Məsələ 53: Təxəlli və digər vaxtlarda insana vacibdir ki, öz övrətini yetkinlik yaşına çatmış adamlardan, ona məhrəm olan ana və bacısından, hər hansı divanədən, yaxşını pisdən seçən uşaqdan gizlətsin. Lakin ər və arvada öz övrətlərini bir-birindən gizlətmək vacib deyil.
Məsələ 54: İnsanın övrətini xüsusi bir şeylə örtməsi vacib deyil, məsələn, öz əli ilə də örtsə kifayətdir.
Məsələ 55: Təxəlli zamanı bədənin ön tərəfini, yə’ni qarın və sinəni, lazım ehtiyata əsasən qibləyə tərəf yaxud arxası qibləyə tutmaq olmaz.
Məsələ 56: Təxəlli vaxtında bədəninin ön tərəfi və ya arxa tərəfi qibləyə tərəf olan bir kimsə, yalnız övrətini qiblədən döndərərsə, kifayət etməz. Vacib ehtiyat odur ki, təxəlli vaxtında övrətini də üzü və arxası qibləyə çevirməsin.
Məsələ 57: Müstəhəbb ehtiyat odur ki, bədənin qabaq tərəfi (hökmləri sonradan açıqlanan) istibrada, həmçinin bövlün və ğaitin məxrəci paklanarkən üz və arxa, qibləyə sarı olmasın.
Məsələ 58: Əgər insan, naməhrəm bir adamın onu görməməsi üçün, ön və ya arxa tərəfini qibləyə çevirəcək şəkildə oturmağa məcburdursa lazım ehtiyat olaraq arxası qibləyə oturmalıdır.
Məsələ 59: Müstəhəbb ehtiyat odur ki, uşağı da təxəlli zamanı üzü və ya arxası qibləyə sarı oturtmasınlar.
Məsələ 60: Dörd yerdə təxəlli haramdır:
1. Sahibi icazə verməyən dalanda. Həmçinin yoldan keçənlərə zərər dəyməsinə səbəb olduğu təqdirdə ümumi küçələrdə və yollarda;
2. Təxəlliyə icazə verilməyən mülkdə.
3. Xüsusi şəxslər üçün vəqf olan yerlərdə, məsələn, bə’zi mədrəsələrdə.
4. Mö’minin qəbri üzərində ona hörmətsizlik olarsa; Hətta əgər ehtiramsızlıq olmasa da, haramdır; amma əgər yer əsli mübah yerlərdən olsa haram olmaz. Həmçinin bir din və məzhəb müqəddəsinin hörmətinin aradan getməsinə səbəb olsa, haramdır.
Məsələ 61: Üç halda ğaitin çıxış yeri, yalnız su ilə pak edilir:
1-Ğait ilə birlikdə qan kimi ayrı bir nəcasat gəlmişdirsə.
2-Kənardan bir nəcasat ğaitin məxrəcinə dəymişdirsə. Qadınlarda bövlün ğait məxrəcinə yetişməsi istisnadır.
3-Məxrəcin ətrafı adi miqdardan artıq bulaşmışdırsa.
Bu üç haldan başqa qalan hallarda, məxrəc su ilə yuyula bildiyi kimi, qarşıda göstəriləcəyi qaydada, parça, daş və bunlara bənzər şeylərlə də paklana bilər, amma su ilə yuyulması daha yaxşıdır.
Məsələ 62: Sidiyin məxrəci sudan başqa bir şeylə paklanmaz. Bir dəfə yumaq kifayətdir. Amma iki dəfə yumaq müstəhəbb ehtiyatdır, daha yaxşısı isə üç dəfə yumaqdır.
Məsələ 63: Ğaitin məxrəci su ilə yuyulduğu təqdirdə, orada ğait qalmamalıdır. Amma rənginin və qoxusunun qalmasında bir maneəçilik yoxdur. Birinci dəfə yuyulduqda onda ğaitdən bir zərrə belə qalmasa, ikinci dəfə yuyulmasına ehtiyac yoxdur.
Məsələ 64: Ğaitin məxrəci quru və pak olan daş, kəsək, bez parçası və buna bənzər şeylərlə paklana bilər, hətta məxrəcə tə’sir etməyəcək şəkildə azacıq rütubətli olsa, maneçiliyi yoxdur.
Məsələ 65: Ğaitin məxrəcini daş, kəsək və ya bez parçası ilə bir dəfə silməklə tamamilə paklanırsa, kifayətdir. Amma üç dəfə silmək daha yaxşıdır. Hətta üç ayrı parça olması daha yaxşıdır. Amma əgər üç dəfə silməklə paklanmazsa, məxrəc tamamilə paklanıncaya qədər davam etmək gərəkdir. Amma adətən yuyulmadan aradan getməyən zərrələrin qalmasının eybi yoxdur.
Məsələ 66: Allahın və Peyğəmbərlərin adları yazılmış kağız kimi, ehtiram göstərilməsi vacib olan şeylərlə ğaitin məxrəcini paklamaq haramdır. Sümük və təzəklə də ğait məxrəcinin paklamağın eybi yoxdur.
Məsələ 67: Məxrəcini paklayıb paklamadığında şəkk edən bir şəxs adətən sidik və ğaitdən sonra dərhal özünü pak edirmişsə də, yenidən paklaması lazımdır.
Məsələ 68: Əgər namazdan sonra bir kimsə namazdan əvvəl övrətinin məxrəcini paklayıb-paklamadığında şəkk edərsə, qıldığı namaz səhihdir. Amma sonrakı namazlar üçün paklaması lazımdır.
İSTİBRA
Məsələ 69: İstibra, kişilərin bövldən (sidikdən) sonra, bövlün məcrada (sidik kanalında) qalmamasına əmin olmaları üçün yerinə yetirdikləri müstəhəbb bir əməldir. İstibra bir neçə növdür: Onlardan ən yaxşısı odur ki, əgər sidik kəsildikdən sonra, ğaitin məxrəci nəcis olmuşdursa, əvvəlcə onu pak etməli, sonra üç dəfə sol əlin orta barmağı ilə ğaitin məxrəcindən alətin kökünə qədər çəkməli və daha sonra baş barmağı alətin üzərinə və onun yanındakı barmağı da alətin altına qoyaraq, aləti dəllək kəsən yerə qədər üç dəfə çəkməlidir. Sonra isə alətin başını üç dəfə sıxmalıdır.
Məsələ 70: Bə’zən şəhvət hissinin təhrik olunmasından sonra insandan gələn «məzi» adlanan su, pakdır. Həmçinin, mənidən sonra gələn «vəzi» adlanan və bə'zən bövldən sonra gəlib «vədi» adlanan su da əgər bövl və məni ona qatışmayıbsa pakdır. Belə ki, əgər insan bövl etdikdən sonra istibra etsə və sonra ondan bir su gəldiyi zaman bövl və ya bu üç sudan biri olmasında şəkk edərsə, pakdır.
Məsələ 71: Əgər insan istibra edib-etməməsinə dair şəkk edirsə və ondan bir nəm xaric olursa, onun pak və ya nəcis olmasını bilmirsə, nəcisdir və dəstəmaz alıbsa batildir. Amma etdiyi istibranın səhih olub-olmadığında şəkk edirsə və bu zaman ondan nəm gəlirsə və bunun pak olub-olmadığını bilmirsə, pak sayılır və dəstəmazı batil deyil.
Məsələ 72: İstibra etməyən şəxs, əgər bövl etdiyi vaxtdan bir müddət keçəndən sonra məcrada bövlün qalmamasına arxayın olsa və sonra bir nəm görüb onun pak olub-olmamasında şəkk edərsə, o nəm pakdır. Dəstəmazı da batil etmir.
Məsələ 73: Əgər insan bövldən sonra istibra edib dəstəmaz alsa və dəstəmazdan sonra özündə ya sidik, ya da məni olması ona mə’lum olan bir nəmlik müşahidə edərsə, bu halda ehtiyat olaraq qüsl edib dəstəmaz alması vacibdir. Amma əgər dəstəmaz almamışdırsa, yalnız dəstəmaz alması kifayətdir.
Məsələ 74: Qadın üçün bövlün istibrası yoxdur. Əgər özündə nəmlik görərsə və bu nəmliyin bövl olub-olmamasına şəkk edərsə, pakdır. Həmin rütubət qüslü və dəstəmazı da batil etməz.
TƏXƏLLİNİN MÜSTƏHƏBBATI VƏ MƏKRUHATI
Məsələ 75: İnsanın təxəlli vaxtında kimsənin görməyəcəyi bir yerdə oturması, təxəlli yerinə daxil olduğu zaman əvvəl sol ayağını və çıxanda əvvəl sağ ayağını atması, təxəlli halında ikən başını örtməsi və bədəninin ağırlığını sol ayağına salması müstəhəbbdir.
Məsələ 76: Təxəlli vaxtında Günəşlə və ya Ayla üzbəüz oturmaq məkruhdur. Amma əgər övrətini bir şeylə örtsə məkruh deyildir. Habelə külək qabağında, yolda, xiyabanda, küçədə, evin qapısında və meyvə verən ağacın altında təxəlli etmək, təxəlli vaxtı nə isə yemək, çox oturmaq, sağ əl ilə paklanmaq məkruhdur. Həmçinin təxəlli vaxtı danışmaq, (da məkruhdur) amma əgər məcbur qalarsa və ya zikr edərsə işkalı yoxdur.
Məsələ 77: Ayaq üstə bövl etmək, bərk yerə və heyvanların yuvasına bövl etmək, suya, xüsusi ilə durğun (axarı olmayan) suya bövl etmək məkruhdur.
Məsələ 78: Ğaitdən və bövldən özünü məcburi saxlamaq məkruhdur. Əgər saxlamasından bədənə küllü bir zərər yetişsə, haramdır.
Məsələ 79: İnsanın namazdan, yatmazdan, cima etməzdən əvvəl və məni gəldikdən sonra bövl etməsi müstəhəbbdir.
dəfə
.