Dəstəmaz və qüsl üçün ehtiyat duyulan həddə suyun olmaması;
Məsələ 613: İnsan şəhərdə, yaşayış məntəqəsində olduğu vaxt su tapa bilməsə, sudan ümidini üzənədək axtarış aparmalıdır. Amma çöl şəraitində yer dağlıq, hündür-alçaq, ağac kimi maneələr olarsa, bir ox həddində (mərhum Məclisi bir ox həddini 200 addım saymışdır) dörd istiqamətdə su axtarılmalıdır. Əgər yer hamar və maneəsiz olarsa, dörd istiqamətdə iki ox məsafəsində axtarış aparılır. Hansı tərəfdə su olmadığına əmindirsə axtarışa ehtiyac yoxdur. Əgər dörd tərəfdən bə’zisi hamar, bə’zisi maneəli olarsa, hər tərəfin özünə müvafiq axtarış aparılır.
Məsələ 614: Əgər bir şəxs əmin olarsa ki, göstərilən məsafədən bir qədər uzaqda su var və namazın vaxtı dar deyil, su ardınca getməlidir. Bu iş çox məşəqqətli olarsa, bir qədər uzaqda su olduğuna əminlik varsa da, axtarış lazım deyil.
Məsələ 615: İnsan su ardınca inandığı bir adamı göndərə bilər. Bir neçə nəfər tərəfindən göndərilən bir nəfərin də axtarış aparması kifayat edər.
Məsələ 616: Əgər namaz vaxtından öncə axtarış aparılsa və su tapılmasa, namaz vaxtınadək həmin yerdə qaldıqda ikinci dəfə su axtarışına ehtiyac yoxdur. Yalnız həmin məhəllin vəziyyəti dəyişsə axtarışa ehtiyac olar. Bir namazda dəstəmaz üçün axtarış aparmışsa, nə qədər ki, şərait dəyişməyib, o biri namazlar üçün də axtarışa ehtiyac yoxdur.
Məsələ 617: Namazın vaxtı dar olduqda su axtarışı səbəbindən vaxt ötəcəksə və ya hər hansı təhlükə varsa, axtarışa ehtiyac yoxdur. Əgər bir qədər axtarmaq imkanı varsa həmin qədərlə kifayatlənmək lazımdır.
Məsələ 618: Bir şəxs bilərəkdən axtarış aparmasa ki, namazın vaxtı daralsın, günaha yol vermişdir. Amma bu şəxsin təyəmmümlə qıldığı namaz düzgündür.
Məsələ 619: Bir şəxs su tapmayacağına əmin olub axtarış aparmasa və təyəmmümlə namaz qılsa, sonradan başa düşsə ki, axtarış aparsaydı su tapardı, namazı batildir. Eləcə də əgər axtarışdan sonra təyəmmüm edib namaz qılarsa, sonradan anlayarsa ki, axtarış apardığı yerdə su olub vacib ehtiyata əsasən, namazını təzələməlidir. Namazın vaxtı keçmişsə onun qəzasını qılmaq lazımdır.
Məsələ 620: Dəstəmazı olan şəxs bilərsə ki, dəstəmazı pozulsa dəstəmaz ala bilməyəcək, böyük məşəqqət yaratmasa namazadək dəstəmazını qorumalıdır. Hətta dəstəmaz üçün su tapa bilməyəcəyini ciddi ehtimal etsə, eləcə də sonradan suyun tapılmayacağını bilsə, vacib ehtiyata əsasən, dəstəmazını qorumalıdır.
Məsələ 621: Əgər yalnız dəstəmaz və ya qüsl üçün su varsa və bu su boş yerə işlənsə su tapılmayacağı mə’lumsa, namazın vaxtı daxil olduqda onu boş yerə işlətmək haramdır. Vacib ehtiyat budur ki, namazın vaxtından öncə də bu su boş yerə işlədilməsin. Ağlabatan ehtimal varsa ki, su boş yerə işlədilsə, başqa su tapılmayacaq, vacib ehtiyata əsasən, suyu saxlamaq lazımdır. Bütün bu hallarda suyun boş yerə işlədilməsi yanlış addımdır, amma belə bir şəxsin təyəmmümlə namazı düzgündür.
dəfə
.