www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Namaz vaxtının hökmləri

Məsələ 730: İnsan, yalnız vaxtın daxil olduğuna yəqin etdiyi və ya iki adil kişinin vaxtın daxil olduğunu xəbər verdikləri zaman, namaz qılmağa başlaya bilər. Hətta əmin olduğu təqdirdə, namaz vaxtını şiddətlə və dəqiq şəkildə riayət edən şəxsin azan oxuması və vaxtı bilən bir şəxsin sözü ilə kifayətlənə bilər.

Məsələ 731: Əgər bir şəxs bir maneə vasitəsilə, məsələn, kor və ya zindanda olduğuna görə namaz vaxtının əvvəlində, vaxtın daxil olub-olmadığını yəqin edə bilməsə, gərək namaz vaxtının daxil olmasına əmin olana, yaxud yəqinlik tapana qədər namazı tə`xirə salsın. Həmçinin lazım ehtiyata əsasən, əgər vaxtın daxil olmasına yəqinlik hasil etməyə maneə olan bir şey bulud, toz və bu kimi ümumi maneələrdən olarsa da hökm eynidir.

Məsələ 732: Əgər insana, yuxarıda adı çəkilən yollardan biri ilə namaz vaxtının daxil olduğu sübut olub və namaza başlayarsa, sonra namaz əsnasında vaxtın hələ daxil olmadığını anlayarsa, namazı batildir. Əgər namazdan sonra bütün namazı vaxtından qabaq qılmış olduğunu bilərsə də, hökm eynidir. Amma əgər namaz əsnasında, vaxtın daxil olduğunu anlayarsa və ya namazdan sonra, namazda ikən vaxtın daxil olduğunu bilərsə, namazı səhihdir.

Məsələ 733: Əgər insan, namaz vaxtının daxil olduğunu yəqin etməklə, namaza başlamalı olduğunu bilmədən namaz qılarsa, namazdan sonra bütün namazı vaxtında qıldığını anlayarsa, namazı səhihdir. Əgər namazı vaxtından əvvəl qıldığını başa düşsə, yaxud bilməsə ki, vaxtında qılıb, yaxud vaxtından qabaq, namazı batildir. Hətta əgər namazdan sonra, vaxtın daxil olduğunu anlasa belə, o namazı yenidən qılmalıdır.

Məsələ 734: Vaxtın daxil olduğuna əmin olaraq namaza başlayarsa və namaz əsnasında, vaxtın daxil olub-olmadığı barədə şəkk edərsə, namazı batildir. Amma namazda ikən vaxtın daxil olmuş olduğuna əmin olsa, amma namazdan indiyə qədər qıldığı qisminin, vaxt daxilində qılınıb-qılınmadığı barədə şəkk edərsə, namazı səhihdir.

Məsələ 735: Əgər namazın vaxtı çox dar olsa və namazın müstəhəbb işlərindən bə`zisini əmələ gətirdikdə, onun bir hissəsi vaxtdan sonra qılınacaqsa, gərək o müstəhəbbi işi əmələ gətirməsin. Məsələn, əgər qunutu deməklə namazın bir hissəsi vaxtdan sonra qılınacaqsa, gərək qunutu deməsin. Əgər deyərsə, namaz o vaxt səhih olar ki, ən azı bir rəkəti vaxt daxilində qılınmış olsun.

Məsələ 736: Bir rük`ət miqdarında namaz qılmağa vaxtı olan şəxs, gərək namazı əda niyyəti ilə qılsın. Amma qəsdən, namazı bu qədər tə`xirə salmamalıdır.

Məsələ 737: Müsafir olmayan şəxsin, əgər gün batan vaxta kimi beş rük`ət namaz qılmağa vaxtı vardırsa, gərək zöhr və əsr namazının hər ikisini tərtiblə qılsın. Əgər ondan az vaxtı vardırsa, gərək əvvəlcə əsr namazını qılsın və sonra zöhr namazını qəza etsin. Habelə əgər gecə yarısına kimi beş rük`ət qılmağa vaxtı vardırsa, gərək şam və xiftən namazını tərtiblə qılsın. Əgər vaxtı ondan azdırsa, gərək əvvəlcə xiftən namazını qılsın və sonra şam namazını əda və qəza niyyəti olmadan yerinə yetirsin.

Məsələ 738: Müsafir olan şəxsin, əgər gün batana qədər üç rük`ət namaz qılmağa vaxtı vardırsa, gərək zöhr və əsr namazını tərtiblə qılsın. Əgər ondan az vaxtı vardırsa, gərək əvvəlcə əsr namazını qılsın və sonra zöhr namazını qəza etsin. Əgər gecə yarısına qədər dörd rük`ət namaz qıla biləcək qədər vaxtı vardırsa, gərək şam və xiftən namazını tərtiblə qılsın. Əgər üç rük`ət namaz qıla biləcək qədər vaxtı vardırsa, əvvəlcə xiftəni qılmalı, sonra da şam namazının bir rük`ətini vaxtında qılması üçün, dərhal şam namazını qılmalıdır. Əgər üç rük`ət namaz qılınacaq müddətdən daha az vaxt vardırsa, əvvəlcə xiftəni qılmalı, sonra da əda və qəza niyyəti etmədən, şam namazını yerinə yetirməlidir. Amma xiftən namazını qıldıqdan sonra, gecə yarısına bir rük`ət qıla biləcək və ya daha çox vaxt qaldığı mə`lum olarsa, dərhal şam namazını əda niyyəti ilə qılmalıdır.

Məsələ 739: Namazı vaxtın əvvəlində qılmaq müstəhəbbdir və bu haqda çox tövsiyə edilmişdir. Gözləyib camaatla qılmaq kimi bir səbəbdən fəzilət vaxtının keçməməsi şərti ilə gecikdirmək və s. kimi hallardan başqa, vaxtın əvvəlinə nə qədər yaxın olsa, o qədər daha yaxşıdır.

Məsələ 740: Əgər insanın bir üzrü olub, vaxtın əvvəlində namaz qılmaq istədiyi təqdirdə təyəmmümlə namazı qılmağa naçardırsa, əgər üzrün vaxtın sonuna qədər qalacağına ehtimal versə və ya onun aradan qaldırılmasından ümidini kəsmişsə, vaxtın əvvəlində təyəmmüm edib namaz qıla bilər. Amma əgər üzrünün aradan qalxmasına ümidini kəsməmişsə, gərək üzrü aradan gedənə qədər və ya ümidini kəsənə qədər gözləsin. Əgər üzrü aradan qalxmazsa, vaxtın sonunda namaz qılmalıdır. Namazın yalnız vacib işlərini görə biləcək qədər gözləməsi lazım deyil. Azan, iqamə və qunut kimi namazın müstəhəbblərini yerinə yetirə biləcək qədər vaxtı olduğu halda da təyəmmüm edib namazını müstəhəbbatı ilə birlikdə yerinə yetirə bilər. Lakin, təyəmmümdən başqa digər üzrlərdə üzrünün aradan qalxmasına ümid kəsməsə belə, namazı vaxtın əvvəlində qılması caizdir; amma vaxt sona çatmamışdan əvvəl üzrü aradan qalxsa, o namazı yenidən qılması gərəkdir.

Məsələ 741: Namaz hökmlərini bilməyən, ya onları öyrənmədən namaza səhih şəkildə yerinə yetirə bilməyən və ya namazdakı şəkklər və səhvlərlə bağlı hökmləri bilməyən bir kimsə əgər namaz qıldığı vaxt bunlardan biri ilə qarşılaşacağına və hökmü öyrənmədiyi üzündən vacib bir hökmü tərk edəcəyinə və ya haram işə mürtəkib olacağına ehtimal verirsə, bunları öyrənmək üçün namazı vaxtın əvvəlindən təxirə salınmalıdır. Amma namazı düzgün bir şəkildə yerinə yetirmək ümidilə namaza vaxtın əvvəlində başlarsa, bu halda əgər hökmünü bilmədiyi bir Məsələ ilə qarşılaşmazsa, namazı səhihdir. Əgər hökmünü bilmədiyi bir məsələ ortaya çıxarsa, vəzifəsi olması ümidi ilə ehtimal verdiyi iki tərəfdən birinə əsasən əməl edərək, namazı tamamlaması caizdir; amma namazdan sonra məsələni soruşmalı, əgər namazı batil imişsə, yenidən qılmalıdır. Əgər səhih imişsə, yenidən qılması lazım deyil.

Məsələ 742: Namaz vaxtının geniş olduğu bir müddətdə, tələbkar öz tələbini (namaz qılan şəxsdən) istəyərsə, mümkün olduğu təqdirdə, əvvəlcə öz borcunu verməli, sonra namaz qılmalıdır. Həmçinin, dərhal yerinə yetirməli olan ayrı bir vacib əməllə qarşılaşarsa, məsələn; məscidin nəcis olduğunu görərsə, əvvəlcə məscidi pak etməli və sonra namaz qılmalıdır. Hər iki təqdirdə də, əgər əvvəlcə namazı qılarsa, günah etməsinə baxmayaraq, namazı səhihdir.

Tərtiblə qılınması lazım olan namazlar

Məsələ 743: İnsan gərək əsr namazını zöhr namazından sonra və xiftən namazını şam namazından sonra qılsın. Əgər bilərəkdən əsr namazını zöhrdən və yaxud xiftən namazını şam namazından qabaq qılsa, namazı batildir.

Məsələ 744: Əgər zöhr namazı niyyəti ilə namaza başlayarsa və namaz əsnasında zöhr namazını qılmış olduğunu anlayarsa, niyyətini əsr namazına çevirə bilməz. Belə ki, namazını pozub, əsr namazını qılmalıdır. Şam və xiftən namazlarında da hökm eynidir.

Məsələ 745: Əgər şəxs əsr namazında ikən zöhr namazını qılmadığını yəqin edərsə və niyyətini zöhr namazına çevirdikdən sonra zöhr namazını qılmış olduğunu xatırlarsa, niyyəti əsr namazına döndərib namazı tamamlaya bilər və əgər namazın bə`zi qismlərini zöhr niyyəti ilə yerinə yetirməyibsə, yaxud əgər yerinə yetiribsə də, onları əsr niyyəti ilə yerinə yetiribsə, namazı sona çatdıra bilər. Amma əgər o qism (zöhr niyyəti ilə yerinə yetirmiş olduğu qism) rük`ət olursa, namazı batildir. Həmçinin əgər rüku və ya bir rük`ətin iki səcdəsi olsa da, lazım ehtiyata görə namazı batildir.

Məsələ 746: Əsr namazında ikən, zöhr namazını qılıb-qılmadığında şəkk edərsə, o namazı əsr niyyəti ilə tamamlamalı, sonra da zöhr namazını qılmalıdır. Amma əgər vaxt, çox az olsa və namazın tamamlamasından sonra günəş batacaqsa və bir rük`ət namaz qıla biləcək miqdarda belə, vaxt qalmazsa, zöhr namazını qəza etməsi lazım deyildir.

Məsələ 747: Xiftən namazında ikən, şam namazını qılıb-qılmadığı barədə şəkk edərsə, xiftən niyyəti ilə namazı tamamlamalı, sonra da şam namazını qılmalıdır. Amma əgər vaxt, çox az olsa və namazın tamamlanmasından sonra gecə yarısı olacaqsa və bir rük`ət namaz qılacaq miqdarda belə, vaxt qalmazsa, şam namazını qəza etməsi lazım deyil.

Məsələ 748: Əgər xiftən namazında, dördüncü rük`ətin rükusuna çatdıqdan sonra, şam namazını qılıb-qılmadığı barədə şəkk edərsə, namazını tamamlamalıdır. Əgər sonradan şam namazı üçün vaxt qalsa, şam namazını da qılmalıdır.

Məsələ 749: Əgər insan qıldığı namazı ehtiyat üzündən ikinci dəfə qılsa və namaz əsnasında yadına düşsə ki, qıldığı namazdan əvvəl qılası olduğu namazı qılmamışdır, niyyətini o namaza döndərə bilməz. Məsələn, əgər əsr namazını ehtiyat üzündən qılan vaxt zöhr namazını qılmadığı yadına düşsə, niyyətini zöhr namazına çevirə bilməz.

Məsələ 750: Niyyəti qəza namazından əda namazına və müstəhəbb namazından vacib namaza döndərmək olmaz.

Məsələ 751: Əgər əda namazının vaxtı geniş olsa, insan namaz əsnasında onun boynunda qəza namazı olduğu yadına düşsə, niyyəti qəza namazına çevirə bilər. Amma niyyəti qəza namazına döndərməsi mümkün olmalıdır. Məsələn; zöhr namazını qılarkən, üçüncü rük`ətin rükusuna çatmamışdırsa, niyyəti sübh namazının qəzasına çevirə bilər.


Oxunub: 2290

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı