www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır! Cavab E-maila da göndərilir!

Risalələr
Ayətullah Məkarim

Təyəmmümün hökmləri

Məsələ 649: Dəstəmaz əvəzinə təyəmmümlə qüsl əvəzinə təyəmmüm arasında fərq yoxdur. Amma müstəhəb ehtiyat budur ki, qüsl əvəzinə təyəmmümdə əllər ikinci dəfə yerə vurulsun və sol əl sağ əlin arxasına, sağ əl sol əlin arxasına çəkilsin.

Məsələ 650: Təyəmmümdə bütün alın və əllərin arxasına məsh çəkilməlidir. Əgər azca bir hissəsinə məsh çəkilməsə təyəmmüm batildir. Bu işin bilərəkdən və ya unutqanlıqdan olmasının fərqi yoxdur. Amma həddən ziyada diqqət də lazım deyil. Bütün alına və əllərin arxasına məsh çəkilməsinin söylənilməsi bəs edər.

Məsələ 651: Bütün alın və əllərin üzərinə məsh çəkildiyinə arxayın olmaq üçün onların ətrafını da məshə daxil etmək lazımdır. Amma barmaqların arasına məsh çəkmək lazım deyil. Vacib ehtiyat budur ki, alına və əllərin arxasına yuxarıdan aşağıya məsh çəkilsin. Təyəmmümdəki işlər ardıcıl yerinə yetirilməlidir. Əgər arada təyəmmüm şəklini pozacaq fasilə verilərsə təyəmmüm batildir.

Məsələ 652: Niyyətdə qüsl, yoxsa dəstəmaz əvəzinə təyəmmüm edildiyini müəyyənləşdirməyə ehtiyac yoxdur. Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu işin görülməsi bəs edər. Allahın əmrini yerinə yetirmək məqsədi ilə bu işi gördükdə birinin əvəzinə o birini niyyət etməyin eybi yoxdur və təyəmmüm düzgündür.

Məsələ 653: Vacib ehtiyata əsasən, təyəmmüm üzvləri və əllərin içi pak olmalıdır. Amma əlin içi murdar olduqda və onu suya çəkmək mümkün olmadıqda, həmin vəziyyətdə təyəmmüm edilir.

Məsələ 654: Təyəmmüm edərkən təyəmmüm üzvlərində olan maneələri təmizləmək lazımdır. Əgər barmaqda üzük varsa onu çıxarmaq lazımdır. Hətta alını örtmüş saç kənarlaşdırılmalıdır. Hər hansı maneə olduğu ehtimal edildikdə axtarış aparmaq lazımdır.

Məsələ 655: Əgər alında, əllərin arxasında və ya içində yara varsa və yaraların örtüldüyü parçanı açmaq mümkün deyilsə, müəyyən zərəri varsa, həmin halda təyəmmüm edilməlidir.

Məsələ 656: Özü təyəmmüm etməyə qadir olmayan şəxs naib tutmalıdır. Yə’ni bir şəxs onun əllərini torpağa vurmalıdır. Mümkün olmadıqda əlləri torpağa qoyulur, sonra öz əli ilə təyəmmüm edilir. Bu da mümkün olmasa, naib özü təyəmmüm ediləcək şeyə əlini vurub həmin şəxsin alnına və əllərinə çəkir.

Məsələ 657: Təyəmmümü başa çatdırdıqdan sonra onun düzgün yerinə yetirilib-yetirilmədiyinə şübhə yaranarsa, bu şübhələrə əhəmiyyət verilmir. Əgər təyəmmüm gedişində şək yaranarsa vacib ehtiyat budur ki, şübhəli hissəni yenidən yerinə yetirsin.

Məsələ 658: Vəzifəsi təyəmmüm olan şəxs namaz vaxtından öncə təyəmmüm edə bilməz. Amma vacib və ya müstəhəb bir iş üçün təyəmmüm edərsə, namazadək üzrü yerində qalsa, həmin təyəmmümlə namaz qıla bilər.

Məsələ 659: Vəzifəsi təyəmmüm olan şəxs əmin olsa və ya ehtimal etsə ki, vaxtın sonunadək üzrü yerində qalacaq, əvvəl vaxtda təyəmmüm edə bilər. Amma əmin olsa ki, son vaxtadək üzrü aradan qalxacaq, vacib ehtiyata əsasən, gözləməlidir.

Məsələ 660: Təyəmmümlə namaz qılan şəxs qəza namazlarını da təyəmmümlə qıla bilər. Amma üzrünün tezliklə aradan qalxacağını bilərsə səbr etməlidir. Vacib ehtiyata əsasən, üzrünün aradan qalxmasına ümid etdikdə, gözləməlidir.

Məsələ 661: Dəstəmaz ala bilməyən və ya qüsl verə bilməyən şəxs müstəhəb namazları təyəmmümlə qıla bilər. Hətta gecə namazı üçün vaxt dar olduqda təyəmmüm etmək mümkündür.

Məsələ 662: Bir şəxs su olmadığından və ya başqa bir səbəblə təyəmmüm etsə, sonradan su tapsa və ya üzrü aradan qalxsa, təyəmümü öz-özünə batil olur.

Məsələ 663: Dəstəmazı batil edən işlər dəstəmaz əvəzinə təyəmmümü də batil edir. Qüslü batil edən işlər qüsl əvəzinə təyəmmümü də batil edir.

Məsələ 664: İnsana bir neçə qüsl vacib olarsa və qüsl verə bilməzsə, bütün qüsüllərin əvəzinə bir təyəmmüm bəs edər.

Məsələ 665: Əgər qüsl əvəzinə təyəmmüm edilərsə, dəstəmaz almaq və ya dəstəmaz əvəzinə təyəmmüm etmək lazım deyil. Bu qüsl cənabət qüslü və ya başqa bir qüsl ola bilər. Müstəhəb ehtiyat budur ki, başqa qüsüllərdə dəstəmaz alsın. Dəstəmaz ala bilməsə dəstəmaz əvəzinə təyəmmüm etsin.

Məsələ 666: Qüsl əvəzinə təyəmmüm edən şəxs sonradan dəstəmazı pozan bir iş görsə, sonrakı namazlar üçün yalnız dəstəmaz almalıdır. Dəstəmaz ala bilməsə onun əvəzinə təyəmmüm edir.

Məsələ 667: Vəzifəsi təyəmmüm olan şəxs başqa bir iş üçün təyəmmüm etsə, təyəmmümü və üzrü gücündə qalanadək dəstəmaz və qüsl tələb edən bütün işləri görə bilər. hətta vaxt dar olduğundan təyəmmüm edərsə, bu təyəmmümlə Qur’an xəttinə toxuna bilər və dəstəmaz tələb edən başqa işləri görə bilər.

Məsələ 668: Təyəmmümlə qılınan namazların qəzasını yerinə yetirmək lazım deyil. Amma bir neçə halda müstəhəb ehtiyat budur ki, həmin namazlar təzələnsin:

1. Su olmayan və ya suyun zərərli olduğu vaxtlarda özünü cünub etmiş insanın təyəmmümlə qıldığı namazlar.

2. İnsanın bilərəkdən su axtarışına getməyib vaxt dar olan zaman təyəmmümlə qıldığı namazlar (sonradan anlayır ki, axtarış aparsaydı su tapardı).

3. Yaxında su olmadığını bildiyi halda əlində olan suyu boş yerə işlədən insanın təyəmmümlə qıldığı namazlar.


Oxunub: 1106

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı