www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Meyyiti kəfənə bükməyin hökmləri

Məsələ 559: Müsəlman meyyiti fitə, köynək və sərtasər (başdanayağa) deyilən üç parçaya bükülməlidir.

Məsələ 560: Fitə vacib ehtiyata əsasən göbəkdən dizə qədər bədəni örtməlidir. Daha yaxşı olar ki, sinədən ayağın üzünə (topuğa) qədər yetişsin. Köynək gərək vacib ehtiyata əsasən çiyinin başından baldırın yarısına qədər bütün bədəni örtsün və daha yaxşısı odur ki, ayağın üzünə yetişsin. Sərtasərin isə, bütün bədəni örtəcək qədər olması lazımdır. Uzunluğunun, bədənin baş və ayaq tərəfindən bağlanacaq qədər, eninin isə, bir tərəfi o biri tərəfinin üstünə gələcək qədər olması vacib ehtiyata əsasəndir.

Məsələ 561: Əvvəlki məsələdə deyilən kəfənin vacib miqdarı meyyitin malının əslindən götürülür. Mə`lum və adi qaydada, eləcə də meyyitin şə`ninə uyğun kəfənin normal olan müstəhəbb miqdarı da meyyitin malının əslindən götürülə bilər. Amma kəfənin vacib miqdarından artığını, baliğ olmayan varislərin payından götürməmək ehtiyat müstəhəbbdir.

Məsələ 562: Bir şəxs kəfənin müstəhəbb olan miqdarını, onun malının üçdə birindən götürmələrini vəsiyyət edərsə və ya malının üçdə birini onun özünə xərcləməyi vəsiyyət etmiş olsa, lakin onun haraya sərf ediləcəyini tə`yin etməmiş olsa, yaxud onun sərf ediləcəyi yerin yalnız bir miqdarını tə`yin etmiş olsa, kəfənin müstəhəbb olan miqdarını normadan artıq olsa belə, onun malının üçdə birindən çıxa bilərlər.

Məsələ 563: Əgər meyyit, kəfəni malının üçdə birindən çıxılmasını vəsiyyət etməmişdirsə, bu halda kəfəni onun malının əslindən almaq istəsələr, gərək 561-ci məsələdə söyləniləndən artığını, meyyitin şə`ninə layiq olmadığı, xalq arasında adət olmayan müstəhəbb şeyləri onun malının əslindən almasınlar. Əgər normadan daha bahalı bir şeyi kəfən üçün götürsələr, onun artıq qiymətini malın əslindən verə bilməzlər, amma vərəsələrdən baliğ olanlar öz hissələrindən alınmasına izn versələr, onların izn verdikləri miqdarda onların hissəsindən ala bilər.

Məsələ 564: Qadının özünün malı olsa da, kəfəni ərin boynundadır. Əgər qadına (təlaq əhkamında izah olunacağı kimi) ric`i təlaq versələr və iddəsi tamam olmazdan əvvəl ölərsə, əri onun kəfənini verməlidir. Əgər əri baliğ olmasa və ya dəli olarsa, ərinin vəlisi qadının kəfənini onun malından verməlidir.

Məsələ 565: Meyyit sağ ikən nəfəqəsini tə`min etmək qohumlarının üzərinə vacib olan şəxslərdən olsa belə, öldükdən sonra kəfənini tə`min etmək onlara vacib deyildir.

Məsələ 566: Əgər meyyitin, kəfən hazırlamaq üçün malı olmasa, çılpaq dəfn edilməsi caiz deyil; ehtiyata əsasən müsəlmanlara vacibdir ki, onu kəfənə büksünlər, onun xərcini də zəkatdan hesablamaları caizdir.

Məsələ 567: Vacib ehtiyata əsasən, kəfən üçün istifadə olunan hər üç parça, meyyitin bədəni onun altından görünəcək qədər nazik olmamalıdır. Amma hər üçünü birləşdirdikdə, meyyitin bədəni onların altından görünməyəcək şəkildə olarsa, kifayətdir.

Məsələ 568: Qəsbi şeylə kəfən etmək, başqa şey tapılmasa da caiz deyil. Əgər meyyitin kəfəni qəsbi olsa və onun sahibi razı olmasa, dəfn etmiş olsalar da, gərək onu bədənindən çıxartsınlar. Bə`zi geniş kitablarda izah olunan hallar istisnadır.

Məsələ 569: Nəcis şeylə, xalis ipək parça ilə və vacib ehtiyata əsasən qızıl ilə toxunmuş parça ilə meyyiti kəfən etmək caiz deyil, amma çarəsiz halda eybi yoxdur.

Məsələ 570: İxtiyar halında murdar olmuş heyvanın nəcis dərisi ilə kəfən etmək caiz deyil. Hətta murdar olmuş heyvanın pak dərisi ilə və həmçinin əti haram olan heyvanın tük, yaxud yunundan hazırlanmış parça ilə vacib ehtiyata əsasən ixtiyar halında caiz deyil. Amma əgər kəfən, əti halal olan heyvanın dəri, yun ya tükündən olsa, eybi yoxdur. Müstəhəbb ehtiyat odur ki, bu ikisi ilə də kəfən etməsin.

Məsələ 571: Əgər meyyitin kəfəni öz nəcasəti və ya başqa bir nəcasətlə nəcis olarsa, belə ki, kəfən xarab olmasa, qəbrə qoyulduqdan sonra olsa belə, nəcis olan miqdarı yuyulmalı və ya kəsilməlidir. Əgər onu yumaq və ya kəsmək mümkün deyilsə, dəyişdirilməsi mümkün olduğu təqdirdə dəyişdirilməlidir.

Məsələ 572: Həcc, yaxud ümrə üçün ehram bağlayan şəxs ölsə, gərək başqaları kimi kəfən olunsun, başını və üzünü örtməyin eybi yoxdur.

Məsələ 573: İnsanın sağ ikən, özünün kəfən, sidr və kafurunu hazırlaması müstəhəbbdir.


Oxunub: 1899

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı