www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Müstəhəbb qüsllar

Məsələ 634: Müqəddəs İslam şəriətində müstəhəbb olan qüsllər çoxdur. Aşağıdakıları misal göstərmək olar:

1. Cümə qüslü: onun vaxtı sübh azanından sonra günəşin qürubuna qədərdir. Yaxşı olar ki, zöhrə yaxın əmələ gətirilsin. Əgər zöhrə qədər əmələ gətirilməsə, ən yaxşısı olar ki, qüruba qədər əda və qəza niyyəti olmadan əmələ gətirilsin. Əgər cümə günü qüsl etməsə, müstəhəbbdir ki, şənbə günü sübhdən qüruba qədər onun qəzasını əmələ gətirsin. Cümə günü su tapa bilməyəcəyini bilən şəxs, qüslünü cümə axşamı günü və ya gecəsi rəca qəsdi ilə yerinə yetirə bilər. Cümə qüslündə bu duanı oxumaq müstəhəbbdir:

اَشهَدُ اَن لاَ اِلَهَ اِلاَّ الله وَحدَهُ لاَشَرِيكَ لَهُ وَاَنَّ مُحَمَّداً عَبدُهُ وَرَسُولُهُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاجعَلنِى مِنَ التَّوابِينَ وَاجعَلنِى مِنَ المَتَطَهِّرِينَ

«Əşhədu ənla ilahə illəllah vəhdəhu la şərikələh və ənnə Muhəmmədən əbduhu və rəsuluh, əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əlni minət-təvvabin, vəc`əlni minəl-mutətəhhirin».

2 - 7. Ramazan ayının 1-ci, 17-ci, 19-cu, 21-ci, 23-cü və 24-cü gecələrinin qüslü.

8 - 9. Fitr və Qurban bayramı gününün qüslü. Onun vaxtı sübh azanından qüruba kimidir. Ən yaxşısı odur ki, bayram namazından əvvəl əmələ gətirilsin.

10 - 11. Zilhəccənin 8-ci, 9-cu günləri. Daha yaxşı olar ki, 9-cu günün qüslünü zöhr vaxtı əmələ gətirsin.

12. Bədəninin hər hansı bir yerini qüsl verilmiş meyyitin bədəninə vuran şəxsin qüslü.

13. Ehram qüslü.

14. Hərəmi-Məkkəyə daxil olmaq qüslü.

15. Məkkəyə daxil olmaq qüslü.

16. Kə`bə evinin ziyarəti qüslü.

17. Kə`bəyə daxil olmaq qüslü.

18. Nəhr və zibh üçün qüsl.

19. Həlq üçün edilən qüsl.

20. Mədineyi-Münəvvərənin hərəminə daxil olmaq qüslü.

21. Mədineyi-Münəvvərəyə daxil olmaq qüslü.

22. Peyğəmbər (s.ə.v.v.)-in məscidinə daxil olmaq qüslü.

23. Peyğəmbər (s.ə.v.v.)-in pak qəbrinin vida qüslü.

24. Düşmənlə mübahilə üçün edilən qüsl.

25. Dünyaya təzə gələn uşağa verilən qüsl.

26. İstixarə üçün edilən qüsl.

27. İstisqa üçün edilən qüsl.

Məsələ 635: Fəqihlər müstəhəbb qüsl kimi bir sıra qüsllər bəyan ediblər ki, onlardan bə`ziləri bunlardır:

1. Ramazan ayının tamam tək gecələri və axırıncı on günlüyün tamam gecələrinin qüslü və 23-cü gecəsinin axırındakı başqa bir qüsl.

2. Zilhəccənin 24-cü gününün qüslü.

3. Novruz bayramının, şə`banın 15-ci və rəbiəl-əvvəlin 9-cu və 17-ci gecələri, zil-qə`dənin 25-ci gününün qüslü.

4. Ərindən özgəsi üçün xoş ətir vuran qadının qüslü.

5. Məst halda yatan şəxsin qüslü.

6. Dara asılanın tamaşasına gedib onu görən şəxsin qüslü. Amma əgər təsadüfən və ya çarəsizlikdən gözü sataşsa, yaxud məsələn, şəhadət vermək üçün getsə, qüsl etmək müstəhəbb deyildir.

7. Yaxından, və ya uzaqdan, mə`sumların (ə) ziyarəti üçün edilən qüsl. Amma bunun müstəhəbb olması sübuta yetməyib: bu qüslləri yerinə yetirmək istəyən şəxs qəsdi-rəca ilə əmələ gətirməlidir.

Məsələ 636: Əgər insan 634-cü məsələdə zikr edilən müstəhəbb qüslləri kimi şər`ən müstəhəbb olması sübuta yetən bir qüslü edərsə, namaz kimi dəstəmaz vacib olan işləri görə bilər. Amma 435-ci məsələdə deyildiyi rəca qəsdilə edilən qüsllər dəstəmaz əvəzində kifayət etməz.

Məsələ 637: Əgər bir şəxsə bir neçə qüsl müstəhəbb olsa, hamısının niyyəti ilə bir qüsl etsə kifayətdir. Amma əgər mükəlləfin gördüyü bir iş səbəbilə ona müstəhəbb olan qüsslər, məsələn, bədənin bir yerini qüslü verilmiş meyyitə toxunduran şəxsin qüslü kimi; bu kimi qüsüllərdə bir neçə müxtəlif səbəb üçün bir qüsülla kifayətlənmək məhəlli-işkaldır.


Oxunub: 1942

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı