www.Cavab-al.com

Suallarınıza mərcei-təqlidlərin dəftərxanalarından cavab alınır!

Risalələr
Ayətullah Vəhid

Təqlidin hökmləri

Məsələ: 1. İnsanın üsuli-dinə əqidəsi elm əsasında olmalıdır və üsuli-dində təqlid etmək (yə`ni elm hasil olmadan başqasının dediyinə tabe olmaq) batildir. Ancaq üsuli-dindən savayı, zəruri və qəti olmayan hökmlərində, həmçinin, istinbata ehtiyacı olan məsələlərdə (mükəlləf) şəxs ya özü müctəhid olmalı və öz vəzifəsini onun mənbələri əsasında ələ gətirsin, ya bir müctəhidin göstərişinə əməl etsin (onun şərtləri irəlidə gələcəkdir, ya da ki, gərək ehtiyata əməl etsin, yə`ni, elə əməl etsin ki, öz vəzifəsini yerinə yetirmiş olduğuna yəqin etsin. Məsələn: əgər müctəhidlərdən bə`ziləri müəyyən bir əməli haram bilsələr, bə`ziləri isə haram bilməsə, gərək həmin əməli tərk etsin. Lakin əgər bə`ziləri bir əməli vacib, bə`ziləri isə caiz bilsələr, həmin əməli yerinə yetirsin. Deməli, müctəhid olmayan və ehtiyata əməl edə bilməyənlər gərək təqlid etsinlər.

Məsələ: 2. Əvvəlki məsələdə qeyd olunan təqlid – müctəhidin göstərişinə əməl etməkdir. O müctəhidin nəzəri (sözü) müqəllid üçün höccətdir ki, kişi, aqil, on iki imamçı şiə, halalzadə, diri – hətta şəxs, müməyyiz olan (yaxşı ilə pisi ayıran) vaxtda müctəhidin sağlıqını görmüş olsa belə – ədalətli və vacib ehtiyata görə həddi-buluğa çatmış olmalıdır.

Vacib işləri yerinə yetirən və haram işləri tərk edən adama "ədalətli" deyirlər. Ədalətli olmağın əlaməti şəxsin zahirdə o qədər yaxşı olmasıdır ki, onun yaşadığı məhəllənin camaatından, yaxud qonşularından, yaxud da onunla oturub-duran, yaxın münasibətdə olanlardan onun vəziyyətini soruşduqda, yaxşı adam olmasını təsdiq etsinlər.

Şəxsin təqlid etdiyi müctəhid qarşıya çıxan məsələlərdə fətva verməkdə müctəhidlər arasında fikir ayrılığı olduğunu ümumi (icmali) elm şəklində belə, bildiyi surətdə gərək ə`ləm olsun. Yəni, əql və şəriət baxımından Allahın hökmünü və tə`yin olunmuş vəzifələri dərk etməkdə öz zəmanəsinin bütün müctəhidlərindən üstün olsun. Amma əgər qeyri-ə`ləm müctəhidin buyruğu (fətvası) ehtiyatla üst-üstə düşsə, (onda belə qeyri-ə`ləmə təqlid etmək lazımdır.)

Məsələ: 3. Müctəhidi və ə`ləmi bir neçə yolla tanımaq olar:

a) İnsanın özü yəqin etsin. Məsələn, elə bir elmi dərəcədə olsun ki, müctəhidi və ə`ləmi tanıya bilsin.

b) Müctəhidi və ə`ləmi ayırd edə bilən iki nəfər ədalətli və alim kəs bir şəxsin müctəhid və ya ə`ləm olmasını təsdiq etsinlər. Bu şərtlə ki, digər iki nəfər ədalətli alim onların sözü ilə müxalifət etməsinlər. Əqva nəzərə görə ictihad və ə`ləmlik sözünün əksinə zənn olunmadığı halda bir nəfər siqə (e`timadlı) və xəbir (bu məsələlərdən agah olan) şəxsin dediyi ilə sübut olunur.

c) Müctəhidi və ə`ləmi tanıya bilən, sözlərindən xatircəmlik hasil olan bir dəstə elm əhlinin, bir kəsin müctəhid və ya ə`ləm olmasını təsdiq etməsi.

Məsələ: 4. Əgər (mükəlləf) şəxs, qarşıya çıxan məsələlərdə iki və yaxud bir neçə müctəhid arasında ixtilaf olduğunu-hətta ümumi şəkildə olsa belə – bilsə, onların elmdə bərabər səviyyədə olmasını bilsə və ya şər`i baxımdan bir dəlili olsa, onda fətvası ehtiyata uyğun olan müctəhidin fətvasına əməl etməlidir. Amma əgər o müctəhidlərdən heç birinin fətvası ehtiyata uyğun olmasa, məsələn; Müctəhidlərdən biri namazın qəsr, digəri isə tamam qılınmasına dair fətva versə bu halda hər ikisinə əməl etməklə ehtiyat etməlidir.

Əgər ehtiyat etmək mümkün olmazsa, (məsələn, bir müctəhid hər hansı bir əməlin vacibliyinə, digəri isə haram olmasına dair fətva versə), yaxud (ehtiyata əməl etmək) çətin olsa, fətva verməkdə təqvası (vərə`si) daha çox olan müctəhidin fətvasına əməl etməlidir. Əgər bu məqamda da bərabər olsalar, müqəllid onların hər birinin fətvasına əməl etməkdə ixtiyar sahibidir.

Həmçinin, bundan qeyri hallarda: istər ə`ləm müctəhidin varlığı mə`lum olub, özü müəyyən olmasa istərsə də ə`ləm müctəhidin varlığına ehtimal verilsə əgər ehtiyat etmək mümkündürsə və məşəqqət də yoxdursa, ehtiyat etməlidir.

Əgər ehtiyat mümkün olmazsa və ya məşəqqət olsa, ə`ləm müctəhidin varlığı mə`lum olub, amma özü müəyyən olmasa, bu halda bir tərəfin ə`ləm olmasına daha çox ehtimal verilərsə, onun fətvasına əməl olunmalıdır. Əgər (elmdə) bərabər olsalar, ehtiyata görə fətva məqamında təqvası daha çox olanın fətvasına əməl olunmalıdır. Əgər fətva məqamındakı təqvada da bərabər olsalar, bu zaman müqəllid hər hansı birinə təqlid etməkdə ixtiyar sahibidir.

Ə`ləm müctəhidin varlığına ehtimal verilirsə, ehtiyata görə ə`ləm olmasına güman etdiyi, yaxud ehtimal verdiyi, yaxud ə`ləmiyyət ehtimalı güclü olan müctəhidin fətvasına əməl etməlidir. Əks halda isə, ehtiyata görə gərək fətva məqamında daha təqvalı olanın fətvasına əməl etməlidir. Bu cəhətdən bərabər olsalar, hər birinə təqlid etməkdə ixtiyar sahibidir.

Məsələ: 5. Müctəhidin fətvasını dörd yolla ələ gətirmək olar:

a) Müctəhidin özündən eşitməklə;

b) Müctəhidin fətvalarını nəql edən iki ədalətli şəxsdən eşitməklə;

c) E`timadlı olan və dediyinin əksinə zənn olunmayan şəxsdən və ya sözünə əmin olduğu şəxsdən eşitməklə;

d) Fətvaları müctəhidin öz risaləsində görməklə. Bu şərtlə ki, risalənin düzlüyünə arxayınlıq olsun.

Məsələ: 6. İnsan, müctəhidin fətvasının dəyişdiyinə yəqin etməyənədək ona əməl edə bilər. Müctəhidin fətvasının dəyişməsinə (sadəcə) ehtimal versə axtarış aparmaq lazım (vacib) deyil.

Məsələ: 7. Ə`ləm bir müctəhid hər hansı bir məsələdə fətva verdiyi halda vəzifəsi ona təqlid etmək olan kəs o məsələdə başqa bir müctəhidin fətvasına əməl edə bilməz. Amma əgər ə`ləm müctəhid bir məsələdə fətva verməyib: “Ehtiyat budur ki, filan cür əməl olunsun. Məsələn, ehtiyat budur ki, namazın üçüncü və dördüncü rükətində üç dəfə "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər" deyilsin”, -deyə, buyursa müqəllid ya "vacib ehtiyat" deyilən bu ehtiyata əməl etməli, ya da təqlid etdiyi müctəhiddən sonrakı növbədə başqalarından ə`ləm olan və təsbihatın bir dəfə deyilməsini kifayət olduğunu deyən müctəhidin fətvasına əməl etməlidir. Habelə,ə`ləm müctəhid "məsələ məhəlli-təəmmül və yaxud məhəlli-işkaldır" - deyə buyurduqda, da eynilə.

Bu risalədə deyilmiş müstəhəb əməllərin yerinə yetirilməsi və məkruh əməllərin tərk olunması ilə bağlı olan hökmlər "rəca" (savaba ümid) qəsdilə yerinə yetirilməlidir.

Məsələ: 8. Ə`ləm müctəhid bir məsələdə fətva verəndən sonra və yaxud fətvadan əvvəl ehtiyat etsə, (məsələn, desə ki, nəcis qabı kürr suda bir dəfə yumaqla pak olur baxmayaraq ki, ehtiyat üç dəfə yumaqdır) onun müqəllidi "müstəhəb ehtiyat" adlanan bu ehtiyata əməl etməyə bilər.

Məsələ: 9. Şəxsin təqlid etməyə vəzifəli olduğu müctəhid dünyasını dəyişsə, bu halda diri bir müctəhidin dünyasını dəyişmiş müctəhiddən ə`ləm olması o şəxs üçün sübuta yetsə, qarşıya çıxan məsələlərdə ölü müctəhidlə diri müctəhidin fətvaları arasında ixtilaf olmasını ümumi (icmali) şəkildə olsa belə bilsə, diri müctəhidə təqlid etməsi vacibdir.

Amma əgər ölü müctəhidin ə`ləm olması onun üçün sübuta yetərsə diri müctəhidin ə`ləm olması onun üçün sübuta yetməyincə ölü müctəhidin fətvasına əməl etməlidir, istər ölü müctəhidin sağlığında onun fətvalarına əməl etməyə iltizamlı olmuş olsun, istərsə də olmasın; həmçinin, istər onun fətvasına əməl etmiş olsun, istərsə də əməl etməmiş olsun; istər onun fətvalarını öyrənmiş olsun, istərsə də yox.

Məsələ: 10. Bir məsələdə şəxsin vəzifəsi diri müctəhidə təqlid etmək olmuşsa, yenidən ölü müctəhidə təqlid edə bilməz.

Məsələ: 11. İnsanın adətən, qarşısına çıxan məsələləri öyrənməsi vacibdir.

Məsələ: 12. Şəxsin qarşısına, hökmünü bilmədiyi bir məsələ çıxdıqda ya ehtiyat etməli, ya da yuxarıda deyilmiş şərtlər daxilində təqlid etməlidir. Amma əgər qarşıya çıxan məsələlərdə qeyri-ə`ləm müctəhidin ə`ləm müctəhidlə müxalifətini, hətta ümumi (icmali) şəkildə belə bilsə, ə`ləm müctəhidin fətvasını əldə edə bilməsə, ə`ləm müctəhidin fətvasını əldə edənə qədər əməli tə`xirə salmaq və ehtiyata da əməl etmək mümkün olmazsa, yaxud hərəc (çətinlik) olsa, qeyri- ə`ləm müctəhidə təqlid edə bilər.

Məsələ: 13. Əgər bir kəs müctəhidin fətvasını başqasına demiş olsa, bu halda əgər müctəhidin fətvası dəyişsə fətvanın dəyişmə xəbərini həmin şəxsə çatdırmaq lazım (vacib) deyil. Amma fətvanı başqasına deyəndən sonra səhv dediyini başa düşsə, bu halda ilzami (vacib) hökmlə müxalifətə səbəb olarsa, mümkün olan surətdə gərək səhvi aradan qaldırsın.

Məsələ: 14. Mükəlləfin bir müddət təqlidsiz olaraq yerinə yetirdiyi əməllər vəzifəsi hal-hazırda təqlid etməli olduğu müctəhidin fətvası ilə və ya gerçəkliklə müvafiq olarsa düzgündür.


Oxunub: 2161

dəfə

.
Saytlar
Ayətullah Xameneinin rəsmi saytı Ayətullah Sistaninin rəsmi saytı Ayətullah Məkarimin rəsmi saytı Ayətullah Vəhidin rəsmi saytı Ayətullah Fazilin rəsmi saytı Ayətullah Behcətin rəsmi saytı