Yeddi yerdə dəstəmaz və ya qüslün yerinə təyəmmüm almaq lazımdır:
Birincisi suyun olmamasi
Məsələ 638: Əgər insan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapmaq üçün ümidini kəsilincəyə qədər axtarmalıdır. Əgər səhrada (çöldə) yaşayırsa, hökm eynidir. Əgər insan çöldə səhrada səfər halında olsa, yolda və mənzil saldığı yerlərdə su axtarmalıdır. Əgər həmin yer dərə-təpəli olsa və ya ağacların çoxluğundan oraya getmək çox çətindirsə, lazım-ehtiyata əsasən qədim zamanlarda yayla atılan bir oxun uçuş məsafəsi qədər[3] dörd tərəfə su axtarmaq üçün getməlidir. Düz yerdə isə hər tərəfə iki ox uçuşu ölçüsündə axtarış etməlidir.
Məsələ 639: Əgər dörd tərəfin bə`zisi hamar, bə`zisi alçaq-hündür olsa, gərək hamar olan yerdə iki ox uçuşu ölçüsündə və hamar olmayan yerdə isə bir ox uçuşu ölçüsündə axtarış aparsın.
Məsələ 640: Su olmadığına yəqin etdiyi yerləri axtarmaq lazım deyil.
Məsələ 641: Namaz vaxtı dar olmayan və su tapmaq üçün vaxtı olan şəxsin, əgər axtarması lazım gələn məsafədən bir az uzaqda su olduğuna yəqini varsa və ya əmindirsə, su əldə etmək üçün oraya getməsi lazımdır. Amma oraya getmək camaat arasında «suyu yoxdur» deyilə biləcək qədər uzaqdırsa, getməsi lazım deyil. Əgər orada su olduğunu zənn edirsə, oraya getməsi gərək deyil.
Məsələ 642: İnsanın şəxsən özünün su axtarmağa getməyi vacib deyildir. Su axtardığı və sözünə inandığı şəxsin də deməsinə kifayətlənə bilər.
Məsələ 643: Əgər öz səfər yüklərinin içində və ya mənzildə (yə`ni, düşdüyü yerdə) və ya qafilədə su olduğuna ehtimal verərsə, onun olmadığından əmin oluncaya və ya suyun tapılmasından ümid kəsilincəyə qədər axtarış etməlidir. Amma əgər əvvəllər bir halda su olmayıbsa və sonradan su tapılmasına ehtimal versə, axtarış lazım deyil.
Məsələ 644: Əgər namaz vaxtından əvvəl axtarış aparıb su tapmasa, namazın vaxtına kimi də o yerdə qalsa və ehtimal versə ki, su tapacaq, müstəhəbb ehtiyat odur ki, ikinci dəfə su axtarsın.
Məsələ 645: Əgər namazın vaxtı daxil olandan sonra axtarış edib su tapmasa və başqa namazın vaxtına qədər orada qalsa, belə ki, su tapmağına ehtimal versə, ehtiyat müstəhəbb odur ki, təzədən su axtarmağa getsin.
Məsələ 646: Əgər namaz vaxtı dar olsa, yaxud oğrudan və ya yırtıcıdan qorxsa və həmçinin su axtarmağın çətinliyinə görə onun kimilər adətən bu çətinliyə dözə bilməsə, axtarış aparması lazım deyil.
Məsələ 647: Əgər namaz vaxtı daralıncaya qədər su axtarmağa getməsə, axtarış etdiyi halda su tapa biləcəkdisə, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir.
Məsələ 648: Su tapa bilməyəcəyinə əmin olan bir şəxs, əgər su axtarmağa getməyib, təyəmmümlə namaz qılarsa və namazdan sonra, su axtardığı təqdirdə tapa biləcəyini bilərsə, ehtiyata əsasən dəstəmaz alıb o namazı yenidən qılmalıdır.
Məsələ 649: Əgər axtarış apardıqdan sonra su tapa bilməsə, və tapacağından ümidini kəsərək təyəmmümlə namaz qıldıqdan sonra, axtardığı yerdə suyun olduğunu bilərsə, namazı səhihdir.
Məsələ 650: Namaz vaxtının dar olduğuna əmin olan bir şəxs axtarış etmədən təyəmmümlə namaz qılarsa, və namazdan sonra, namaz vaxtı keçməmiş axtarış üçün vaxt qaldığını bilərsə, vacib-ehtiyat olaraq namazını yenidən qılmalıdır.
Məsələ 651: Əgər namaz vaxtından qabaq dəstəmazlı olsa və dəstəmazını pozduğu təqdirdə, artıq su tapa bilməsinin mümkün olmadığını yaxud dəstəmaz ala bilməməsini bilərsə, dəstəmazını pozmaması mümkündürsə, vacib-ehtiyat olaraq dəstəmazını pozmamalıdır, istər vaxt daxil olmazdan əvvəl olsun, istərsə də daxil olandan sonra. Amma qüsl etməsinə qadir olmayacağını bilsə belə xanımı ilə yaxınlıq edə bilər.
Məsələ 652: Yalnız dəstəmaz və ya qüslə kifayət edəcək qədər suyu olan şəxs, onu tökdükdə su tapa bilməyəcəyini bilərsə, namaz vaxtı daxil olduqda o suyu tökməsi haramdır. Vacib-ehtiyat olaraq namaz vaxtından qabaq da o suyu tökməməlidir.
Məsələ 653: Su tapa bilməyəcəyini bilən şəxs, dəstəmazını batil edərsə, yaxud malik olduğu suyu dağıtsa, xilaf iş görməsinə baxmayaraq təyəmmümlə namazı səhihdir. Lakin, müstəhəbb ehtiyat o namazı qəza etməkdir.
Təyəmmümün əsaslarından ikincisi-suyu əldə edə bilməmək
Məsələ 654: Qocalıq və bacarıqsızlıq, oğrudan, vəhşi heyvanların qorxusundan və yaxud quyudan su çəkmək üçün bir vasitə olmamağından su əldə edə bilməsə, gərək təyəmmüm etsin.
Məsələ 655: Quyudan su çəkmək üçün vedrə, ip və bu kimi şeylər lazımdırsa, satın almaq və ya kirayə etmək məcburiyyətində qalsa, onun qiyməti normadan bir neçə dəfə baha olsa belə, onları tə`min etməlidir. Habelə suyu normal qiymətinin bir neçə dəfə bahasına satmış olsalar da, hökm eynidir. Amma əgər suyu tə`min etmək üçün, onun vəziyyətinə zərər verəcək qədər pul verməlidirsə, tə`min etməsi vacib deyildir.
Məsələ 656: Əgər su hazırlamaq üçün əlacsız olaraq borc etməli olarsa, gərək borc etsin. Amma borcunu verə bilməyəcəyini bilən, yaxud güman edən şəxsə borc etmək vacib deyildir.
Məsələ 657: Əgər quyu qazmağın böyük əziyyəti olmasa, gərək su əldə etmək üçün quyu qazsın.
Məsələ 658: Əgər bir şəxs minnətsiz su bağışlayırsa, gərək onu qəbul etsin.
Təyəmmümün əsaslarından üçüncüsü suyun işlədilməsindən törənən qorxu
Məsələ 659: Əgər su işlətmək insanın ölümünə səbəb olsa, yaxud su işlətmək vasitəsilə onda bir eyb və ya xəstəlik əmələ gələrsə, yaxud xəstəliyi uzansa, ya şiddətlənsə, ya çətinliklə müalicə olacaqsa, gərək təyəmmüm etsin. Amma əgər suyun zərərini dəf edə bilsə, məsələn, suyu isitmək kimi, gərək bu işi etsin və dəstəmaz alsın, qüsl lazım olan vaxtda da qüsl etsin.
Məsələ 660: Suyun ona zərər edəcəyini yəqin etməsi lazım deyildir. Əgər zərər verəcəyini ehtimal etsə və onun bu ehtimalı xalqın nəzərində düzgün bir ehtimal hesab edilərsə, təyəmmüm etməlidir.
Məsələ 661: Suyun ona zərər verəcəyini yəqin və ya ehtimal etdiyinə görə təyəmmüm edən şəxs namazdan əvvəl suyun ona zərəri olmadığını bilərsə, təyəmmümü batildir. Əgər namaz qıldıqdan sonra bilərsə, namazı dəstəmaz və ya qüsl ilə yenidən qılmalıdır. Amma əgər zərərə yəqin və ya ehtimal halında qüsl və ya dəstəmaz dözülməsi çox çətin ruhi nigarançılığa səbəb olsa, bu hal istisnadır.
Məsələ 662: Suyun ona zərəri olmayacağını bilən şəxs, qüsl edib və ya dəstəmaz aldıqdan sonra, suyun ona zərəri olduğunu bilərsə, dəstəmaz və ya qüslü batildir.
Təyəmmümün əsaslarından dördüncüsü-məşəqqət və çətinlik
Məsələ 663: Su tapmasa və ya onu dəstəmaz və ya qüsl üçün istifadə etdiyi təqdirdə, adətən dözülə bilməyən dərəcədə zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm edə bilər. Amma əgər dözərək dəstəmaz alsa, ya qüsl etsə, onun dəstəmaz və qüslü səhihdir.
Təyəmmümün əsaslarından beşincisi-susuzluğu yatırmaq üçün suya ehtiyac
Məsələ 664: Əgər susuzluğu dəf etmək üçün suya ehtiyac olarsa, təyəmmüm etməlidir. Bu səbəbə görə təyəmmümün caizliyi iki haldadır.
1) Suyu dəstəmaz və ya qüsl üçün istifadə edərsə onun hal-hazırda və ya sonradan susuzluqdan ölməsinə, xəstələnməsinə və ya dözülməsi çox çətin olan bir əziyyətə səbəb olacağı təqdirdə;
2-Özündən başqa, onunla bağlı olan kəslər üçün qorxarsa, hətta, qorunması vacib olan nəfsi-möhtərəmədən olmasa belə: Əgər onun məişət işləri onun üçün əhəmiyyətli olarsa, istər şiddətli əlaqə (bağlılıq) üzündən olsun, ya onun tələf olması şəxsə maddi zərər vurduğundan ya da dost və ya qonşu kimi vəziyyətinə riayət edilməsi ürfən lazım olsa.
Bu iki haldan başqa, da susuzluq təyəmmümün edilməsinə əsas ola bilər, amma bu cəhətdən deyil, bəlkə şəxsin canının qorunmasının vacibliyi, ya ölüm, ya taqətsizliyi şübhəsiz özünə ağır çətinlik yaradacağına görədir.
Məsələ 665: Əgər dəstəmaz və qüsl üçün sahib olduğu pak su ilə yanaşı, özü içəcəyi qədər nəcis suyu da olsa, pak suyu içmək üçün saxlamalı, namazı isə təyəmmümlə qılmalıdır. Amma onunla bağlı olan şəxslər üçün su lazımdırsa, onlar susuzluqlarını yatırmaq üçün nəcis su içmək məcburiyyətində qalsalar belə, pak su ilə dəstəmaz ala və qüsl edə bilərlər. Hətta əgər onların suyun nəcisliyindən xəbərləri olmasa və ya nəcis su içməkdən çəkinməzlərsə, pak suyu dəstəmaz və ya qüsl üçün istifadə etməsi gərəkdir. Həmçinin nəcis suyu heyvana və ya həddi-büluğa çatmamış uşağa vermək istəsə də hökm belədir. Nəcis suyu onlara verib, pak su ilə dəstəmaz və qüsl etməlidir.
Təyəmmümün əsaslarından altıncısı-dəstəmaz və ya qüsl bunlardan daha mühüm və ya bunlarla bərqərar olan bir təkliflə zidd olarsa
Məsələ 666: Əgər bədən və ya libası nəcis olan bir şəxsin az miqdarda suyu olsa və bununla dəstəmaz aldıqda və ya qüsl etdikdə, bədən və ya libasını yumağa su qalmayacaqsa, o su ilə bədən və libasını yumalı və təyəmmümlə namaz qılmalıdır. Amma əgər üzərinə təyəmmüm edəcəyi bir şey yoxdursa, suyu dəstəmaz və ya qüsl üçün istifadə etməli və nəcis bədən və ya libasla namaz qılmalıdır.
Məsələ 667: İstifadə edilməsi haram olan su və ya qabdan başqa bir su və ya qab yoxdursa, məsələn, su və ya qabı qəsbi olsa, bunlardan başqa su və qabı olmasa, gərək qüsl və dəstəmaz yerinə təyəmmüm etsin.
Təyəmmümün əsaslarından yeddincisi-vaxtın darlığı
Məsələ 668: Dəstəmaz və ya qüsl etməsi, namazın hamısının və ya bir qisminin vaxtından sonra qılınmasına (qəzaya getməsinə) səbəb olacaq qədər vaxt dar olarsa, təyəmmüm etməlidir.
Məsələ 669: Əgər namazını qəsdən, dəstəmaz və ya qüsl vaxtı qalmayacaq qədər tə`xirə salarsa, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir. Ancaq bu namazın qəzasını qılmaq ehtiyat-müstəhəbbdir.
Məsələ 670: Dəstəmaz aldıqda və ya qüsl etdikdə namaz üçün vaxt qalıb-qalmayacağında şəkk edən şəxs, təyəmmüm etməlidir.
Məsələ 671: Vaxtın darlığına görə təyəmmüm etmiş olan şəxs, namazdan sonra dəstəmaz almağa imkanı olduğu halda, su əlindən çıxıncaya qədər dəstəmaz almazsa, belə ki, vəzifəsi təyəmmüm etmək olduğu təqdirdə, əvvəlki təyəmmümünü pozmamış olsa belə, sonrakı namazlar üçün yenidən təyəmmüm etməlidir.
Məsələ 672: Suyu olan şəxs, əgər vaxtın darlığından təyəmmümlə namaza başlasa və namaz əsnasında o su əlindən getsə, belə ki, vəzifəsi təyəmmümdürsə, yaxşı olmasına baxmayaraq sonrakı namazlar üçün ikinci dəfə təyəmmüm etməsi lazım deyil.
Məsələ 673: Əgər insanın dəstəmaz almağa, qüsl etməyə, namazın iqamə və qünut kimi müstəhəbb işlərini görmədən namaz qılmağa vaxtı vardırsa, gərək qüsl etsin və ya dəstəmaz alsın və namazı müstəhəbb işlərsiz yerinə yetirsin. Hətta surəni oxuyacaq qədər vaxtı olmasa belə, qüsl edib və ya dəstəmaz alıb, namazını surəsiz qılmalıdır.
dəfə
.