Məsələ 1: Hər bir müsəlmanın üsuli-dinə əqidəsi bəsirət və dəlil əsasında olmalıdır. Üsuli-dində təqlid caiz deyil. Yə’ni üsuli-dində ayrı bir şəxsin sözünü, yalnız onun deməsinə e’timad edərək qəbul etmək olmaz. Amma haqq İslami əqidələrə yəqini olan bir şəxs onları izhar edirsə, bu əqidəsi bəsirət üzündən olmasa da, o şəxs müsəlman və mö’min sayılır, bütün İslam və iman hökmləri onun üzərində caridir. Müsəlman dinin zəruri və qəti olan hökmlərindən başqa, din hökmlərində ya müctəhid olub dini hökmləri çıxara bilməli, ya bir müctəhidə təqlid etməli, ya da öz təklifini (şər'i vəzifəsini) düzgün yerinə yetirməsinə yəqin edəcək bir şəkildə, ehtiyat yolu ilə əməl etməlidir.
Məsələn, müctəhidlərin bə’zisi bir əməlin haram olduğunu, digərləri isə haram olmadığını söyləyirlərsə, o əməli etməməli və əgər bir əməli müctəhidlərdən bə’zisi vacib, digərləri isə müstəhəbb buyururlarsa, onu etməlidir. Deməli müctəhid olmayan şəxslərin və ehtiyata əməl edə bilməyənlərin bir müctəhidə təqlid etmələri vacibdir.
Məsələ 2: Hökmlərdə təqlid, müctəhidin göstərişlərinə əməl etməkdir. Təqlid ediləcək müctəhid kişi, həddi-büluğa çatmış, ağıllı, 12 imam (ə.s) şiəsi, halalzadə, diri və adil olmalıdır. Adil, üzərinə vacib olan işləri yerinə yetirib, ona haram olan şeylərdən çəkinən şəxsə deyilir. İnsanın zahirdə yaxşı olması ədalətin nişanəsidir, belə ki, onunla bir yerdə yaşayan camaatdan, qonşulardan və ya onunla əlaqədə olan şəxslərdən onun haqqında soruşsalar, onun yaxşı bir insan olduğunu təsdiq etsinlər. Ehtiyac duyulan yerdə və ümumi məsələlərdə müctəhidlər arasında hətta icmalən olsa belə, fətva ixtilafı olduğu təqdirdə insanın təqlid etdiyi müctəhid ə’ləm olmalıdır. Yə’ni Allahın hökmlərini dərk etməkdə zəmanəsinin müctəhidlərinin hamısından daha bacarıqlı olmalıdır.
Məsələ 3: Müctəhid və ə’ləmi üç yolla tanımaq mümkündür:
1. İnsanın özü yəqin etsin; məsələn, insanın özü elm əhli olub müctəhid və ə’ləmi ayırd edə bilsin.
2. Müctəhid və ə’ləmi tanıyan iki adil alimin, bir şəxsin müctəhid və ya ə’ləm olduğunu təsdiq etmələri ilə; yalnız bunlar kimi başqa iki adil alim, bunların sözlərinin əksini söyləməməsi şərti ilə; hətta bir şəxsin müctəhid və ya ə’ləm olmağı, insanın inamı və e'timadı olan xübrə (mütəxəssis) bir şəxsin sözü ilə də sübut oluna bilər.
3. İnsan əqlin qəbul etdiyi yolla bir şəxsin müctəhid və ya ə'ləm olmasına xatircəm olsun. Məsələn, müctəhid və ə’ləmi tanımağa qadir olan və sözlərindən xatircəmlik hasil olan bir dəstə elm əhlinin bir şəxsin müctəhid və ya ə’ləm olduğunu təsdiq etmələri ilə.
Məsələ 4: Müctəhidin fətvasını, yə'ni göstərişini əldə etməyin dörd yolu vardır:
1. Müctəhidin özündən eşitmək.
2. Müctəhidin fətvasını nəql edən iki adil şəxsdən eşitmək.
3. Sözünə inanılmış bir şəxsdən eşitmək.
4. Düzlüyünə əmin olunduğu halda müctəhidin risaləsində görmək.
Məsələ 5: İnsan müctəhidin fətvasının dəyişdiyini yəqin etməyənə qədər, onun risaləsində yazılmış fətvalara əməl edə bilər. Əgər hökmün dəyişdiyinə sadəcə ehtimal versə, axtarış aparmaq lazım deyil.
Məsələ 6: Ə’ləm müctəhidin fətva verdiyi bir məsələdə, o müctəhidin müqəllidi, yə’ni ona təqlid edən şəxs başqa müctəhidin fətvasına əməl edə bilməz. Amma fətva verməsə və «ehtiyat bu şəkildə əməl etməkdir» - deyərsə, məsələn; ehtiyat budur ki, namazın birinci və ikinci rük’ətində Həmdi oxuduqdan sonra şəxs bir surə oxumalıdır, müqəllid ya vacib ehtiyat deyilən bu ehtiyata əməl etməlidir, yaxud ondan sonrakı mərhələdəki ə'ləmlik dərəcəsini gözləməklə başqa bir müctəhidin fətvasına əməl etməlidir. Belə ki, əgər o müctəhid təkcə Həmdi kifayət bilirsə, buna əsasən o, surəni tərk edə bilər. Həmçinin ə’ləm müctəhid bir məsələnin üzərində düşünülməli və ya işkallı olduğunu deyərsə, bu da eyni hökmdədir.
Məsələ 7: Ə’ləm müctəhid, bir məsələdə fətvasını verdikdən sonra və ya fətva verməzdən əvvəl, o məsələdə ehtiyat edərsə, məsələn; «nəcis bir qab kürr suda bir dəfə yuyularsa, pakdır, amma ehtiyat odur ki, üç dəfə yuyulsun» – deyirsə, onun müqəllidi bu ehtiyatı tərk edə bilər və buna müstəhəbb-ehtiyat deyilir.
Məsələ 8: Əgər insanın təqlid etdiyi müctəhid dünyadan köçərsə, vəfatından sonra da dirilik hökmünü daşıyır. Buna görə, əgər o, diri olan müctəhiddən ə’ləm imişsə, ehtiyac duyulan məsələlərdə hətta icmalən olsa belə, fətva fərqləri olduğu təqdirdə vəfat etmiş müctəhidə təqlid etməkdə baqi qalmalıdır. Amma diri müctəhid ondan ə’ləm olarsa, diri müctəhidə təqlid etməlidir. Əgər onların hansının ə'ləm olması mə'lum olmasa, yaxud bərabər olsalar, öz əməlini hansı birisinin fətvasına uyğun yerinə yetirməkdə ixtiyar sahibidir. Amma əgər namazı tamam, yaxud qəsr qılmaq kimi ixtilaflı hallarda təklifinə icmali elmi olsa, yaxud icmalı höccət bərqərar olsa, ehtiyat vacibə əsasən hər iki fətvaya riayət etməlidir. Məsələnin əvvəlində gələn təqliddən əsas məqsəd, müctəhidin fətvasına əməl etmək deyil, müqəllid üçün müəyyən bir müctəhidin fətvalarına əməl etməyə iltizamlı olmasından ibarətdir.
Məsələ 9: Mükəlləfin, öyrənməmək vasitəsi ilə günaha düşməsinə (yə'ni vacibi tərk etməsinə, yaxud haram iş görməsinə) ehtimal verdiyi məsələləri öyrənməsi lazımdır.
Məsələ 10: İnsan, hökmünü bilmədiyi bir məsələylə qarşılaşarsa, ya ehtiyata əməl etməlidir, ya da deyilmiş şərtlərə əsasən bir müctəhidə təqlid etməlidir. Amma əgər o məsələdə, ə’ləm müctəhidin fətvasını öyrənmək imkanı yoxdursa, növbəti mərhələdə ə’ləmliyə, riayət etməklə qeyri-ə’ləmə təqlid etməyi caizdir.
Məsələ 11: Bir şəxs bir müctəhidin fətvasını başqa bir şəxsə söyləyərsə, sonradan o müctəhidin fətvası dəyişərsə, ona fətvanın dəyişdiyini xəbər verməyə ehtiyac yoxdur. Amma fətvanı söylədikdən sonra səhv dediyini başa düşsə, onun fətvanı səhv deməsi, o şəxsin şər’i vəzifəsinə əksinə əməl etməsinə səbəb olarsa lazım ehtiyata əsasən imkan daxilində o səhvi aradan qaldırmalıdır.
Məsələ 12: Bir mükəlləf, əməllərini bir müddət təqlidsiz yerinə yetirsə, əgər onun əməlləri vaqe ilə, yaxud hal-hazırda onun təqlid edəcəyi mərcə olacaq müctəhidin fətvasına uyğun olsa, əməlləri səhihdir. Bundan başqa hallarda əgər qasir cahil olarsa və əməlin nöqsanlı olması rükn və bu kimi şeylər cəhətindən olmazsa, əməli səhihdir.
Həmçinin, əgər müqəssir cahil də olsa, əməli nöqsanlı olması cahillik surətində səhih olan bir cəhətdən olarsa, məsələn namazı alçaqdan oxumaq yerinə ucadan oxumaq və ya əksinə, olarsa, hökm eynidir. Əgər keçmiş əməllərini necə yerinə yetirildiyin bilməzsə, «Minhac»da qeyd olunan hallar istisna olmaqla səhihliyinə hökm olunur. Sonra bir müctəhidə təqlid edərsə, əgər o müctəhid, onun təqlidsiz etdiyi bu əməllərin düzlüyünə hökm edərsə, əməlləri səhihdir, əks təqdirdə həmin əməllər batil hökmünü daşıyır.
dəfə
.