitin bədəninə toxundursa, yaxud öz bədənini meyyitin tükünə və ya tükünü meyyitin tükünə toxundursa, qüsl vacib deyildir.
Məsələ 514: Uşaq ölü şəkildə dünyaya gəlsə vacib ehtiyata görə onun anası gərək məssi-meyyit qüslü etsin. Anası öldükdən sonra dünyaya gələn uşaq, baliğ olduqdan sonra vacib ehtiyata görə məssi-meyyit qüslü etməlidir.
Məsələ 515: Əgər bir adam, üç qüslü tamamilə verilmiş meyyitə məss etsə, ona qüsl vacib deyil, amma əgər üçüncü qüsl tamam olmamışdan qabaq bədəninin bir yerini məss etsə, o yerdə üçüncü qüsl tamam olmuş olsa da, gərək məss-meyyit qüslü etsin.
Məsələ 516: Əgər dəli və ya yetkin (baliğ) olmayan uşaq meyyitə toxunsa, o dəli ağıllandıqdan sonra və uşaq yetkin olandan sonra, gərək məss-meyyit qüslü etsin. Əgər müməyyiz olsa, qüslü səhihdir.
Məsələ 517: Əgər diri bədəndən, yaxud qüslü verilməmiş ölü bədəndən bir hissə ayrılsa, ayrılmış hissəyə qüsl verilməmişdən qabaq, insan ona toxunsa, məss-meyyit qüslü lazım deyil. Əgər o hissədə sümük olmuş olsa da hökm eynidir. Amma bir kəsin bədəni tikə-tikə olsa, bir adam onların hamısı-a, yaxud əksər hissəsini məss etsə, qüsl vacibdir.
Məsələ 518: Qüslü verilməmiş bir sümüyə toxunmaq, üçün istər ölüdən ayrılmış olsun, istərsə də canlı insandan, qüsl vacib olmaz. Ölü və ya diri insandan ayrılan dişə toxunmaq da eyni hökmü daşıyır.
Məsələ 519: Məss-meyyit qüslü eynilə cənabət qüslü kimi yerinə yetirilir və dəstəmaz əvəzindən kifayət edir. (Yə`ni bu qüslü etdikdən sonra namaz qılmaq istəyən şəxsin dəstəmaz almaya bilər).
Məsələ 520: Əgər bir neçə meyyitə toxunsa, yaxud bir meyyitə neçə dəfə məss etsə, bir qüsl kifayətdir.
Məsələ 521: Meyyitə toxunduqdan sonra qüsl etməyən şəxsin məsciddə dayanması, qadınla yaxınlıq etməsi və səcdəsi vacib olan ayələri oxumasının eybi yoxdur. Amma namaz və bu kimi əməllər üçün qüsl etməlidir.
dəfə
.