www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Cəbirə dəstəmazının hökmləri

Yara və sınığa bağlanan şey, həmçinin yara və bu kimi şeylərin üzərinə qoyulan dərmanlar «cəbirə» adlanır.

Məsələ 323: Əgər dəstəmaz yerinin birində yara, çiban və ya sınıq olsa, belə ki, üstü açıq olduqda su ona zərər yetirməzsə, gərək adi qaydada dəstəmaz alınsın.

Məsələ 324: Əgər yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onun üstü açıq olsa və onun üstünə su tökməyin zərəri varsa, gərək yara və çibanın ətrafı dəstəmazda deyildiyi kimi yuxarıdan aşağıya yuyulsun. Ən yaxşısı odur ki, əlin suyunu yaranın üzərinə çəkməyin zərəri yoxdursa, əlin suyunu onun üzərinə çəksin, sonra yaranın üstünə pak parça qoysun və əlin suyunu parçanın üzərinə də çəksin. Amma sınıqda təyəmmüm etmək lazımdır.

Məsələ 325: Əgər yara, çiban və sınıq başın qabağında, yaxud ayaqların üstündədirsə və üstü açıqdırsa, belə ki, ona məsh çəkə bilməsə, məsələn; yara məsh yerini tamamilə örtmüşdürsə və ya sağlam olan yerlərini də məsh etməyə imkanı olmasa, bu surətdə təyəmmüm etmək lazımdır. Həmçinin dəstəmaz alıb, məsh yerinin üzərinə pak bir parça qoyaraq, əlində olan dəstəmaz suyunun nəmliyi ilə onun üzərindən məsh etməsi müstəhəbb-ehtiyatdır.

Məsələ 326: Əgər çiban, yara və sınığın üstü bağlı olsa, onu açmaq əziyyətsiz mümkündürsə və suyun onun üçün zərəri yoxdursa, gərək açsın və dəstəmaz alsın, istər yara və onun misli üzdə və əllərdə olsun, istərsə başın qabağında və ayaqların üstündə olsun.

Məsələ 327: Əgər üstü bağlı yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onu açıb üzərinə su tökməyin zərəri varsa, ətrafının mümkün olan miqdarını yumalı və vacib ehtiyata görə «cəbirə»nin üzünə məsh etməlidir.

Məsələ 328: Əgər yaranın üstünü açmaq mümkün olmasa, lakin yara və onun üzərinə qoyulan şey pak olsa, suyun yaraya çatdırılması mümkündürsə və zərəri yoxdursa, gərək suyu yuxarıdan aşağıya doğru yaranın üzərinə çatdırsın. Əgər yara və ya onun üzərinə qoyulan şey nəcis olsa, lakin onu yuyaraq yaraya çatdırmaq mümkün olsa, onu yumalı və dəstəmaz alarkən suyu yaraya çatdırmalıdır. Yaraya zərəri olmadığı təqdirdə də, suyu ona çatdırmaq mümkün olmasa, yaxud yara nəcis olarsa və onu yumaq mümkün olmazsa, yaxud açılması çətinliyə və ya zərərə səbəb olarsa, təyəmmüm etməlidir.

Məsələ 329: Əgər cəbirə, dəstəmaz üzvlərinin bə`zisinin hər yerini örtmüş olsa, cəbirə dəstəmazı kifayətdir. Amma əgər dəstəmaz üzvlərinin hamısını ya çoxunu örtmüş olsa, ehtiyat olaraq təyəmmüm etməli və cəbirə dəstəmazı da almalıdır.

Məsələ 330: Cəbirənin namaz qılınması səhih olan şeylərdən olması gərək deyil, hətta ipəkdən və ya əti yeyilməsi caiz olmayan heyvanın hissələrindən olsa belə, onun üzərinə məsh çəkmək olar.

Məsələ 331: Əlinin içində və barmaqlarında cəbirə olan və dəstəmaz aldığı zaman islanmış əlini onun üstünə çəkən şəxs baş və ayaqlarını da həmin nəmliklə məsh edə bilər.

Məsələ 332: Cəbirə ayağın üzərinin hamısını eninə əhatə etmiş olduğu halda barmaq tərəfindən və ayağın üst tərəfindən bir qədər açıq qalmışsa, açıq olan yerlərdə ayağın üstünə və cəbirə olan yerlərdə cəbirənin üstünə məsh çəkməlidir.

Məsələ 333: Əgər üzdə və ya əllərdə bir neçə cəbirə olsa, gərək onların arasını yusun və əgər cəbirələr başda və ya ayaqların üstündədirsə, gərək onların arasına məsh çəksin və cəbirənin olan yerlərdə isə cəbirə göstərişinə uyğun əməl etsin.

Məsələ 334: Cəbirə yaranın ətrafından normadan çox yeri tutsa və əziyyətsiz onu qaldırmaq mümkün olmasa, onda cəbirə təyəmmüm yerlərində deyilsə, təyəmmüm etməlidir. Əgər təyəmmüm yerindədirsə, həm təyəmmüm etməli, həm də dəstəmaz almalıdır. Hər iki halda əgər cəbirəni qaldırmaq əziyyət vermirsə, onu qaldırmalıdır. Deməli əgər cəbirə üz və qollardadırsa onun ətrafını yumalıdır; əgər başda və ya ayaqların üzərindədirsə, onun ətrafını məsh etməlidir. Yara olan yer üçünsə, cəbirə hökmlərinə əməl etməlidir.

Məsələ 335: Əgər dəstəmaz üzvlərində yara, kəsik və ya sınıq yoxdursa, amma başqa səbəbə görə su ona zərər verirsə, təyəmmüm etməlidir.

Məsələ 336: Dəstəmaz üzvlərindən bir yerin damarı zədələnmişsə və onu suya çəkə bilmirsə, təyəmmüm etməsi lazımdır. Amma suyun onun üçün zərəri varsa, gərək cəbirə göstərişinə əməl etsin.

Məsələ 337: Əgər dəstəmaz və qüsl yerinə, aradan qaldırılması mümkün olmayan və ya dözülməyəcək qədər əziyyətli olan bir şey yapışıbsa, bu halda həmin şey təyəmmüm yerlərində deyilsə, təyəmmüm etməlidir. Təyəmmüm yerlərində olduğu təqdirdə isə, həm dəstəmaz almalı, həm də təyəmmüm etməlidir. Amma əgər yapışmış olan şey dərmandırsa, cəbirə hökmünü daşıyır.

Məsələ 338: Meyyit qüslündən başqa digər qüsllərdə cəbirə qüslü eynilə cəbirə dəstəmazı kimidir. Amma lazım ehtiyat olaraq o, tərtibi qaydada yerinə yetirilməlidir. Bədəndə yara və çiban olduğu təqdirdə mükəlləf qüsl və ya təyəmmüm arasında ixtiyar sahibidir, hansını istəsə edə bilər. Qüsl etməyi seçdiyi təqdirdə də, əgər onların üzərində cəbirə yoxdursa, üstü açıq olan yara və ya çibanın üstünə pak bir parça qoyub, həmin parçanın üstünə məsh çəkməsi müstəhəbb ehtiyatdır. Bədəndə sınıqlıq olduqda isə qüsl etməli və ehtiyatən cəbirənin də üstünə məsh çəkməlidir. Amma əgər cəbirənin üstünə məsh etmək mümkün deyilsə və ya sınığın üstü açıqdırsa, təyəmmüm etmək lazımdır.

Məsələ 339: Vəzifəsi təyəmmüm etmək olan bir şəxsin təyəmmüm üzvlərinin bə`zisində yara, çiban və ya sınıq olarsa cəbirə dəstəmazında bəyan olunan qayda üzrə cəbirə təyəmmümünü yerinə yetirməlidir.

Məsələ 340: Cəbirə qüslü və ya dəstəmazı ilə namaz qılmalı olan şəxs, əgər vaxtın sonuna qədər üzrünün aradan qalxmayacağını bilirsə, vaxtın əvvəlində namazını qıla bilər. Amma vaxtın axırına qədər üzrünün aradan qalxacağına ümidvardırsa, yaxşı olar ki, səbr etsin. Əgər üzrü aradan qalxmazsa, vaxtın sonunda namazını cəbirə qüslü və ya dəstəmazı ilə qılsın. Namazını vaxtın əvvəlində qıldığı surətdə, vaxtın sonunda üzrü aradan qalxarsa, bu zaman dəstəmaz alaraq və ya qüsl edərək, namazını yenidən qılması ehtiyat-müstəhəbbdir.

Məsələ 341: Əgər insan, gözündə olan xəstəliyə görə kipriklərini yapışdırmalı olsa, gərək təyəmmüm etsin.

Məsələ 342: Vəzifəsi təyəmmüm, yoxsa cəbirə dəstəmazı olmasını bilməyən şəxs vacib ehtiyata əsasən hər ikisini yerinə yetirməlidir.

Məsələ 343: İnsanın cəbirə dəstəmazı ilə qıldığı namazları səhihdir və o dəstəmazla sonrakı namazları da qıla bilər.


Oxunub: 1925

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı