www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır! Cavab E-maila da göndərilir!

Risalələr
Ayətullah Məkarim

Dəstəmaz. Dəstəmaz almağın qaydası

Məsələ 256: Dəstəmaz üz və əlləri yumaqdan, başın qabaq hissəsi və ayaqlara məsh çəkməkdən ibarətdir.

Məsələ 257: Üzü alının yuxarı hissəsindən, yə’ni tük bitən hissədən çənənin qurtaracağınadək yumaq lazımdır. Üz orta və baş barmaq əhatə edəcək endə yuyulmalıdır. Əgər bundan az miqdar yuyularsa dəstəmaz batildir. Bu səbəbdən də arxayınlıq olsun deyə deyilən miqdardan bir qədər artıq yumaq yaxşıdır.

Məsələ 258: Orta və baş barmaq arası dedikdə adi barmaqlar nəzərdə tutulur. Əgər bir şəxsin orta və baş barmaqları adi barmaqlardan çox uzun və çox gödəksə barmaqlarını ölçü götürməməli, insanların adətən yuduğu həddə yumalıdır. Saçı çox yuxarıdan və ya çox aşağıdan bitən insanlar başqalarının yuduğu adi həddi gözləməlidir.

Məsələ 259: Üz və əllər elə yuyulmalıdır ki, su bədənin dərisinə çatsın. Əgər dəridə maneə varsa bu maneə aradan qaldırılmalıdır. Hətta maneə olduğu güman edilsə, axtarış aparmaq lazımdır.

Məsələ 260: Saqqalı olan kişilər tüklər arasından üzünün dərisi göründükdə suyu dəriyə çatdırmalıdır. Əgər tüklər arasından dəri görünmürsə tüklərin üzərindən yumaq bəs edir və suyu dəriyə çatdırmaq lazım deyil.

Məsələ 261: Əgər bir şəxs üzündəki tükdən dərinin görünüb-görünməməsinə şübhə edərsə, vacib ehtiyata əsasən, hər ikisini yumalıdır.

Məsələ 262: Burunun içini, dodağın bir hissəsini, qapanarkən görünməyən gözü yumaq vacib deyil.

Məsələ 263: Üzü yuduqdan sonra sağ qolu dirsəkdən barmaqların ucunadək yumaq lazımdır. Sonra isə sol qol eyni qayda ilə yuyulur.

Məsələ 264: Üzü və qolları yuxarıdan aşağıya yumaq lazımdır. Onları aşağıdan yuxarıya yuduqda dəstəmaz batil olur.

Məsələ 265: Əgər əlin yaşlığı elə bir həddə olarsa ki, onun üzə və əllərə çəkilməsinə yumaq deyilsin, belə bir yumaq bəs edir.

Məsələ 266: Dirsəyin tam yuyulmasına əmin olmaq üçün onu bir qədər yuxarıdan yumaq lazımdır.

Məsələ 267: Adətən, üzü yumazdan öncə əlləri yuyurlar. Amma əllərin üzdən öncə yuyulması dəstəmaz üçün bəs etmir. Üz yuyulduqdan sonra sağ və sol qollar yuyularkən əllər də yuyulur. Əgər üzü yuduqdan sonra qolu əl topuğunadək yusalar dəstəmaz batildir.

Məsələ 268: Dəstəmazda üzü və əlləri bir dəfə yumaq vacibdir. Vacib ehtiyata əsasən, üz və əllər ikinci dəfə yuyulmamalıdır. Üçüncü dəfə və daha artıq yumaq isə haramdır. Birinci dəfə yumaq dedikdə üz və qolların bir və ya bir neçə ovuc su ilə tam yuyulması nəzərdə tutulur. Üzvlər tam yuyulduqdan sonra bir dəfə sayılır.

Məsələ 269: Qolları yuduqdan sonra əldə qalmış dəstəmaz suyu ilə başın qabaq hissəsinə məsh çəkilir. Vacib ehtiyata əsasən, məsh sağ əllə çəkilməlidir. Yaxşı olar ki, məsh yuxarıdan aşağıya çəkilsin. Amma aşağıdan yuxarıya məsh çəkmək də olar.

Məsələ 270: Alının yuxarısında başın ön hissəsi məsh yeridir. Bu hissənin istənilən qədərinə məsh çəkmək bəs edir. Amma müstəhəb ehtiyat budur ki, uzununa bir barmaq uzunluqda, eninə üç yanaşı barmaq qədər məsh çəkilsin.

Məsələ 271: Başın dərisinə və ya onun tüklərinə məsh çəkmək olar. Amma bir şəxs saçını daradıqda tüklər üzünü örtürsə və ya başın digər yerlərinə çatırsa tüklərin dibinə məsh çəkməlidir. Yaxşı olar ki, dəstəmazdan öncə başın orta hissəsi ayrıcla açılsın. Belə etdikdə sol əli yuduqdan sonra saç və ya onun dərisinə rahatlıqla məsh çəkmək olur.

Məsələ 272: Başa məsh çəkdikdən sonra ayaqlara məsh çəkmək növbəsi çatır. Əldə qalan rütubətlə ayaqlara barmaqların başından ayağın dik hissəsinə qədər məs çəkilir. Vacib ehtiyata əsasən, oynağa qədər məsh çəkmək lazımdır.

Məsələ 273: Sahə baxımından barmaq ölçüsündə məsh çəkmək kifayatdir. Amma yaxşı olar ki, üç bağlı barmaq enində məsh çəkilsin. Amma ayağın üzərinə tam şəkildə bütün əlin içi ilə məsh çəkmək daha yaxşıdır. Əli ayağın üzərinə qoyub azca çəkmək bəs edər.

Məsələ 274: Baş və ayaqlara məsh çəkmək üçün əli onların üzərinə qoyub başı və ya ayaqları hərəkət etdirmək vacib ehtiyata əsasən, dəstəmazı batil edir. Amma məsh çəkən zaman baş və ayağın azca tərpənməsinin eybi yoxdur.

Məsələ 275: Məsh yeri quru olmalıdır. Amma məsh yerində azca rütubət olarsa və məsh zamanı əlin suyu üstünlük təşkil edərsə bunun eybi yoxdur.

Məsələ 276: Əgər əldəki rütubət qurusa, onu başqa üzvlərdəki dəstəmaz suyu ilə isladıb məsh çəkmək olar. Amma kənar su ilə bu işi görmək olmaz. Əgər əldəki rütubət yalnız başa məsh çəkməyə bəs edirsə, başa məsh çəkdikdən sonra digər üzvlərdə əli islatmaq olar.

Məsələ 277: Məsh ayağın dərisinə çəkilməlidir. Corabın və ya ayaqqabının üzərindən məsh çəkmək olmaz. Amma təqiyyə halında, soyuqdan və ya oğurluq qorxusundan corab və ayaqqabını çıxarmaq mümkün olmadıqda onların üzərindən məsh çəkmək olar. Ayaqqabının üzəri murdar olarsa onun üzərinə bir şey atıb onun üzərinə məsh çəkmək olar.

Məsələ 278: Ayağın üzü murdar olduqda və onu suya çəkmək mümkün olmadıqda, vacib ehtiyata əsasən, onun üzərinə pak bir şey qoyub həmin şeyin üzərində məsh çəkmək və sonradan təyəmmüm etmək lazımdır.


Oxunub: 1299

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı