www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Qiblənin hökmləri

Məsələ 764: Məkkeyi-Müəzzəmədə olan Kə`bə evi qiblədir. Namaz ona tərəf qılınmalıdır. Amma uzaqda olan şəxs, əgər «qibləyə tərəf namaz qılır» deyiləcək şəkildə dayanarsa, kifayətdir. Həmçinin, heyvanın başını kəsmək kimi, qibləyə tərəf yerinə yetirilməsi lazım olan işlərdə də hökm eynidir.

Məsələ 765: Vacib namazı ayaq üstə qılan şəxsin sinəsi və qarnı üzü qibləyə doğru olmalıdır. Hətta üzünün də qiblədən çox dönməməsi gərəkdir. Ayaq barmaqlarının da qibləyə tərəf olması ehtiyat-müstəhəbbdir.

Məsələ 766: Oturan halda namaz qılmalı olan şəxsin sinəsi və qarnı qibləyə tərəf olmalı və hətta üzü də qiblədən çox dönməməlidir.

Məsələ 767: Oturan halda namaz qıla bilməyən şəxs namaz halında ikən bədəninin ön qismi qibləyə tərəf olacaq şəkildə, böyrü üstə uzanmalıdır. Lazım-ehtiyat olaraq, sağ böyrü üstə uzanması mümkün olacaq təqdirdə, sol böyrü üstə uzanmamalıdır. Əgər bu ikisi də mümkün olmazsa, ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxası üstə uzandığı halda namaz qılmalıdır.

Məsələ 768: Ehtiyat namazı, yaddan çıxmış səcdə və təşəhhüd gərək üzü qibləyə yerinə yetirilsin. Ehtiyat müstəhəbbə görə səhv səcdəsini də üzü qibləyə yerinə yetirmək gərəkdir.

Məsələ 769: Müstəhəbb namazı yol gedərkən və minik halında qılmaq olar. Əgər insan bu iki halda müstəhəbb namazı qılsa, üzü qibləyə olması lazım (vacib) deyildir.

Məsələ 770: Namaz qılmaq istəyən şəxs, qiblənin hansı tərəfə olduğuna əmin oluncaya və ya (iki adilin şəhadət verməsi kimi) yəqin hökmündə olan bir dəlil əldə edincəyə qədər qibləni tə`yin etmək üçün çalışmalıdır. Əks təqdirdə, müsəlmanların məscidlərinin mehrablarından, mö`minlərin məzarlarından və ya buna bənzər digər yollardan əldə edilən zənnə görə əməl etməlidir. Hətta elmi qaydalara əsasən qibləni tanıyan bir kafir və ya fasiqin sözündən qibləni tanımaq güman edilərsə də, kifayətdir.

Məsələ 771: Qiblənin hansı istiqamətdə olmasına gümanı olan bir şəxs daha güclü güman tapa bilərsə, öz gümanına əməl etməməlidir. Məsələn, əgər qonaq, ev sahibinin dediyinə əsasən qibləyə güman tapsa, amma başqa yolla daha bir güclü güman əldə edə bilsə, onun sözünə əməl etməməlidir.

Məsələ 772: Əgər qibləni tapması üçün bir vəsilə yoxdursa, yaxud çalışmaqla bir gümana gələ bilmirsə, bir tərəfə namaz qılsa kifayətdir. Amma vaxt geniş olduğu təqdirdə, dörd tərəfə namaz qılması ehtiyat müstəhəbbdir.

Məsələ 773: Əgər qiblənin iki tərəfdən biri olduğunu yəqin və ya zənn edərsə, hər iki tərəfə də namaz qılmalıdır.

Məsələ 774: Bir neçə tərəfə namaz qılmaq istəyən şəxs, əgər zöhr və əsr namazı kimi, biri digərindən sonra qılınmalı olan iki namaz qılmaq istəyərsə, birinci namazı neçə tərəfə qılacaqsa, qılmalı və daha sonra ikinci namaza başlaması ehtiyat-müstəhəbbdir.

Məsələ 775: Qibləyə yəqinliyi olmayan şəxs, əgər namazdan başqa bir iş görmək istəsə, gərək o işi üzü qibləyə əmələ gətirsin. Məsələn; bir heyvanın başını kəsmək istəsə, gümanına əməl etsin və əgər güman mümkün deyildirsə, hansı tərəfə əncam versə, səhihdir.


Oxunub: 2077

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı