Məsələ 235: Dəstəmaz alarkən üz və qolları yumaq, başın ön hissəsinə və ayaqların üzərinə məsh çəkmək vacibdir.
Məsələ 236: Üzü uzununa alnın yuxarısından, baş tüklərinin çıxdığı yerdən çənənin ucuna qədər, eninə isə orta barmaqla baş barmağın arasında qalan miqdarı yumaq lazımdır. Bu miqdardan azacıq bir hissəsi belə yuyulmasa, dəstəmaz batil olur. Əgər insan bu miqdarın tamamilə yuyulduğuna əmin deyilsə, buna yəqini olması üçün onun ətrafını da bir az (artıq) yumalıdır.
Məsələ 237: Əgər bir kəsin üzü və ya əli, normal insanların üzü və ya əlindən böyük və ya kiçik olsa, camaat arasında normal adamın üzünü haraya qədər yuduğuna diqqət etməli, o da oraya qədər yumalıdır. Həmçinin əgər alnında tük çıxarsa və ya başının önündə tük olmazsa, alnını normal miqdarda yumalıdır.
Məsələ 238: Qaşlarında, gözünün və ya dodaqlarının kənarında suyun keçməsinə mane olacaq çirk və ya başqa bir şeyin olduğuna ehtimal verirsə və bu ehtimal camaatın nəzərində düzgün bir ehtimaldırsa, dəstəmaz almamışdan əvvəl yoxlamalı, əgər varsa aradan qaldırmalıdır.
Məsələ 239: Üzün dərisi saqqalın arasından görünürsə, suyu dəriyə çatdırması vacibdir. Əgər görünmürsə, saqqalın üzərini yumaq kifayətdir: suyu saqqalın altına çatdırmaq lazım deyil.
Məsələ 240: Üzün dərisinin tüklərin arasından görünüb-görünmədiyində şəkk edərsə, vacib ehtiyat olaraq saqqalı yumalı, üzün dərisinə də suyu çatdırmalıdır.
Məsələ 241: Burnun içini və qapadığı zaman göz və dodaqların görünməyən yerini yumaq vacib deyildir. Amma əgər insan yuyulması vacib olan miqdarın yuyulmasına əmin deyilsə, buna yəqin etməsi üçün onlardan bir miqdarını yuması vacibdir. Bu hökmü bilməyən kimsə əvvəlcə almış olduğu dəstəmazda vacib olan miqdarı yuyub-yumadığını bilməzsə, o dəstəmazla qılmış olduğu namaz səhihdir; sonrakı namaz üçünsə yenidən dəstəmaz alması lazım deyil.
Məsələ 242: Qolları və üzü lazım ehtiyat olaraq yuxarıdan aşağıya doğru yumaq gərəkdir. Aşağıdan yuxarı doğru yusa, dəstəmaz batildir.
Məsələ 243: Əgər əlini isladıb üzünə və qollarına çəkərsə, əlinin nəmliyi onları isladacaq miqdarda olarsa, kifayətdir. Bu halda onların üzərindən su axıdılması lazım deyil.
Məsələ 244: Üzü yuyandan sonra sağ qolunu, daha sonra isə sol qolunu dirsəklərdən barmaqların ucuna qədər yumalıdır.
Məsələ 245: Əgər insan dirsəyi bütünlüklə yuduğuna əmin deyilsə, buna yəqinlik hasil etməsi üçün dirsəyindən bir az yuxarıdan yuması lazımdır.
Məsələ 246: Üzünü yumamışdan əvvəl əllərini biləklərinə qədər yuyan bir şəxs dəstəmaz alarkən qolunu dirsəkdən barmaqlarının ucuna qədər yumalıdır. Əgər təkcə biləklərinə qədər yusa, dəstəmazı batildir.
Məsələ 247: Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəbb, üç və daha artıq yumaq isə haramdır. Birinci dəfə yumaq dəstəmaz qəsdi ilə üz və ya qoluna tökdüyü su onun hər tərəfini əhatə etdiyi və heç bir ehtiyat yeri qalmadığı zaman tamam olur. Məsələn əgər birinci dəfə yumaq qəsdi ilə on dəfə belə üzünə su tökərsə, su onun hər tərəfini əhatə edincəyə qədər maneçiliyi yoxdur. Həmçinin dəstəmaz niyyəti ilə üzü yumağı qəsd etməyənə qədər birinci yuma gerçəkləşməz. Buna görə üzün hamısını bir neçə dəfə yuyub axırıncı dəfə dəstəmaz niyyəti ilə yumağı qəsd edə bilər. Lakin ikinci yumada niyyətin vacib olması nəzəri işkalsız deyil. Lazım ehtiyat olaraq birinci yumadan sonra üzü və qolları dəstəmaz qəsdi ilə olmasa belə, bir dəfədən çox yumamalıdır.
Məsələ 248: Hər iki əl yuyulduqdan sonra, əldə qalan dəstəmaz suyunun yaşı ilə başın qabağına məsh çəkmək gərəkdir. Ehtiyat müstəhəbb odur ki, sağ əlin içi ilə məsh çəkilsin və məsh yuxarıdan aşağıya doğru olsun.
Məsələ 249: Başın, alnın qabağında yerləşən dörd hissəsindən biri məsh yeri hesab edilir. Bu hissənin hər yerinə və hər nə qədər məsh çəkilsə kifayətdir. Hərçənd müstəhəbb ehtiyat odur ki, uzunluğu bir barmaq və eni üç bağlı barmaq qədəri olsun.
Məsələ 250: Başın məshində onun dərisinə çəkilməsi lazım (vacib) deyil, başın ön hissəsindəki tüklərə də məsh çəkilməsi düzgündür. Amma başın qabağının tükü darananda üzə tökülərsə, yaxud başın o biri hissəsinə çatarsa, onda tüklərin dibinə məsh çəkilməlidir. Əgər üzünə tökülən, yaxud başın başqa yerinə çatan tükləri başın qabağında bir yerə yığıb onlara məsh çəksə və ya başın başqa yerlərinin qabağa gələn tüklərinə məsh çəksə, batildir.
Məsələ 251: Başa məsh çəkəndən sonra dəstəmaz suyunun əldə qalmış yaşlığı ilə ayağın üstünə – barmaqların birinin başından oynağa kimi məsh edilməlidir. Müstəhəbb ehtiyat odur ki, sağ ayağa sağ əllə, sol ayağa sol əllə məsh edilsin.
Məsələ 252: Ayağa çəkilən məshin eni hər ölçüdə olsa kifayətdir. Amma daha yaxşısı budur ki, üç bağlı barmağın eni qədəri olsun, hətta ayağın bütün üstünə məsh çəkilməsi daha yaxşıdır.
Məsələ 253: Ayağın məshində, əlini ayağın barmaqlarının başına qoyandan sonra ayağın üzərinə çəkməsi lazım (vacib) deyil. Əli bütünlüklə ayağın üzərinə qoyub, azacıq məsh çəkə də bilər.
Məsələ 254: Ayağa və başa məsh edərkən, əli onların üzərinə çəkməlidir. Əgər əli saxlayıb başı və ya ayağı ona çəksə, dəstəmaz batildir. Amma əgər əli çəkdiyi vaxtda ayaq, yaxud baş bir müxtəsər hərəkət etsə, eybi yoxdur.
Məsələ 255: Məsh çəkilən yer quru olmalıdır. Əgər əlin nəmliyi ona tə`sir etməyəcək qədər yaş olarsa, məsh batildir. Amma əgər nəm olsa və ya onda olan nəmlik əlin rütubətində itəcək qədər az olarsa, eybi yoxdur.
Məsələ 256: Əgər məsh etmək üçün, əlin içində yaşlıq olmasa, ayrı bir su ilə əlini islada bilməz. Gərək öz saqqalının yaşlığından götürüb onunla məsh etsin. Saqqaldan qeyri yerdən yaşlıq götürüb onunla məsh etmək məhəlli-işkaldır.
Məsələ 257: Əlin içində yalnız başa məsh çəkmək qədər yaşlıq olsa, vacib ehtiyat odur ki, başa həmən yaşla məsh çəksin və ayağa məsh çəkmək üçün öz saqqalının yaşlığından nəmlik götürsün.
Məsələ 258: Corab və ayaqqabının üstündən məsh çəkmək batildir. Amma şiddətli soyuqdan, oğrudan, yırtıcı heyvandan və bu kimilərdən qorxmaq üzündən corab və ayaqqabını çıxarda bilməsə vacib ehtiyat odur ki, corab və ayaqqabının üzərindən məsh çəksin və həmçinin təyəmmüm də etsin. Əgər təqiyyə halında olsa, corab və ayaqqabının üzərindən məsh çəkmək kifayət edər.
Məsələ 259: Əgər ayağın üstü nəcis olsa və ona məsh çəkmək üçün suya çəkə bilməsə, təyəmmüm etməlidir.
dəfə
.