www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Müstəhəb namazlar

Məsələ 752: Müstəhəbb namazlar çoxdur və onlara «nafilə» deyilir. Müstəhəbb namazlardan gecə-gündüz nafilələrini qılmaq daha çox tövsiyə olunmuşdur. Onlar cümə günündən başqa günlərdə otuz dörd rük`ətdir ki, səkkiz rük`əti zöhrün nafiləsi, səkkiz rük`əti əsrin nafiləsi, dörd rük`əti şamın nafiləsi, iki rük`əti xiftənin nafiləsi, on bir rük`ət gecə nafiləsi və iki rük`ət sübhün nafiləsidir. Xiftən namazının nafiləsinin iki rük`əti vacib ehtiyata əsasən oturduğu yerdə qılındığına görə bir rük`ət hesab olunur. Amma cümə günündə zöhrlə əsrin nafiləsinin on altı rük`ətinə dörd rük`ət də artırılır. Daha yaxşısı odur ki, bu iyirmi rük`əti zəvaldan qabaq yerinə yetirsin. Amma onun iki rəkətini zəval vaxtı qılmaq yaxşıdır.

Məsələ 753: Gecə nafiləsinin on bir rük`ətindən səkkiz rük`əti gecə nafiləsi niyyəti ilə, iki rük`əti şəf` namazı niyyəti ilə, bir rük`əti «vitr» niyyəti ilə qılınmalıdır. Gecə nafiləsinin kamil göstərişi dua kitablarında deyilmişdir.

Məsələ 754: Nafilə namazlarını hətta ixtiyar halında belə, oturan yerdə qılmaq olar. Oturaq halda qıldığı iki rük`ət nafilə namazı bir rük`ət hesablamaq da lazım deyil, amma yaxşı olar ki, ayaq üstə qılsın. İşa namazının nafiləsini isə vacib ehtiyata görə gərək oturan halda qılsın.

Məsələ 755: Zöhr və əsr namazlarının nafiləsi səfər zamanı qılınmamalıdır. Amma xiftənin nafiləsinin rəca qəsdilə qılınmasının eybi yoxdur.

Gündəlik nafilələrin vaxtı

Məsələ 756: Zöhr namazının nafiləsi zöhr namazından əvvəl qılınır. Onun vaxtı günortanın əvvəlindən başlayıb, onu günorta namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər davam edir. Ancaq əgər bir şəxs günortanın nafiləsini günortadan sonra görünməyə başlayan şaxisin kölgəsinin onun boyunun yeddidə ikisinə çatmasına qədər, yə`ni əgər şaxisin hündürlüyü yeddi qarışdırsa, kölgənin miqdarı iki qarışa çatarsa, artıq bu vaxtda günorta namazını nafilədən qabaq qılması daha yaxşıdır. Amma əgər nafilənin bir rəkətini ondan əvvəl qılıbsa, onda nafiləni fərizədən (zöhrdən) əvvəl tamamlaması daha yaxşıdır.

Məsələ 757: Əsrin nafiləsi, əsr namazından qabaq qılınır. Onun vaxtı əsr namazından əvvəl qılma imkanı oluncaya qədər davam edər; ancaq əgər bir şəxs əsrin nafiləsini şaxisin kölgəsinin yeddidə dördünə yetişincəyə qədər tə`xirə salarsa, artıq əsr namazını nafilədən qabaq qılması daha yaxşıdır. Amma əvvəlki məsələdə deyilən hal buraya da aiddir.

Məsələ 758: Şam nafiləsinin vaxtı şam namazının tamamlanmasından sonra, vaxt daxilində qılmaq imkanı olana qədər davam edir; lakin, bir şəxs onu günəşin batmasından sonra göy üzünün qərb tərəfində görünən qırmızılığın itdiyi zamana qədər tə`xirə salsa, əvvəlcə xiftən namazını qılması daha yaxşıdır.

Məsələ 759: Xiftən nafiləsinin vaxtı xiftən namazının tamamlanmasından, gecə yarısına qədərdir. Xiftən namazından sonra gözləmədən dərhal qılınması daha yaxşıdır.

Məsələ 760: Sübh nafiləsi sübh namazından əvvəl qılınır və onun vaxtı gecə namazı vaxtından gecə namazı qıla biləcək qədər bir müddət keçdikdən sonra başlayıb, onu sübh namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər davam edir. Amma əgər bir şəxs sübhün nafiləsini şərq tərəfdə qırmızılığın görünməsinə qədər tə`xirə salsa, bu vaxtda sübh namazını qılması daha yaxşıdır.

Məsələ 761: Məşhur nəzərə əsasən, gecə namazının əvvəl vaxtı, gecə yarısıdır. Bunun əhvət və daha yaxşı olmasına baxmayaraq, gecənin əvvəlindən olması, vaxtının azandan başlayıb sübh azanına qədər davam etməsi uzaq nəzər deyil. Amma sübh azanına yaxın qılınması daha yaxşıdır.

Məsələ 762: Əgər sübh açılan zaman oyansa, gecə namazını, əda və qəza niyyəti etmədən qıla bilər.


Oxunub: 2512

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı