www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Məkarim

1. Su

Məsələ 169: Pak və saf su bütün murdarları paklayır. Bir şərtlə ki, murdar şey yuyulduqda su bulaşmasın, onun qoxusu, rəngi və ya dadı murdardan tə’sirlənməsin. Pak və saf su murdar şeyi o zaman təmizləyir ki, suya çəkməklə murdarın əsli təmizlənsin. Məsələn, əgər bir şeydə qan varsa, o qədər yuyulmalıdır ki, qan təmizlənsin. Az su ilə yuyarkən başqa şərtlər də qoyulur. Bu barədə sonra danışılacaq.

Məsələ 170: Murdar qab az su ilə üç dəfə yuyulmalıdır. Amma onu kürr və ya axar su ilə bir dəfə yumaq bəs edir. Bununla belə, üç dəfə yumaq daha yaxşıdır. (Su boruları ilə axıdılan su axar su hökmündədir.)

Məsələ 171: Əgər it bir qabı yalamışsa və ya ondan su, başqa bir maye içmişsə, öncə həmin qabı bir qədər su ilə qatışmış torpaqla sürtmək, sonra ya az su ilə iki dəfə, ya da kürr və ya axar su ilə bir dəfə yumaq lazımdır. Əgər itin ağzının suyu bir qaba tökülərsə, müstəhəb ehtiyata əsasən, yuxarıda deyilən qaydada hərəkət edilməlidir. Amma itin bədəninin başqa bir hissəsi və ya rütubəti qaba toxunarsa, həmin qabı torpaqla sürtmək vacib deyil. Həmin qabı az su ilə üç dəfə, kürr və ya axar su ilə bir dəfə yumaq bəs edir.

Məsələ 172: İtin ağzının toxunduğu qabın ağzı darsa və onu torpaqla sürtmək imkanı olmasa, imkan olan şəraitdə bir çubuğa parça sarıyıb yaş torpağı həmin parça ilə qabın içinə sürtmək lazımdır. Bu iş mümkün olmazsa, qaba bir qədər torpaq və bir qədər su töküb onu çalxamaq lazımdır. Sonra isə yuxarıda deyilən qayda ilə hərəkət olunur.

Məsələ 173: Bir qabdan donuz hər hansı bir maye içərsə, həmin qab yeddi dəfə yuyulmalıdır. Bu qabı torpaqla sürtmək lazım deyil. Qabı donuz yaladıqda və ya onda səhra siçovulu öldükdə də vacib ehtiyata əsasən həmin qab yeddi dəfə yuyulmalıdır.

Məsələ 174: Şərabla murdarlanmış qabı az su ilə üç dəfə yumaq və əllə sürtmək lazımdır. Həmin qabı yeddi dəfə yumaq müstəhəbdir.

Məsələ 175: Murdar gildən düzəlmiş və ya murdar su tökülmüş kuzə kürr və ya axar suya daxil edilərsə, su onun içinə daxil olub çıxarsa, bu kuzə pakdır. Su qabın içinə nüfuz etmədiyi halda onun zahiri paklanır. Qabın zahirini az su ilə də paklamaq olar.

Məsələ 176: Qabları paklamaq üçün onları az su ilə üç dəfə doldurub boşaltmaq kifayat edər. Ya da hər dəfə bir qədər su töküb onu elə hərəkət etdirmək lazımdır ki, su bütün murdar yerləri əhatə etsin. Sunra həmin su bayıra tökülür.

Məsələ 177: Küp və qazan kimi böyük qabları paklamaq üçün onları üç dəfə su ilə doldurub boşaltmaq bəs edər. Daha asan yol budur ki, hər dəfə bu qabların divarları yuxarıdan aşağıya suya çəkilsin və onların dibində yığışan su bayıra atılsın. Onların dibindən suyu götürmək üçün istifadə edilən qab hər dəfə yuyulmalıdır.

Məsələ 178: Dəmir əridilən vaxt murdarlanarsa da, suya çəkildikdə zahiri paklanar.

Məsələ 179: Murdarlanmış təndiri paklamaq üçün onu yuxarıdan aşağıya bir dəfə suya çəkmək bəs edər. Bir şərtlə ki, onun bütün ətrafı yuyulmuş olsun. Amma təndir sidiklə murdarlanarsa onu iki dəfə yumaq lazımdır. Yaxşı olar ki, onun dibində çala qazılsın və paklama zamanı axıdılan su həmin çalaya toplansın. Su həmin çaladan çıxarıldıqdan sonra onu torpaqla doldurmaq lazımdır.

Məsələ 180: Murdar şeydən murdarın əslini təmizləmək üçün onu kürr və ya axar su ilə yusalar, ya da murdarın əsli təmizləndikdən sonra onu kürr və ya axar suya salsalar, paklanar. Amma xalça, libas və bu kimi şeyləri paklamaq üçün onları sıxıb suyunu xaric etmək lazımdır.

Məsələ 181: Sidiklə murdarlanmış şeyi paklamaq üçün onu az su ilə iki dəfə, kürr və axar su ilə bir dəfə yumaq kifayatdir. Sidikdən başqa şeylərlə murdarlanan əşyanı isə az və ya kürr su ilə bir dəfə yumaq bəs edər.

Məsələ 182: Libas, xalça və bu kimi şeyləri az su ilə yumaq üçün onları bir qədər sıxmaq lazımdır ki, suyu xaric olsun.

Məsələ 183: Bir şey yeməyə başlamamış südəmər körpənin sidiyi ilə murdarlanarsa həmin şeyin üzərinə bir dəfə su axıtmaq onu paklayar. Belə bir sidiklə murdarlanmış libas, xalça və bu kimi şeyləri sıxmaq lazım deyil. Amma müstəhəb ehtiyat budur ki, iki dəfə su axıdılsın.

Məsələ 184: İplə toxunmuş həsir murdarlandıqda onu kürr və axar suya batırsalar, ya da su kəmərindən axar suya tutsalar, murdarın əsli təmizləndikdən sonra paklanar.

Məsələ 185: Əgər buğda, düyü, sabun və bu kimi şeylər zahirən murdarlanarsa, onları kürr və ya axar suya batırdıqda, eləcə də su kəmərindən axan suya tutduqda paklanar. Əgər murdarlıq onların daxilinə nüfuz edərsə, onları suya batırdıqda və ya suya tutduqda o qədər gözləmək lazımdır ki, suyun onların daxilinə nüfuz edib xaric olduğuna əminlik yaransın.

Məsələ 186: Şübhə varsa ki, murdar su bir şeyin daxilinə nüfuz edib, yoxsa yox, həmin şeyin daxili pakdır.

Məsələ 187: Murdarlanmış şeyi bir qaba qoyub üzərinə üç dəfə su töküb boşaltsalar, həmin şey paklanar. Bu vaxt qab da paklanır. Əgər murdarlanmış şey suyu sıxılıb çıxarılası libas kimi şeydirsə, onu hər dəfə sıxmaq lazımdır. Həmin vaxt qabı maili qoymaq lazımdır ki, su axıb tökülsün.

Məsələ 188: Əgər murdarlanmış libas rəngləndikdə onu kürr və axar suya batırıb, ya da su kranına tutsalar, rəng suya çıxanadək su bütün libası islatdıqda onu paklayır. Libası sıxarkən ondan qatqılı su xaric olsa eybi yoxdur. Amma az su bütün libası islatmazdan öncə bulaşarsa, libası o qədər yumaq lazımdır ki, o saf su ilə islanmış olsun.

Məsələ 189: Xalça və ya libası suya çəkdikdən sonra onda azca sabun və ya başqa əşya görünərsə, pakdır. Həmin əşya böyük olduqda onun zahiri pak sayılır. Əgər murdar su həmin əşyanın daxilinə nüfuz edərsə, onun paklanması üçün pak su ona nüfuz edib xaric olmalıdır.

Məsələ 190: Əgər murdar şeyi yusalar və murdarın əsli təmizlənsə, onda murdarın qoxusunun və rənginin qalmasının eybi yoxdur. Əgər murdarın əslinin qalması ilə bağlı şübhə yaransa, əminliyə çatanadək yumaq lazımdır.

Məsələ 191: Bədəni kürr və ya axar, eləcə də kran suyunda yuyarkən murdarın əsli təmizlənsə bəs edər. Sudan çıxıb ikinci dəfə suya girmək lazım deyil.

Məsələ 192: Murdar qida dişlərin arasında qalarsa, su ağızda dolandırılmaqla onu tamam əhatə etdikdə ağız paklanır.

Məsələ 193: Əgər başın və üzün tükü az su ilə suya çəkildikdə öz-özünə axıb gedərsə onları sıxmaq lazım deyil. Əgər öz-özünə axıb getməzsə, onları sıxmaq lazımdır.

Məsələ 194: Murdarlanmış ət və quyruğu suya çəkdikdə paklanır. Bədən və ya libasda suya mane olmayacaq qədər yağ olarsa onları suya çəkdikdə paklanar. Amma yağ suya mane olacaq həddədirsə, öncə onu təmizləmək lazımdır.

Məsələ 195: Kürr su ilə əlaqəli kranın suyu kürr və axar su hökmündədir. Bu su ilə istənilən bir şey yuyulduqda murdarın əsli təmizləndikdən sonra paklanır.

Məsələ 196: İnsan bir şeyi suya çəkdikdən və onun paklanmasına əmin olduqdan sonra düzgün suya çəkib-çəkməməsilə bağlı şübhəyə düşərsə, həmin şey pakdır. Amma murdar şeyi suya çəkən zaman diqqətsizlik göstərdiyini bilərsə, o işi yenidən görməlidir.

Məsələ 197: Qum və çınqıllı yeri az su ilə suya çəkdikdə axan su yerə hoparsa yer paklanar. Amma alt qatdakı dənəciklər murdar qalar. Əgər yer mailli olsa və axıdılan su onun üzərində qalmazsa həmin yer paklanar. Amma suya çəkərkən su bir yerə yığışıb qalarsa müəyyən vasitə ilə götürülməsə murdardır.

Məsələ 198: Daş duz və ona oxşar şeylərin zahiri murdarlandıqda suya çəkilərsə paklanar. Onları az və kürr su ilə suya çəkməyin, kran altına tutmağın fərqi yoxdur.

Məsələ 199: Qənd və şəkər tozu murdarlanarsa suya çəkməklə paklanmaz.


Oxunub: 2352

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı