www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Məkarim

Kəfənləmənin hökmləri

Məsələ 541: Müsəlman meyyiti üç parça ilə kəfənləmək vacibdir. Bu hissələr fitə, köynək və sərtasər (başdan başa) adlanır.

Məsələ 542: Fitə meyyitin göbəkdən dizinədək olan hissəni örtməlidir. Yaxşı olar ki, sinədən ayaqların üzərinədək örtsün. Vacib ehtiyata əsasən, köynək çiyinlərdən baldırların yarısınadək (dizdən aşağı) hissəni tamam bürüsün. Vacib ehtiyata əsasən, sərtasərin uzunluğu elə bir həddə olmalıdır ki, meyyit büründükdən sonra hər iki başını bağlamaq mümkün olsun. Sərtasərin eni elə bir həddə olmalıdır ki, bir tərəfini o biri tərəfinin üzərinə aşırmaq mümkün olsun.

Məsələ 543: Kəfəni orta həddi gözləməklə meyyitin malı hesabına hazırlamaq olar. Onun övladları qalmışsa da belədir. Amma övladlarının payından adi həddən artıq miqdarda götürmək olmaz. Amma ölən şəxs vəsiyyət etmiş olarsa, artıq miqdarı üçdə birdən hesablamaq olar.

Məsələ 544: Kəfənin vacib miqdarını, qüsül, hənut və dəfn kimi vacib işlərin xərclərini meyyitin malından götürürlər və vəsiyyətə ehtiyac yoxdur. Əgər meyyitin malı olmasa, o xərclər Beytül-maldan, xümsdən ödənir.

Məsələ 545: Arvadın kəfən xərci ərin öhdəsinədir. Qadının öz malı olsa da belədir. “Ric’i” təlaq verilmiş (boşanmış) qadın iddə müddəti başa çatmamış ölərsə, onun kəfən xərci ərinin öhdəsinədir.

Məsələ 546: Əgər meyyitin bir malı olmasa, hətta sağ ikən onun xərcini ödəyən qohumlarına vacib deyil ki, kəfən xərcini ödəsinlər. Amma başqa bir yol olmasa vacib ehtiyata əsasən, sağ ikən onun xərcini ödəyən kəs kəfən hazırlamalıdır.

Məsələ 547: Vacib ehtiyat budur ki, kəfənin hər üç hissəsi qalın olsun və onun o biri tərəfi görünməsin.

Məsələ 548: Hətta başqa parça tapılmasa da, qəsbi parça ilə kəfənləmək olmaz. Əgər qəsbi parça ilə kəfənlənsə sahibi razılıq verməsə kəfəni çıxarmalıdırlar. Hətta meyyit dəfn olunsa da bu iş görülməlilir. Meyyiti həmən kəfənə bükən şəxs bu işi görməlidir. Ölü heyvanın dərisi, murdar şeylə kəfənləmək olmaz. Vacib ehtiyat budur ki, xalis ipək parça, qızıl saplı parça, əti haram heyvanın yunu və dərisindən hazırlanmış parça ilə kəfənləmək olmaz. Başqa çarə olmasa eybi yoxdur.

Məsələ 549: Zərurət olmadıqda meyyiti hətta əti halal heyvanların dərisi ilə kəfənləmək olmaz. Amma əti halal heyvanın yunundan və tükündən hazırlanmış parça ilə kəfənləməyin eybi yoxdur. Amma müstəhəb ehtiyat budur ki, həmin iş görülməsin.

Məsələ 550: Əgər kəfən xaricdən və ya meyyitin özündən murdarlanarsa, onu yumaq lazımdır. Əgər kəfən korlanmazsa, onun murdar hissəsini kəsmək olar. Bu iş mümkün olmasa, kəfəni dəyişmək lazımdır.

Məsələ 551: Həcc və ümrə üçün ehram bağlamış şəxs dünyasını dəyişsə onu başqaları kimi kəfənləmək lazımdır. Onun başını və üzünü örtməyin eybi yoxdur.


Oxunub: 1556

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı