Məsələ 53: Öncə qeyd etdiyimiz kimi, gülab, meyvə şirəsi kimi qatqılı sular murdar şeyi paklamır, həmin sularla dəstəmaz almaq, qüsl vermək düzgün deyil.
Məsələ 54: Əgər qatqılı su murdar şeyə toxunarsa murdarlanar. Yalnız üç halda həmin su murdarlanmaz.
1. Həmin su yuxarıdan aşağıya axmış olsun; məsələn: gülabı bir qabla yuxarıdan aşağıya murdar şeyin üzərinə töksək qabda qalmış gülab murdarlanmaz.
2. Fəvvarə şəklində təzyiqlə aşağıdan yuxarıya qalxmış olsun; belə halda suyun yalnız murdara toxunan hissəsi murdarlanır.
3. Su o qədər çox olsun ki, “murdar ona sirayat etməyib” desinlər. Məsələn, murdar şey qatqılı suyu olan böyük bir gölə və ya çox uzun neft borusunun bir tərəfindəki neftə toxunarsa onların qalan hissəsi murdarlanmaz.
Məsələ 55: Əgər qatqılı və murdar su kürr və ya axar suya qatışdıqdan sonra, qatqılı sayılmazsa, paklanar.
Məsələ 56: Əgər saf suya sonradan nə isə qatılmasına şübhə edəriksə bu su saf su hökmündədir. Məsələn, su sayılıb-sayılmadığı mə’lum olmayan sel suları kimi. Bu elə bir sudur ki, onunla murdar şeyi yumaq, dəstəmaz almaq, qüsl vermək olar. Amma qatqılı suyun sonradan saflaşmasına şübhə edəriksə, bu su qatqılı su hökmündədir.
Məsələ 57: Əgər bir suyun öncəki halı, saf və ya qatqılı olması mə’lum deyilsə, bu su bir şeyi paklamaz, onunla dəstəmaz almaq, qüsl vermək olmaz. Amma bu su kürr miqdarında olduqda ona murdar bir şey toxunsa murdarlanmaz.
Məsələ 58: Əgər su murdar bir şeyə yaxın olduğundan murdarın qoxusunu götürsə, pakdır. Yalnız murdarın əsli ona toxunsa murdarlanar. Bununla belə, ondan çəkinmək daha yaxşıdır.
Məsələ 59: Murdarın tə’sirindən qoxusu, rəngi və ya dadı dəyişmiş suyun həmin rəngi, qoxusu və dadı öz-özünə aradan qalxarsa paklanmaz. Yalnız kürr su və ya yağış suyu ilə qatışdıqda murdarlıq aradan götürülər.
Məsələ 60: Öncə pak olmuş suyun murdarlanıb-murdarlanmamasına şəkk etsək bu su pakdır. Amma öncə murdar olmuş suyun sonradan paklanıb-paklanmamasına şəkk etsək, həmin su murdardır.
Məsələ 61: İt və donuz kimi murdar heyvanların içdiyi suyun artığı murdardır. Amma pişik və başqa yırtıcı heyvanlar kimi əti haram heyvanların içdiyi suyun artığı pakdır. Amma bu suyu içmək məkruhdur, bu işi görməmək daha yaxşıdır.
Məsələ 62: İçiləcək suyun tam təmiz olması müstəhəbdir, bəyənilir. Xəstəlik törədəcək sulardan içmək haramdır. İnsanın yuyunduğu suların da təmiz olması daha yaxşıdır. Üfunətli və bulaşıq sulardan imkan həddində çəkinmək lazımdır.
dəfə
.