Məsələ 574: Qüsldən sonra meyyitin hənut olunması vacibdir; yə`ni alnına, əllərinin içinə, dizlərinə və ayaq baş barmaqlarının ucuna, bir qədər onların üzərində qalacaq şəkildə, sürtməklə olmasa belə, kafur vurulmalıdır. Meyyitin burnunun ucuna da kafur sürtmək müstəhəbbdir. Kafurun təzə, mubah (qəsbi olmayan) və əzilmiş olması gərəkdir. Əgər köhnə olduğuna görə qoxusu aradan getmiş olsa, kifayət deyildir.
Məsələ 575: Ehtiyat müstəhəbb odur ki, kafuru əvvəlcə meyyitin alnına sürtsünlər, amma başqa yerlərdə tərtib şərt deyildir.
Məsələ 576: Daha yaxşı odur ki, meyyiti kəfənə bükməzdən əvvəl hənut etsinlər. Əgər, kəfənə bükən vaxtda və ondan sonra da olsa, maneəsi yoxdur.
Məsələ 577: Həcc və ya ümrə üçün ehram bağlayan şəxs ölərsə, onu hənut etmək caiz deyildir. 542-ci məsələdə izah olunan hallar istisnadır.
Məsələ 578: Əri ölən və iddəsi (vəfat iddəsi) tamam olmayan qadının özünü ətirləməsi haram olsa da, öldüyü zaman onun hənutu vacibdir.
Məsələ 579: Ehtiyat müstəhəbb odur ki, meyyitə müşk, ənbər, ud və sair xoş ətirlər vurmasınlar. Bunları kafurla da qarışdırmasınlar.
Məsələ 580: Kafura bir miqdar Həzrəti Seyyidüş-şühəda (ə)-ın türbətindən qarışdırmaq müstəhəbbdir. Amma türbətlə qarışdırılmış bu kafur ehtiramsızlıq olan yerlərə sürtülməməlidir. Türbət kafurla qarışdırıldıqda «artıq bu kafur deyildir» deyiləcək qədər çox olmamalıdır.
Məsələ 581: Əgər kafur tapılmasa və ya ancaq qüsl ölçüsündə olsa, hənut lazım (vacib) deyildir. Belə ki, qüsldən artıq qalsa, amma yeddi üzvün hamısına yetişməsə, ehtiyat müstəhəbbə əsasən, gərək əvvəl alına və əgər artıq qalsa, başqa yerlərə sürtsünlər.
Məsələ 582: İki ədəd yaş və təzə çubuğu meyyitlə birlikdə qəbrə qoymaq müstəhəbbdir.
dəfə
.