www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Sistani

Mutahhirat(pakedicilər)

Məsələ 142: On iki şey nəcasatı pak edir. Bu şeylərə mütəhhirat (pak edicilər) deyilir: 1. Su. 2. Torpaq. 3. Günəş. 4. İstihalə. 5. İnqilab. 6. İntiqal. 7. İslam. 8. Təbiyyət. 9. Eyni nəcasətin aradan getməsi. 10. Nəcis yeyən heyvanın istibrası. 11. Müsəlmanın (bir müddət) gözdən qeyb olması. 12. Başı (şəriət qaydaları əsasında) kəsilən heyvandan bir miqdar qan axması.

Bunların hökmləri gələcək məsələlərdə geniş şəkildə açıqlanacaqdır.

1. Su

Məsələ 143: Su, nəcis bir şeyi dörd şərtlə pak edər:

1. Su saf (mütləq) olsun, gülab suyu və söyüdün suyu kimi, muzaf olan su nəcis şeyi pak etməz.

2. Pak olsun.

3. Su, nəcis şeyi yuyarkən muzafa çevrilməsin və təkrar yumanın lazım olmadığı halda son yuyulmada su nəcasatın qoxu, rəng və ya dadını özünə almasın; amma ondan qabaqkı yuyulmalarda dəyişməsinin bir zərəri yoxdur. Məsələn, iki dəfə yuyulması lazım olan bir şeyi, kürr və ya az su ilə yuduqda, birinci yuyulmada su dəyişsə də, ikinci dəfə dəyişilməmiş su ilə paklasalar, o şey pak olar.

4. Nəcis şeyi yuduqdan sonra, onda eyni nəcisin kiçik zərrələri qalmamalıdır. Nəcis şeyin az su, yə’ni kürrdən az olan su ilə paklanmasının digər şərtləri də vardır ki, onlar daha sonra açıqlanacaq.

Məsələ 144: Nəcis qabın iç hissəsi, az su ilə üç dəfə yuyulmalıdır. Həmçinin ehtiyat vacib olaraq kürr, axar suda da və yağış suyunda üç dəfə yuyulmalıdır. Amma içərisində itin su və ya buna bənzər axıcı bir şeyi yediyi qaba, əvvəlcə pak torpaq sürtülməli, torpaq təmizlənib aradan aparıldıqdan sonra az, kürr və ya axar suda iki dəfə yuyulmalıdır. Həmçinin, itin yaladığı qab yumaqdan qabaq torpaqla sürtülməlidir. İçinə itin ağzının suyu töküldüyü yaxud bədəninin bir yeri toxunan qabın da ehtiyat lazım olaraq əvvəlcə torpaqla sürtülməsi və sonra üç dəfə su ilə yuyulması lazımdır.

Məsələ 145: İtin ağzını sürtdüyü qabın ağzı dardırsa, əvvəlcə içinə torpaq töküb o qabın içinin hər tərəfinə torpaq çatıncaya qədər şiddətlə silkələməli və sonra qeyd edildiyi şəkildə yuyulmalıdır.

Məsələ 146: Donuzun yaladığı və ya içində axıcı bir şey içdiyi və yaxud içində çöl siçanı öldüyü qab az, kürr və ya axar suda yeddi dəfə yuyulmalıdır; torpaqla sürtülməsi lazım deyil.

Məsələ 147: Şərabla nəcis olan qab kürr, ya, axar və ya bu kimi sularla olsa belə 3 dəfə yuyulmalıdır. Müstəhəbb ehtiyat budur ki, yeddi dəfə yuyulsun.

Məsələ 148: Nəcis palçıqdan hazırlanmış və ya nəcis su, hopmuş kuzə əgər axar su və ya kürr suya buraxılarsa, suyun dəydiyi hər yer pak olur. Onun içini də paklamaq istəsələr, kürr su və ya axar suda su hər tərəfinə dəyincəyə qədər qalmalıdır. Əgər o qabda onun içinə suyun toxunmasına mane olan bir rütubət varsa, qabaqca onu qurudub sonra axar və ya kürr suya qoymaq lazımdır.

Məsələ 149: Nəcis qabın az su ilə iki şəkildə yuyulması mümkündür:

1) Üç dəfə doldurub boşaltmaqla;

2) Üç dəfə içərisinə bir az su tökülür, hər dəfəsində su, qabın nəcis olan hər yerinə çatacaq şəkildə çalxalanıb çölə tökülür.

Məsələ 150: Qazan və xum kimi nəcis olmuş böyük bir qab su ilə doldurulub-boşaldılmaqla pak olur. Həmçinin, əgər ona yuxarıdan aşağıya doğru hər tərəfinə yetişəcək şəkildə üç dəfə su töksələr və hər dəfəsində dibində toplanan suyu çıxarıb atsalar pak olur. Suları kənara çıxarmaq üçün işlədilən qabın ikinci və üçüncü dəfəsində yuyulması ehtiyat müstəhəbbdir.

Məsələ 151: Əgər nəcis mis və ona bənzər şeyləri əridib sonra suya çəksələr, onun zahiri pak olur.

Məsələ 152: Bövl ilə nəcis olan təndirə, hər tərəfinə yetişəcək şəkildə yuxarıdan aşağıya doğru bir dəfə su tökərlərsə, pak olar. Amma bu işin iki dəfə görülməsi ehtiyat-müstəhəbbdir. Bövldən başqa bir şeylə nəcis olmuşdursa, nəcasatın özü aradan qaldırıldıqdan sonra, qeyd edildiyi şəkildə üzərinə bir dəfə su tökülməsi kifayətdir. Suların cəm olması üçün təndirin dibində bir çuxur qazıb, orda yığılan suları çıxardıqdan sonra, o çuxuru pak torpaqla doldurmaq daha yaxşıdır.

Məsələ 153: Nəcis bir şey, nəcis olan yerlərin hər tərəfinə su çatacaq şəkildə, kürr və axar suya bir dəfə salınarsa, pak olar. Xalça, libas və buna bənzər şeyləri sıxmaq, tapdalamaq lazım deyil. Amma bədən və ya libas bövl ilə nəcis olmuşdursa, kürr suda iki dəfə yumaq lazımdır. Amma cari (axar) suda bir dəfə yumaqla pak olur.

Məsələ 154: Bövl ilə nəcis olan bir şeyi az su ilə yumaq istəsələr, əgər bir dəfə üzərinə su tökülüb ondan su ayrıldıqdan sonra, o şeydə bövl qalmazsa, pak olur. Amma libas və xalçanın pak olmaları üçün onların üzərinə iki dəfə su tökülməsi lazımdır. Ancaq libas, xalça və bunlara bənzər şeylər az su ilə yuyulduğu təqdirdə, ğüsalənin çıxması üçün sıxılması lazımdır (Ğüsalə, yuyulan bir şeydən, yuyulduğu zaman və ya ondan sonra, öz-özünə və ya sıxılmaq nəticəsində, normal olaraq ayrılan suya deyilir).

Məsələ 155: Yemək yeməyə başlamamış, südəmər oğlan və qız uşağının bövlü ilə nəcis olan bir şeyin üzərinə, nəcis yerlərin hər tərəfinə yetişəcək şəkildə bir dəfə su tökülsə, hərçənd su az da olsa, pak olar. Amma ikinci dəfə üzərinə su tökmək müstəhəbb-ehtiyatdır. Libas və xalça kimi şeyləri sıxmaq da lazım deyil.

Məsələ 156: Bövldən başqa bir nəcisə bulaşan şeyin üzərinə, nəcis aradan aparıldıqdan sonra bir dəfə az su tökülərsə, su ondan axıb ayrıldıqdan sonra pak olar. Amma libas və buna bənzər şeyləri sıxaraq ğüsaləsini çıxarmaq lazımdır.

Məsələ 157: Əgər iplə toxunmuş nəcis bir həsiri kürr və ya axar suya salsalar, eyni nəcis aradan aparıldıqdan sonra pak olur. Amma onu az su ilə yumaq istərlərsə, mümkün olan bir yolla, tapdalamaqla olsa belə, sıxılaraq ğüsaləsi çıxarılmalıdır.

Məsələ 158: Əgər buğda, düyü, və buna bənzər şeylərin zahiri nəcis olarsa, kürr və ya axar suya salınarsa, pak olar. Onları az su ilə də paklamaq olar. Amma içləri nəcis olsa, kürr və ya axar su onların içinə dəysə, pak olar.

Məsələ 159: Əgər sabunun zahiri nəcis olsa, onu paklamaq olar. Amma əgər onun içi (batini) nəcis olsa, onu paklamaq mümkün deyil. Əgər insan, nəcis suyun içinə işləyib-işləmədiyində şəkk edərsə, onun içi pakdır.

Məsələ 160: Əgər düyü, ət və bunlara bənzər şeylərin zahiri nəcis olsa onları pak bir qaba qoyaraq, üzərinə bir dəfə su töküb boşaltsalar, pak olur. Amma nəcis bir qaba qoyarlarsa, bu işi üç dəfə təkrarlamaq lazımdır. Bu zaman qab da pak olur. Əgər libas və buna bənzər sıxılması lazım olan bir şeyi qabın içərisində yumaq istərsələr, üzərinə su töküldüyü hər dəfəsində sıxılmalı və qabı əyərək içərisində cəm olan ğüsaləsi tökülməlidir.

Məsələ 161: Sinka və buna bənzər bir rənglə boyanmış olan nəcis libası, kürr və ya axar suya batırsalar və su libasın rəngilə muzaf halını almazdan qabaq onun hər tərəfinə yetişərsə, o libas pak olur. Əgər az su ilə yuyurlarsa, sıxılarkən ondan muzaf su tökülməzsə, pak olur.

Məsələ 162: Libası kürr və ya axar suda yuduqdan sonra onun üzərində su yosunu olduğu görünsə və onun, suyun libasın içinə işləməsinə mane olduğu ehtimal olunmazsa, o libas pakdır.

Məsələ 163: Əgər libas və buna bənzər şeyləri yuduqdan sonra üzərində palçıq və ya sabun parçası olduğu görünsə, onun, suyun libasa yetişməsinə mane olduğu ehtimalını verməsələr, o libas pakdır. Amma nəcis su palçığın və ya sabunun içinə işləmişdirsə, onların zahiri pak, daxili isə nəcisdir.

Məsələ 164: Nəcis bir şeydən eyni nəcis aradan aparılmayınca pak olmaz. Amma nəcasatın qoxu və ya rəngi onda qalsa, işkalı yoxdur. Buna görə qanın özü libasdan aparılsa, amma libas yuyulduqdan sonra rəngi onda qalsa belə, libas pak olar.

Məsələ 165: Bədəndə olan nəcasat kürr və ya axar suda aradan aparılsa, bədən pak olur. Bədən bövl ilə nəcis olduqda isə bir dəfə yumaqla pak olmaz, amma sudan kənara çıxıb, təkrar suya girmək də lazım deyil. Əgər suyun içində əlini oraya çəkərək suyu bədəndən ayrılsa və ikinci dəfə suyu bədənə çatdırsa, kifayət edər.

Məsələ 166: Dişlərin arasında qalan nəcis yemək, ağıza su alınıb çalxalanaraq nəcis yeməyin hər tərəfinə çatdırılsa, pak olar.

Məsələ 167: Saç və saqqalın tükünü az su ilə suya çəksələr, saç və saqqal çox artıq deyilsə, ğüsalənin çıxması üçün sıxılması lazım deyil. Çünki öz-özünə normal miqdarda ayrılır.

Məsələ 168: Bədən və ya libasın bir yeri az su ilə yuyulduqda, o yerə bitişik olub, yuyulma zamanı suyun adətən çatdığı yerlər də nəcis yerin pak olması ilə pak olar. Yə’ni nəcis yerin ətrafını ayrıca yumaq gərək deyil. Əksinə nəcis yer və onun ətrafı birlikdə pak olurlar. Həmçinin nəcis bir şeyin yanına pak bir şey qoyub və hər ikisinin üzərinə su töküldükdə də hökm eynidir. Buna görə nəcis bir barmağı yumaq üçün barmaqların hamısının üzərinə su tökülsə, nəcis və pak su onların hamısına yetişsə, nəcis olan barmaq pak olduğu zaman o biri barmaqlar da pak olur.

Məsələ 169: Nəcis olan ət və quyruq digər şeylər kimi yuyulur. Suyun daxilinə işləməsinə mane olmayacaq miqdarda, az yağlı olan bədən, qab və libas da eyni hökmü daşıyır.

Məsələ 170: Nəcis olan bədən və ya qab, sonradan suyun yetişməsinə mane olacaq bir şəkildə yağlansa, o bədən və ya qabı suya çəkmək istədikləri zaman, suyun qabın səthinə yetişməsi üçün yağın aradan aparılması lazımdır.

Məsələ 171: Kürr suya birləşmiş olan krantdan gələn su, kürr su hökmündədir.

Məsələ 172: Bir şeyi yuyub pakladığını yəqin etdikdən sonra, onun üzərindən eyni nəcisin aradan aparıb-aparmamasında şəkk edərsə, eyni nəcisi aradan aparılmasına yəqin etməsi üçün onu yenidən yuması lazımdır.

Məsələ 173: Üzərinə incə və qalın qumla qapalı olan yer kimi, suyun batdığı bir yer nəcis olursa, az su ilə də pak olur.

Məsələ 174: Daş və ya kərpiclə döşənmiş olan və ya suyun batmadığı sərt yer nəcis olsa, az su ilə pak olur; amma axıncaya qədər onun üzərinə su tökülməlidir. Bu halda əgər, onun üzərinə tökülən su bir çökəkdən kənara çıxmazsa və bir yerdə toplanarsa, oranın da pak olması üçün orada toplanan suyun bir parça və ya qabla kənara atılması lazımdır.

Məsələ 175: Duz daşı və buna bənzər şeylərin zahiri nəcis olsa, kürrdən az su ilə də pak olar.

Məsələ 176: Ərimiş nəcis şəkərdən hazırlanan qənd, kürr və ya axar suya qoyulmaqla pak olmaz.

2. Yer

Məsələ 177: Yer, dörd şərtlə nəcis olmuş ayağın və ayaqqabının altını pak edər:

1. Yer pak olmalıdır;

2. Quru olmalıdır;

3. Lazım-ehtiyat olaraq ayaq və ya ayaqqabının altı yer tərəfdən (yeriməklə) nəcis olmuş olmalıdır;

4. Ayağın və ya ayaqqabının altında tapılan qan və bövl kimi eyni nəcis və ya nəcis olmuş palçıq kimi sonradan nəcis olan şey, yol yerimək və ya ayağı sürtməklə aradan qaldırılmalıdır; əgər nəcasat qabaqcadan aradan qaldırılarsa, lazım-ehtiyat olaraq ayaq və ayaqqabının altı yol getmək və ya yerə sürtməklə pak olmaz. Həmçinin yer ya torpaq olmalı, ya da daş, kərpic və ya bunlara bənzər şeylərlə döşənmiş olmalıdır. Xalça, həsir və çəmənlik üzərində yol getməklə nəcis olmuş ayağın və ya ayaqqabının altı pak olmaz.

Məsələ 178: Nəcis ayaq və ayaqqabının altının, asfalt və ya ağacla döşənmiş yer üzərində yeriməklə pak olması məhəlli- işkaldır.

Məsələ 179: Ayağın və ayaqqabının altında olan nəcasat on beş ziradan[2] (barmağın başından dirsəyədək) az yol getməklə və ya yerə sürtməklə aradan aparılsa belə, ayaq və ya ayaqqabının pak olması üçün, on beş zira və ya daha artıq yol getmək daha yaxşıdır.

Məsələ 180: Nəcis olan ayaq və ayaqqabının altının yaş olması lazım deyil. Quru olsa belə, yol getməklə pak olur.

Məsələ 181: Nəcis olan ayaq və ya ayaqqabının altı yol getməklə pak olduğu zaman, normal miqdarda palçığa bulaşan kənarları da pak olur.

Məsələ 182: Əlləri və dizləri üzərində yeriyən kəsin, əl və ya dizləri nəcis olsa, onların yol getməklə pak olmaları məhəlli işkaldır. Habelə çəliyin, sün’i ayağın altı, heyvanların nalı, avtomobilin, faytonun təkərləri və buna bənzər şeylər də eyni hökmü daşıyır.

Məsələ 183: Yol getdikdən sonra, ayağın və ya ayaqqabının altında nəcasatın gözlə görünməyən zərrəciklərinin, yaxud qoxusunun və ya rənginin qalmasının eybi yoxdur. Amma bunların da qalmamaları üçün bir qədər yol getmək ehtiyat müstəhəbbdir.

Məsələ 184: Ayaqqabının içi yol getməklə pak olmaz. Corabın altının da, dəri və buna bənzər şeylərdən deyilsə, və onlarla yol getmək adət deyilsə, yol getməklə pak olması mübahisəlidir.

3. Günəş

Məsələ 185: Günəş beş şərtlə yeri, binanı və divarı pak edər:

1. Nəcis olan şey, başqa bir şeyin ona dəydiyi zaman yaşlığı ona tə’sir edəcək qədər yaş olmalıdır. Buna görə, əgər quru olarsa, günəşin onu qurutması üçün bir yolla onu islatmaq lazımdır.

2. Üzərində eyni nəcisdən bir şey qalmamalıdır.

3. Bir şey günəşin şüalarına mane olmamalıdır. Buna görə günəş pərdə, bulud və buna bənzər şeyin arxasından saçaraq nəcis olan şeyi qurudarsa, o şey pak olmaz. Amma əgər, bulud günəşin saçmasına mane olmayacaq qədər zəif olsa, eybi yoxdur.

4. Nəcis şeyi günəş təklikdə qurutmalıdır. Əgər, nəcis şey günəş və küləyin vasitəsilə quruyarsa, pak olmaz. Amma əgər «külək nəcis şeyin qurumasına kömək etdi» - deyilməyəcək qədər yüngül olarsa, eybi yoxdur.

5. Günəş, yer və binanın nəcasat tə’sir edən hissəsini bir dəfəyə qurutmalıdır. Əgər günəş birinci dəfə nəcis yer və binanın üzərini və ikinci dəfə də altını qurudarsa, yalnız onların üzü pak olur. Altı isə nəcis qalır.

Məsələ 186: Günəş nəcis həsiri pak edər, lakin həsir iplə toxunmuşdursa, onun iplərini pak etmir. Həmçinin, ağacın, bitkinin, qapı və pəncərənin günəşlə pak olması məhəlli-işkaldır.

Məsələ 187: Günəş nəcis bir yerə saçdıqdan sonra, əgər insan, günəş saçdığı anda o yerin yaş olub-olmamasında və ya yaşlığının günəş vasitəsi ilə quruyub-qurumamasında şəkk edərsə, o yer nəcisdir. Həmçinin (günəşin saçmasından qabaq) o yerdən eyni nəcisin aradan aparılıb-aparılmamasında və ya günəşin şüalarına bir şeyin mane olub-olmamasında şübhə edərsə, məhəlli-işkaldır.

Məsələ 188: Əgər günəş, nəcis divarın bir tərəfinə saçarsa və bunun nəticəsində, divarın günəşin saçmadığı digər tərəfi də quruyarsa, hər iki tərəfin də pak olması uzaq bir nəzər deyil. Amma əgər bir gün yerin və divarın üzünü sonrakı gün isə batinini (içini) qurutsa, təkcə zahiri pak olar.

4. İstihalə

Məsələ 189: Əgər nəcis olan bir şeyin cinsi dəyişərək pak bir şeyin şəklini alırsa, pak olur. Məsələn, nəcis ağacın yanıb kül olması və ya itin duzlağa düşüb duza dönməsi kimi. Amma əgər nəcis şeyin cinsi dəyişməzsə (nəcis buğdadan un hazırlanması və ya çörək bişirilməsi kimi) pak olmaz.

Məsələ 190: Nəcis palçıqdan hazırlanan kuzə və buna bənzər şeylər nəcisdir. Amma nəcis odundan əldə edilən kömür, əvvəlki xüsusiyyətlərindən heç biri onda olmazsa, pakdır. Əgər nəcis palçıq odun tə'sirindən saxsıya, ya kərpicə çevrilərsə, ehtiyat vacibə görə nəcisdir.

Məsələ 191: İstihalə olub-olmadığı bəlli olmayan nəcis bir şey nəcisdir.

5. İnqilab

Məsələ 192: Şərab, öz-özünə və ya içinə sirkə və duz kimi şeyin qatılması səbəbi ilə dəyişilib sirkəyə çevrilsə, pak olur.

Məsələ 193: Nəcis üzüm və bu kimi şeylərdən hazırlanan şərab, yaxud ayrı bir nəcisin dəymiş olduğu şərab, dəyişib sirkə olmaqla pak olmaz.

Məsələ 194: Nəcis xurma, kişmiş və üzümdən hazırlanan sirkə nəcisdir.

Məsələ 195: Əgər üzümün və xurmanın çör-çöpü onların içində olsa və eləcə sirkə tökülsə zərəri yoxdur. Həmçinin, onların içinə sirkə olmazdan qabaq belə, xiyar, badımcan və bunlara bənzər şeyləri də tökərlərsə, sirkə olmazdan qabaq sərxoş edici olmadığı təqdirdə, eybi yoxdur.

Məsələ 196: Üzüm suyu odda və ya özü-özünə qaynayarsa, haram olar. Amma əgər qaynayaraq üçdə ikisi getsə və üçdə biri qalsa, halal olur. Bə'ziləri demişlər ki, öz-özünə qaynayıbsa, yalnız sirkə olmaqla halal olur. 110-cu məsələdə üzüm suyunun qaynamaqla nəcis olmadığına dair hökm qeyd edildi.

Məsələ 197: Qaynamadan üçdə ikisi azalan üzüm suyunun qalan hissəsi qaynayarsa, əgər ona camaat arasında şirə deyil, üzüm suyu deyilirsə, lazım ehtiyat olaraq haramdır.

Məsələ 198: Qaynayıb-qaynamadığı bilinməyən üzüm suyu halaldır, amma əgər qaynayarsa, insan, onun qaynayaraq üçdə ikisinin azaldığını yəqin etməyincə halal olmaz.

Məsələ 199: Əgər, bir salxım yetişməmiş üzümdə (qorada) bir neçə yetişmiş üzüm dənəsi tapılırsa, ondan alınan suya üzüm suyu deyilmirsə, qaynadığı təqdirdə yeyilməsi halaldır.

Məsələ 200: Əgər odda qaynamaqda olan bir şeyin içərisinə bir üzüm dənəsi düşərsə və qaynadığı halda yox olmazsa, yalnız o üzüm dənəsini yemək vacib ehtiyata görə haramdır.

Məsələ 201: Bir-birindən ayrı olan bir neçə qazanda şirə qaynadarkən, qaynamış qazanın qarışdırıldığı kəfkir ilə qaynamamış qazanın qarışdırılması caizdir.

Məsələ 202: Qora, yoxsa üzüm olduğu bilinməyən bir şey qaynayarsa, halaldır.

6. İntiqal

Məsələ 203: Əgər ürfə görə qanı olmayan bir heyvan insanın, yaxud sıçrayan qanı olan bir heyvanın qanını, ağcaqanadın insan və ya heyvanın bədənindən sorduğu kimi, öz bədəninə sorarsa və o heyvanın bədənində həzm olunma ərəfəsində olarsa, o qan pak olur və buna intiqal deyilir. Amma müalicə üçün, zəlinin insandan sorduğu qan, onun bədəninin bir hissəsi sayılması mə'lum olmadığından nəcisdir.

Məsələ 204: Əgər insan, bədəninə qonan ağcaqanadı öldürsə və ağcaqanadın ondan çəkdiyi qan xaricə çıxarsa, o qan pakdır. Çünki, o qan ağcaqanadın qidası olmaq ərəfəsində idi. Baxmayaraq ki, qanın sorulması və ağcaqanadın öldürülməsi arasındakı zaman fasiləsi çox az idi, amma o qandan çəkinmək ehtiyat müstəhəbbdir.

7. İslam

Məsələ 205: Əgər kafir olan bir adam kəlmeyi-şəhadəti deyərsə, yə’ni Allahın yeganəliyinə və Xatəmül-Ənbiya Həzrət Muhəmməd ibn Əbdullahın (s.ə.v.v) nübüvvətinə şəhadət versə, hansı dil ilə söyləyərsə söyləsin, müsəlman olar. Onun qabaqcadan hər nə qədər nəcis, olmasına hökm edilirdisə də, müsəlman olduqdan sonra, artıq onun bədəni, ağızının və burnunun suyu və təri pak olar. Amma əgər, müsəlman olduğu zaman, onun bədənində eyni nəcis olarsa, onu aradan qaldırıb, yerini pak etməsi lazımdır. Hətta bədənində olan eyni nəcis, müsəlman olmazdan qabaq aradan aparılmışsa belə, vacib ehtiyat olaraq onun yerini su ilə yumalıdır.

Məsələ 206: Əgər, kafir olduğu zamanda libası yaş halda bədəninə dəymişdirsə, istər müsəlman olduğu zaman o libas üzərində olsun və ya olmasın, vacib ehtiyat olaraq o libasdan çəkinməlidir.

Məsələ 207: Əgər kafir kəlmeyi-şəhadəti deyərsə və insan onun qəlbən müsəlman olub-olmadığını bilməzsə pakdır. Hətta qəlbən müsəlman olmadığını bildiyi halda, ondan söylədiyi kəlmeyi-şəhadətə zidd bir hərəkət görünməzsə də hökm eynidir.

8. Təbəiyyət

Məsələ 208: Nəcis bir şeyin, başqa bir şeyin paklığı vasitəsilə pak olmasına təbəiyyət deyilir.

Məsələ 209: Şərab sirkə olsa, şərabın qabı da qaynadığı halda yetişdiyi yerə qədər pak olur. Onun üzərinə adi qaydada qoyulan bez parçası və başqa bir şey də onun vasitəsi ilə nəcis olmuşsa, o da pak olur. Amma qabın zahirinə şərab dəymişsə, şərabın sirkə olmasından sonra, vacib ehtiyat olaraq ondan çəkinmək lazımdır.

Məsələ 210: İki yerdə kafirin uşağı təbəiyyət yolu ilə pak olur:

1. Bir kafir müsəlman olarsa, onun uşağı da paklıqda ona tabedir. Həmçinin əgər kafir uşağın anası, ya baba və ya nənəsi müsəlman olarsa, uşaq da pak olar. Amma bu təqdirdə, uşağın yeni müsəlmanın yanında və onun kəfaləti altında olması və ondan uşağa daha yaxın olan bir kafir uşağın yanında olmaması lazımdır.

2. Kafir bir uşaq, bir müsəlmana əsir düşsə, onun yanında atası və ya babalarından biri yoxsa pak olur. Amma bu iki halda da uşağın təbəiyyət yolu ilə pak olması üçün, uşaq ağlıkəsəndirsə, kafir olduğunu izhar etməməlidir.

Məsələ 211: Üzərində meyyit yuyulan taxta və ya daş, meyyitin övrət yerinə örtülən parça və meyyitə qüsl verənin əli, meyyitlə yuyulan hər bir şey meyyitin qüslü sona çatdıqdan sonra pak olur.

Məsələ 212: Əgər bir kimsə əli ilə bir şeyi yuyarsa, o şey pak olduqdan sonra onunla birlikdə yuyulan əli də pak olur.

Məsələ 213: Libas və buna bənzər şeylər az su ilə yuyulsa, normal həddə sıxılıb onun yuyulduğu suyu çıxardıqdan sonra, o libasda qalan su pakdır.

Məsələ 214: Az su ilə yuyulan nəcis qabın paklanması üçün onun üzərinə tökülən suyun ayrılmasından sonra, onun üzərində qalan su damlaları pakdır.

9. Eyni nəcisin aradan getməsi

Məsələ 215: Əgər bir heyvanın bədəninə qan kimi eyni nəcis və ya nəcis olan su kimi mütənəccis bulaşsa, onlar aradan getdikdən sonra, o heyvanın bədəni pak olur. İnsanın ağız, burun və qulağın içi kimi bədəninin batini də eyni hökmdədir. Yə’ni kənardan gələn bir nəcasat vasitəsi ilə nəcis olur və onun aradan getməsi ilə də pak olur. Dişlərin arasından gələn qan kimi, bədənin batin hissəsinə aid bir nəcasat bədənin batin hissəsinin nəcis olmasına səbəb olmaz. Həmçinin kənardan bir şey bədənin batinindəki (daxili) nəcasata dəyərsə nəcis olmaz. Buna görə də ağızda olan taxma dişə, digər dişin arasından gələn qan dəyərsə, onu su ilə yumaq lazım deyil, amma əgər nəcis bir yeməyə dəyərsə, onu yumaq lazımdır.

Məsələ 216: Əgər ağızın içinin qanı dişlərin arasında qalan yemək qalıqlarına dəyərsə, onu nəcis etməz.

Məsələ 217: Göz qapaqlarının və dodaqların bağlandığı zaman bir-birinin üzərinə gələn miqdarı, bədənin batin hissəsi hökmündədir. Buna görə onlara kənardan bir nəcis dəyərsə, onu yumaq lazım deyil. Amma əgər bədənin daxili və ya xarici hissəsindən olduğunu bilmədiyi bir yerinə, xaricdən bir nəcis dəyərsə, yumaq lazımdır.

Məsələ 218: Əgər nəcis toz və ya torpaq quru libas, xalça və buna bənzər şeylərə qonsa silkələdikdə ondan yəqin olunan miqdarda toz və torpaq tökülürsə, o pakdır və yumaq lazım deyil.

10. Nəcasat yeyən heyvanın istibrası

Məsələ 219: İnsan nəcasatını yeməyə adət etmiş heyvanın bövl və ğaiti nəcisdir. Onu pak etmək üçün istibra etmək lazımdır. Yə’ni «nəcasat yeyən heyvan» deyilməyəcək qədər bir müddət, onu nəcasat yeməkdən saxlamalı və ona pak yemək verilməlidir. Bu müddətdən sonra ona bir daha «nəcasat yeyən» deyilməsə də, nəcasat yeyən dəvəni qırx gün, inəyi iyirmi gün, qoyunu on gün, qaz və ördəyi yeddi və ya beş gün, toyuğu üç gün nəcasat yeməkdən saxlamaq ehtiyat müstəhəbbdir.

11. Müsəlmanın bir müddət gözdən qeyb olması

Məsələ 220: Əgər baliğ və ya təharət və nəcasəti ağlıkəsən bir müsəlmanın bədəni, libası və ya xalça, qab və s. kimi, istifadə etdiyi bir şeyi nəcis olsa və o müsəlman bir müddət gözdən qeyb olsa, insan o müsəlmanın onu yuduğuna ağılı kəsən bir ehtimal versə pak olar.

Məsələ 221: Əgər insanın özü, nəcis olan bir şeyin pak olduğuna yəqin etsə və ya xatircəm olarsa və yaxud iki adil şəxs şəhadət verərsə və onların şəhadəti pak olmasını göstərərsə, o şey pakdır. Məsələn bövl ilə nəcis olmuş paltarı iki dəfə yumasına şəhadət versələr. Həmçinin, əgər yalançılıqda ittiham edilməyən bir kimsə, öz ixtiyarında olan nəcis bir şeyin pak olduğunu söyləyərsə və ya bir müsəlman nəcis olan bir şeyi paklamaq məqsədi ilə yuyarsa onun düzgün şəkildə suya çəkib-çəkməməsi bilinməsə də, o şey pakdır.

Məsələ 222: İnsanın libasını yumağı öz boynuna götürən (bu işə vəkil olan) bir kimsə, onu yuduğunu söyləyərsə və onun sözündən insana xatircəmlik gələrsə, o libas pakdır.

Məsələ 223: Əgər insanda, nəcis bir şeyi yuyarkən onun pak edildiyinə yəqin etmədiyi bir hal vəsvaslıq halı varsa, camaatın yuduğu normal şəkildə yuyarsa kifayət edər.

12. Normal miqdarda qan axması

Məsələ 224: 94-cü məsələdə açıqlandığı şəkildə, şər’i üsullarla başı kəsilən heyvanın qanı normal miqdarda axdıqdan sonra, onun bədənində qalan qan pakdır.

Məsələ 225: Əvvəlki məsələdə göstərilən hökm vacib ehtiyat olaraq, əti halal olan heyvanlara məxsusdur və əti haram heyvanlara aid deyil.


Oxunub: 2248

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı